Qarabağa sülhməramlılar yerləşdirilir - Sensasion iddia

2-08-2015, 01:00           
Qarabağa sülhməramlılar yerləşdirilir - Sensasion iddia
Rusiya Prezidenti Vladimir Putin bu il sentyabrın ortalarında Nyu-Yorka yola düşmək və BMT-nin Baş Məclisinin yubiley sessiyasında çıxış etmək niyyətindədir.

ANS-in məlumatına görə, sessiya tarixi hadisələrlə yadda qalacaq. Çox ehtimal ki, ABŞ ilə münasibətləri qaydaya salmağa başlayan İran prezidenti Həsən Ruhani, Kuba lideri Raul Kastro və bir sıra ölkələrin başçıları da Nyu-Yorka gedəcəklər. Rusiyanın və ABŞ-ın siyasi təhlilçiləri Prezident Vladimir Putinin Nyu-Yorka səfərini ABŞ ilə Rusiya arasında növbəti yeni mərhələnin başlanğıcı kimi qiymətləndirirlər.

Düzdür, Putin yeni əməkdaşlıq mərhələsinə sanksiyalardan və neftin qiymətinin düşməsindən sonra daha zəif vəziyyətdə gedəcək. ABŞ, Rusiya və Fransa Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün yaradılan ATƏT-in Minsk qrupu həmsədrləri çərçivəsində ümumi rəsmi əməkdaşlq formatına malikdir. Onlar Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyevi və Serj Sarkisyanı təsadüfən Nyu-Yorka dəvət etmirlər və dövlət başçılarına orada görüşməyi və razılaşmağı təklif edirlər.

Bu səfər baş tutacaqmı, bunu demək çətindir, hərçənd ki, Putin ABŞ-da olacaq, demək, Dağlıq Qarabağ problemi üzrə görüşün və hansısa razılığın əldə edilməsi ehtimalı yüksəkdir. Qarabağ problemində iki əsas məsələ var, hansı ki, indiyədək nə tərəflər, nə də vasitəçilər razılaşa bilmirlər. Bu, neytral zonaya yerləşdiriləcək sülhməramlı qüvvələrin tərkibi və sərhəd məsələsidir.

Görünən odur ki, Rusiya neytral zonaya öz qoşunlarını yerləşdirməyi, Qarabağ və Azərbaycan arasında yeni sərhədləri özü müəyyənləşdirməyi təkid edir. Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik bildirib ki, ABŞ Dağlıq Qarabağ üzrə beynəlxalq sülhməramlıların yaradılması haqqında BMT-nin yeni qətnaməsinin qəbulunda maraqlıdır. Erməni mətbuatı yazır: "Çox ehtimal ki, Ermənistanın müdafiə nazirinin birinci müavini David Tonoyan ABŞ-a səfəri məhz bununla bağlıdır. O, Nyu-Yorkda BMT-nin sülhməramlı missiyalar üzrə nümayəndəsi ilə görüşüb. Onların Qarabağda BMT sülhməramlılarının ehtimal edilən yerləşdirməsi haqqında danışıb-danışmamaları barədə rəsmi informasiya yoxdur. Amma hadisələrin gedişatı və məntiq onu göstərir ki, görüşdə bu mövzu əsas idi. Göründüyü kimi, Qarabağ probleminin nizama salınması Rusiya və ABŞ arasında yeni əməkdaşlıq mərhələsinin nişanəsi kimi BMT Baş Assambleyasının iclasında imperativ olacaq.

Ehtimal var ki, Azərbaycanın ərazi bütövlüyü əsasında, müəyyən sərhədlər çərçivəsində Dağlıq Qarabağa hansısa status verilsin. Belə olan təqdirdə Ermənistanın Rusiya, yaxud beynəlxalq sülhməramlılar arasında seçim üçün manevr etməyə imkanı qalmayacaq". Rusiyanın və ABŞ-ın sülhməramlıların hansı sərhədlərdə yerləşdirmək barədə Ermənistana verəcəkləri təklifdən çox şey asılı olacaq. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Nikolay Bordyuja və Rusiya Silahlı Qüvvələri Baş Qərərgahının rəisinin müavini, general-polkovnik İqor Serqun iyun və iyul aylarında İrəvana səfərləri zamanı yeni sərhədin xəritəsini təqdim ediblər, hansı ki, bu, Ermənistanın maraqlarına tamamilə uyğun deyil. Ona görə də David Tonoyan ABŞ-a gedib. ABŞ-ın sərhədlə bağlı nə təklif etdiyi isə hələlik bəlli deyil. Bir sözlə, indiki status-kvonun saxlanılması İrəvan üçün çətinləşir. Ermənistan isə hazırda ABŞ-da Rusiya planından müdafiə yollarını axtarır.

Erməni ordusu 20 ildən çoxdur işğal etdiyi Azərbaycan ərazisində özü üçün yaratdığı sərhədin keşiyində durur. Ancaq indiki sərhədlərin dəyişikliyi haqqında beynəlxalq siyasi qərar verildiyi halında rəsmi İrəvan ya silahlı müqaviməti bütün beynəlxalq cəmiyyətə göstərməyə, yaxud da sülh missiyasını üzərinə götürməyə məcbur olacaq. Maraqlıdır, Ermənistan bu dəfə status-kvonu saxlamağı bacaracaqmı?! Xatırladaq ki, ATƏT-in Minsk qrupunun həmsədrləri Ceyms Uorlik (ABŞ), İqor Popov (Rusiya), Jak For (Fransa) və ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik iyulun 18-23-də bölgədə səfərdə olub Ermənistan və Azərbaycan prezidentləri ilə görüşüblər.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.