Sterliqovun yeni sərsəmləmələri
30-07-2015, 22:36
Dağlıq Qarabağa köçən qalmaqallı rus milyonçusu German Sterliqov Azərbaycan tərəfindən İnterpol xətti ilə haqqında beynəlxalq axtarış elan edilməsinə reaksiya verib. Modern.az saytı xəbər verir ki, Sterliqov sosial şəbəkələrdəki şəxsi səhifələrində bildirib ki, bu addımla Azərbaycan separatçı “Dağlıq Qarabağ Respublikası”nı tanımır.
“Onillər boyu Dağlıq Qarabağı müstəqil dövlət kimi tanımayan Azərbaycan rəhbərliyi üçün “Qarabağ bizim ərazimiz deyil” söyləmək yəqin ki, çətin olub. Amma yenə də onlar bu cəsarətli addıma getdilər.
Dağlıq Qarabağı Azərbaycan ərazisi hesab etməmək üçün çox yumşaq, hüquqi baxımdan isə mükəmməl bir ictimai imtina forması seçilib.
Azərbaycan qanunvericilyi ölkə ərzaisində cinayət törədən şəxslərin beynəlxalq, o cümlədən İnterpol xətti ilə axtarışa verilməsinə yalnız o halda icazə verir ki, “cinayətkar şəxs” ölkə hüdudlarından kənarda olsun.
Azərbaycan tərəfi rəsmən elan etdi ki, “German Sterliqov Dağlıq Qarabağ ərazisindədir” və paralel olaraq məni İnterpol xətti ilə axtarışa vermək üçün müraciət etdilər.
Beləliklə, Azərbaycan dövlət səviyyəsində Dağlıq Qarabağın Azərbaycan ərazisi olmadığını etiraf etdi.
Azərbaycan tərəfini alqışlayıram və mənim “Dağlıq Qarabağ”ın tanınması üçün hüquqi səbəb olmağımdan, Azərbaycan və erməni xalqları arasında mehriban qonşuluq münasibətlərinin yaranmasının səbəbkarı kimi dərin məmnunluğumu ifadə edirəm” deyə Sterliqov təxribat xarakterli sərsəmləmə yayıb.
Azərbaycan Respublikasının Baş Prokurorluğu German Sterliqov barəsində dövlət sərhədini qanunsuz keçərək Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmuş ərazilərimizə gəlməsinə və dövlət əleyhinə yönələn açıq çağırışlar etməsinə görə Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlayıb.
İttiham üçün əsas verən kifayət qədər sübutlar toplanıldığından 28 iyul 2015-ci il tarixdə German Sterliqov Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 və 318.2-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barəsində Bakı şəhəri, Nəsimi rayon məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib.
Hazırda onun tutulub istintaqa cəlb edilməsi üçün “İnterpol”un Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Milli Mərkəzi Bürosu tərəfindən zəruri istintaq və əməliyyat-axtarış tədbirləri həyata keçirilir.