Xüsusi tribunal 20-yə yaxın rusiyalı rəsmini mühakimə etməlidir – Ukrayna XİN
18-08-2023, 15:23

Rusiyanın Ukraynaya qarşı cinayətləri üzrə Xüsusi Tribunal Rusiya Federasiyasının siyasi və hərbi rəhbərliyinin 20-yə yaxın nümayəndəsini məsuliyyətə cəlb etməlidir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Ukrinform”a Ukrayna Xarici İşlər Nazirliyinin xüsusi tapşırıqlar üzrə səfiri Anton Korineviç bildirib.
"Təcavüz cinayəti elitar cinayətdir, onu yalnız vəzifədə olan və ya faktiki olaraq işğalçı müharibənin aparılmasına göstəriş verə bilən şəxslər törədə bilər. Yəni, yəqin ki, kimin məsuliyyətə cəlb edilməsi ilə bağlı qərarı tribunal verəcək, hakimlər verəcək... Bu, 20 nəfər ola bilər - Rusiya Federasiyasının yüksək səviyyəli siyasi və hərbi rəhbərliyi", - Korineviç bildirib.
Onun sözlərinə görə, bunlar Ukraynaya qarşı təcavüzlə bağlı qərar qəbul edən Rusiya Təhlükəsizlik Şurasının daimi üzvləri, eləcə də bu qərarın icrası üçün addım atanlar – hərbi bölmələrin, Milli Qvardiyanın, Rusiya Federasiyasının Silahlı qüvvələrinin komandirləri ola bilər.
Eyni zamanda, diplomatın vurğuladığına görə, bu o demək deyil ki, cəza Rusiya Federasiyasının şərti 20 yüksək vəzifəli məmuru ilə məhdudlaşacaq və digərləri məsuliyyətə cəlb edilməməlidir.
"Onlar sadəcə digər cinayətlərə, xüsusən də hərbi cinayətlərə, insanlıq və soyqırıma qarşı cinayətlərə görə - Ukraynanın və dünyanın digər ölkələrinin milli məhkəmələrində və ya Beynəlxalq Cinayət Məhkəməsində mühakimə edilməlidirlər. Yəni, təcavüz cinayətinin elitar cinayət olması və təbii ki, çoxlu sayda insanın buna görə cəzalandırılmayacağı o demək deyil ki, Rusiya hərbi cinayətkarlarının əsas hissəsi –minlərlə adam cəzasız qalacaq”, - deyə XİN-in xüsusi tapşırıqlar üzrə səfiri yekunlaşdırıb.