İsrail Amerikanın İranla nüvə razılaşmasına qarşı: müharibə olacaqmı

4-04-2015, 15:13           
İsrail Amerikanın İranla nüvə razılaşmasına qarşı: müharibə olacaqmı İsrail baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Barak Obama ilə telefon danışığında İranla “Altılar” qrupu (BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü+Almaniya) arasında aprelin 2-də axşam İsveçrənin Lozanna şəhərində aylarla sürən üzücü danışıqlardan sonra əldə edilmiş nüvə razılaşmasını kəskin pisləyib.

Virtualaz.org xəbər verir ki, Ağ Evin mətbuat xidməti prezident Obamanın Lozanna razılaşmasını ilk dəfə İsrail baş naziri ilə müzakirə etdiyini açıqlayıb. Netanyahu bildirib ki, bu razılaşma İsrailin mövcudluğunu təhdid edəcək.

Ağ Evdən yayılan açıqlamaya görə Amerika tərəfinin təşəbbüsü ilə baş tutan telefon danışığı zamanı Lozanna anlaşmasının detalları müzakirə olunub. Netanyahu bildirib ki, İsrail əldə edilmiş razılaşmaya qətiyyətlə qarşı çıxır.

Lakin ABŞ prezidenti əminlik ifadə edib ki, əldə edilmiş razılaşma çərçivəsində Tehranın nüvə silahı istehsal etmək imkanı qalmır. Ağ Ev rəhbəri Tehranın bundan əvvəl Qərblə əldə etdiyi bütün razılaşmaları yerinə yetirdiyini və nüvə obyektlərində təftişləri artırmağa imkan verdiyini deyib. Obama deyib ki, əgər İran Vaşinqtonu aldatmağa cəhd etsə “dünya bu haqda biləcək”. ABŞ prezidenti həmçinin İrana qarşı terror təşkilatlarını dəstəkləməyə görə tətbiq edilmiş sanksiyaların qüvvədə qalacağını da bildirib. Obama deyib ki, milli təhlükəsizlik komandasının üzvlərinə gələcəkdə İrandan qaynaqlanan mümkün təhdidlərə qarşı İsrailin təhlükəsizliyinin necə təmin oluna biləcəyinə dair əməkdaşlığın möhkəmləndirilməsi imkanlarını araşdırmağı tapşırıb.

Həmçinin xəbər verilir ki, bundan əvvəl Obama Səudiyyə Ərəbistanı və İranın bölgədə nüfuzunun artmasından narahat olan digər Fars körfəzi ölkələrini Kemp-Deviddə sammitə dəvət edib. Sammitin yazın sonlarında baş tutacağı təxmin edilir.

Lozanna anlaşmasına əsasən İran hakimiyyəti uran ehtiyatlarını məhdudlaşdırmağa razılaşır. ABŞ isə bu ölkəyə qarşı sanksiyaları götürür. İranın nüvə ehtiyatları müəyyən müddət ərzində məhdudlaşdırılacaq və ölkədə yeni atom mərkəzləri tikilməyəcək. Toplanmış uran ehtiyatları isə ancaq elmi məqsədlər üçün istifadə olunacaq, artıq qalanı ölkədən çıxarılacaq. İranda yeganə uran zənginləşdirilməsi mərkəzi Natanz olacaq. Fordo nüvə mərkəzi isə uranı zənginləşdirmək üçün yox, elmi məqsədlər üçün istifadə ediləcək. Arakdakı nüvə reaktoru isə beynəlxalq şirkət tərəfindən modernləşdiriləcək və bu mərkəzdə plutonium istehsalı mümkün olmayacaq.

Razılaşmada İranın nüvə mərkəzlərindən hər hansı birinin sökülməsi nəzərdə tutulmur. Razılaşmanın yerinə yetirilməsinə Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nəzarət edəcək. Yekun razılaşmanın imzalanmasından dərhal sonra ABŞ və Avropa İttifaqı İrana qarşı sanksiyaları ləğv edəcək. Paralel olaraq BMT Təhlükəsizlik Şurasının tətbiq etdiyi sanksiyalar ləğv olunacaq. Lozannada razılaşdırılmış baza prinsipləri əsasında danışıqlar davam edəcək və yekun razılaşmanın uyun ayında əldə edilməsi planlaşdırılır. Təbii ki, detalların müzakirəsi zamanı ciddi əngəllər meydana çıxmasa.

Digər tərəfdən İsrailin Lozanna anlaşmasına qarşı sərt mövqeyi nəzərə alınmalıdır. Yəhudi dövləti yekun razılaşmanın əldə edilməsini əngəlləmək üçün şübhəsiz ki, mümkün olanı edəcək. Hətta İrana qarşı hava zərbələrinə əl atması da istisna deyil. Bundan əvvəl beynəlxalq mətbuatda yer alan xəbərlərdə deyilirdi ki, İsrail İranla Qərb arasında razılaşmaya imkan verməmək üçün Tehranın nüvə obyektlərinə qarşı hava əməliyyatlarına başlamağa qərar verib. Lakin ABŞ bundan xəbər tutaraq İsrailə sərt xəbərdarlıq edib və bildirib ki, İsrail təyyarələri İranın nüvə obyektlərini vurmaq üçün havaya qalxa ABŞ aviasiyası onlara mane olacaq, hətta vurub salacaq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.