Ekvador Çin ilə müqavilə bağlayıb -banan ixracı 50% artacaq
8-02-2024, 13:18
Ekvadordakı banan istehsalçıları, Cənubi Amerika ölkəsinin Çinlə azad ticarət müqaviləsi bağladıqdan sonra ixracın 50% artacağını gözləyirlər.
Marja xəbər verir ki, bu barədə çərşənbə günü Ekvador Banan İxracatçıları Assosiasiyası özünün X (keçmiş Twitter) səhifəsində məlumat yayıb.
"Çin ilə ticarət sazişi təsdiqləndi! İlk beş ildə banan ixracı 50% artacaq", - məlumatda deyilir.
Çərşənbə günü səhər Ekvador Milli Assambleyası Çin ilə azad ticarət sazişini ratifikasiya edib. Sazişin məqsədləri ixracın genişləndirilməsi, iqtisadi artımın təmin edilməsi, iş yerlərinin yaradılması və investisiyaların təşviq edilməsidir.
İki ölkə arasında azad ticarət sazişi üzrə danışıqlar 2022-ci ilin fevralında başlayıb və 12 ay sonra iştirakçılar məsləhətləşmələrin başa çatdığını elan ediblər. Sənəd 2023-cü ilin mayında imzalanıb.