“Vaqner” Çindən dəbilqə alır – Afrikadakı brokerlər Pirqojinə yardım edir
21-05-2023, 09:04

“PMC Vaqner” terrorçu qruplaşması sanksiyalara baxmayaraq, vasitəçi şirkət vasitəsilə ötən ilin sonunda Çindən 20 min qoruyucu dəbilqə alıb.
“AzPolitika.info” xəbər verir ki, bu barədə “Financial Times” gömrük bəyannamələrinə istinadən xəbər verir.
Qəzetin yazdığına görə, Rusiyanın “Broker Expert” şirkəti Çindəki kiçik bir şirkətdən təxminən iki milyon dollar dəyərində dəbilqə göndərilməsini sifariş verib. Bu, Ukraynaya qarşı müharibədə iştirak etmək üçün mıəhbusların cəlb edilməsi fonunda baş verib.
“Financial Times” qeyd edir ki, Çin şirkəti dəbilqələrin oyun üçün nəzərdə tutulduğunu bildirib, lakin təfərrüatları açıqlamayıb. Bəyannamələrdə o da bildirilir ki, ləvazimat hərbi məqsədlər üçün nəzərdə tutulmayıb. Təchizatçının nümayəndəsi jurnalistlərlə söhbətində qeyd etdi ki, “Broker Expert”, “PMC Vaqner" və onun yaradıcısı Yevgeni Priqojin haqqında heç nə bilmir.
Priqojinin nümayəndələri “Financial Times”a bildiriblər ki, iş adamı “Broker Expert”in varlığından xəbərsizdir. Lakin nəşr müəyyən edib ki, sözügedən firma Kamerun limanı vasitəsilə Afrikadakı PMC-lərə mal tədarük edir.
Rusiya gömrük bəyannamələrinə əsasən, “Broker Expert” elektrik generatorları, qaynaq elektrodları və odadavamlı izolyasiya materiallarını ötən ilin avqustunda Mərkəzi Afrika Respublikasındakı Priqojin tərəfindən idarə olunan ağac kəsmə şirkətinə göndərib.
“Broker Expert” qəzetin şərh üçün göndərdiyi sorğuya cavab verməyib. Şirkətin fəaliyyətinin rəsmi təsvirində onun kəşfiyyat və tikinti üçün avadanlıqların tədarük etdiyi bildirilir.