Avropada “Tesla” satışları çökdü
Bu gün, 11:38

Aprel ayında Avropa ölkələrində “Tesla” elektrik avtomobillərinin satışı son iki il və ya daha çox müddətdə ən aşağı səviyyəyə düşüb.
Bu barədə CNN məlumat yayıb.
Xüsusilə, Almaniyada onlar 46 faiz azalaraq 885 ədədə, Böyük Britaniyada isə 62 faiz azalaraq 512 avtomobilə düşüb.
Bildirilib ki, amerikalı istehsalçının nəticələri İsveçdə (mənfi 80,7 faiz), Niderlandda (mənfi 73,8 faiz) və Danimarkada (67,2 faiz) daha da kəskin düşüb. Fransada şirkət satışlarının 59,4 faizini, Portuqaliyada isə 33 faizini itirib.
Elektrikli avtomobil bazarının 28 faiz artmasına baxmayaraq, “Tesla”nın Avropadakı satışları birinci rübdə 37,2 faiz azalıb. İstehsalçının qlobal satışları 13 faiz azalıb, nəticədə analitiklər modelin qocalması və İlon Maskın şəxsiyyəti ilə əlaqələndirirlər.
Xatırladaq ki, ötən ilin ortalarından etibarən “Tesla”nın baş direktoru ABŞ-nin siyasi həyatında fəal iştirak edir. O, prezident seçkilərində Respublikaçı namizəd Donald Trampı dəstəkləyib və qələbəsindən sonra onun əsas müttəfiqlərindən birinə çevrilib. Trampın andiçmə mərasimində Mask nasist salamını xatırladan jest edib və daha sonra Avropanın ifrat sağçı partiyalarına, o cümlədən tanınmış ekstremist Almaniya üçün Alternativ partiyasına dəstəyini açıq şəkildə bildirib. \\Yeniavaz.com