Donbasda Ukrayna ordusu son illərin ən böyük itkisini verib
23-08-2018, 20:34

Rus hərbçilərinin açtığı artilleriya atəşi 5 hərbçinin həyatına son qoyub
Ukraynanın Rusiya tərəfindən işğal olunan Luqansk vilayətində son illərin ən böyük toqquşması baş verib.
Musavat.com Ukrayna mediasına istinadən xəbər verir ki, Luqansk vilayətinin Krımskoe kəndində Ukraynanın birləşmiş qüvvələrinin 5 hərbçisi həlak olub.
Döyüşün tam 5 saat çəkdiyi bildirilir.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi, pokovnik Dmitri Qutsulyakın sözlərinə görə, döyüş saat 6-da rus hərbçilərinin Krımskoe rayonuna yaxınlaşması nəticəsində baş verib. Ruslar Baxmut şosse yolu boyunca müşahidə postlarını ələ keçirmək istəyiblər. Ukrayna ordusunun güclü müqaviməti nəticəsində onlar geri çəkiliblər.
Nəticədə 4 hərbçi döyüş yerində öldürülüb, 7-i yaralanıb. Xəbərdə rus işğalçılarının Ukrayna əsgərlərinin mövqelərini 122 mm-lik kalibrli artilleriya ilə 30 dəfə yaylım atəşinə tutduğu qeyd olunur. Bundan başqa, Ukrayna postlarına 60 dəfə 120 mm-lik minaatanlarla zərbə endirilib. Donetskdə isə işğalçı qüvvələr Pivniçna, Staroqnatovka, Vodyanoe, Lebedinskoe, Şirokino yaşayış məntəqələrinə PDM və minaatanlarla hücum ediblər.
Ukraynanın Zakarpatye vilayət administrasiyasının başçısı Gennadi Moskalın sözünə görə, Donetskdə ölən hərbçi Georgi Olxovski zabitdir. O, 128 saylı dağ atıcılıq briqadasının bölük komandiri olub.
Xatırladaq ki, sabah Ukraynada rəsmi bayram, dövlət müstəqilliyi günüdür.
Görünür, Rusiya ordusu Ukraynanı bu cür “özünəməxsus tərzdə” təbrik etmək istəyib.