Erməni rejissor: “Sərkisyan bu gecə 1915-ci ili təkrarladı”
23-06-2015, 16:18
“İndiyə qədər belə qəbul olunurdu ki, erməni xalqı sosial problemlərə görə heç vaxt qiyama qalxmır, bu xalq yalnız milli təhlükəsizliyə təhlükə yarananda ayağa durub səfərbər olur.
Demək olar ki, tamamilə Rusiya şirkətlərinin mülkiyyətinə verilmiş erməni iqtisadiyyatının uzun illər ərzində talan edilməsinin, nəqliyyat, rabitə və energetika sahələrindəki korrupsiyanın əsasında məhz bu nəzəriyyə dayanır. Nəticədə bütün bunlar dövlətin şantajı kimi görünməyə başlamışdı: Rusiya mifik borclar adı ilə Ermənistanın əmlakını dumanlı müdafiə və yardım vədləri əvəzində müsadirə edər. Bəs müdafiə necə oldu? Azərbaycana 4 milyard dollarlıq ən yeni silahlar satıldı. Yardım isə Ermənistanda kommunal xidmətlərin görünməmiş dərəcədə bahalaşmasına çevrildi”.
Bunu virtualaz.org saytına açıqlamasında tanınmış erməni kinorejissoru və ictimai xadimi Tiqran Xzmalyan deyib.
T.Xzmalyan iyunun 23-nə keçən gecə İrəvanda baş vermiş gərgin hadisələri şərh edərkən deyib ki, o, özü də həmin inqilabi gecəni Azadlıq meydanında keçirib.
Digər ermənilər kimi T.Xzmalyan da son 5-6 ildə ölkədə elektrik enerjisinin qiymətinin 400 faiz artmasından, qazın xalqa “Qazprom”un törəmə müəssisəsi tərəfindən müharibə şəraitində olan Ukraynadakından da 40 faiz baha satılmasından dəhşətə gəlib: “Bunun fonunda Rusiya KİV-lərinin “Vaşinqtonun əli” barədəki uydurması aşkar həyasızlıqdır. Ermənistanı boğan Rusiya enerji şirkətlərinin özləri də bu halda ABŞ-ın marionetinə çevrilir. Ötən gecə İrəvanda baş verənlər 1915-ci ildə yaşananların qara təkrarıdır. Polislərin əynindəki üstü erməni dilində yazılı formalar bu qara rəngi bir az da tündləşdirirdi”.
Kinorejissor bildirib ki, etiraz aksiyasında faktiki olaraq heç bir siyasi partiya və hərəkat iştirak etməyib: “Yalnız sovet dövrünün dissidenti Paruyr Ayrikyanın partiyası iştirak edirdi. Onun tərəfdarları meydana Avropa İttifaqının bayraqları ilə gəlmişdi. Lakin mülki geyimdə olan KQB agentləri onları fitə basdı. Bu agentlər sosial etirazların siyasi etirazlara çevrilməməsi üçün əllərindən gələni etdilər”.
T.Xzmalyan deyib ki, təhlükə və rifah barədəki fikirlər ermənilərin beynində bir-birinə qarışıb: “Cəmiyyət hələ indi-indi zorla dərk edir ki, əsas təhlükə bahalıq və korrupsiya yox, müstəqilliyin itirilməsi ehtimalıdır, Ermənistanın Kremldən tam iqtisadi və siyasi asılılığıdır. Bununla belə nümayişçilərin başı üzərində bir sözdən - “Milliləşdirmə” sözündən ibarət şüarlar görünməyə başlayır. Gənclər vəziyyəti zombiləşmiş siyasətpərdazlardan daha yaxşı görür və düzgün qiymətləndirir”.