ELMİ DƏRƏCƏLƏRİN VERİLMƏSİNDƏ İNQİLABİ DƏYİŞİKLƏR HAZIRLANIR – Prezidentin sərəncamı

11-12-2018, 05:59           
ELMİ DƏRƏCƏLƏRİN VERİLMƏSİNDƏ İNQİLABİ DƏYİŞİKLƏR HAZIRLANIR – Prezidentin sərəncamı
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev “Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması işinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalayıb. “AzPolitika.info”nun məlumatına görə, sərəncamda deyilir:

“Son illər Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi və inkişafı, elmi innovasiya fəaliyyətinin dəstəklənməsi və elmi nailiyyətlərin stimullaşdırılması sahələrində bir sıra tədbirlər həyata keçirilmişdir.

Bununla yanaşı, müasir dövrün çağırışları yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılması ilə əlaqədar vahid dövlət siyasətinin gerçəkləşdirilməsində, elmi fəaliyyətin mövcud potensiala uyğun monitorinqi, qiymətləndirilmə və proqnozlaşdırılma mexanizmlərinin təkmilləşdirilməsi və səmərəli istifadəsində qabaqcıl beynəlxalq təcrübənin, yeni idarəetmə modelləri və innovativ həllərin tətbiqini zəruri edir.

Bu istiqamətdə elmi işlər, elmi və elmi-pedaqoji işçilər haqqında ölkə üzrə informasiya resurslarının müasir texnologiyalar əsasında formalaşdırılması, vahid elektron informasiya sisteminin yaradılması, elmi fəaliyyətin monitorinqinin və qiymətləndirilməsinin aparılmasında elektron hesabat formalarının, elmmetrik və ekspert yanaşmalarına əsaslanan metodika və meyarların hazırlanması, həmçinin elm sahəsində diaqnostik təhlillərin gücləndirilməsi məsələləri mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında elmi və elmi-pedaqoji kadrların attestasiyasının aparılmasının təkmilləşdirilməsi və elmi tədqiqatların səviyyəsinin yüksəldilməsi məqsədi ilə qərara alıram:

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası iki ay müddətində:

1. Azərbaycan Respublikasının Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə, tabeliyində elm və təhsil müəssisələri olan qurumların təkliflərini nəzərə almaqla, elmi dərəcə və elmi adların verilməsi qaydalarının, elmi fəaliyyətin qiymətləndirilməsi və monitorinqi sahəsində idarəetmənin və tənzimləmənin təkmilləşdirilməsi, elmi tədqiqatlar haqqında məlumat bazasının yaradılması və elmi informasiyanın əlçatanlığının təmin edilməsi, eləcə də analitik, statistik təhlillərin və hesabatların keyfiyyətinin yaxşılaşdırılması üçün vahid elektron məlumat sisteminin yaradılmasına dair təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;

2. Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının fəaliyyətinin təkmilləşdirilməsi barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin”.

“AzPolitika.info”qeyd edir ki, Prezidentin bu sərəncamı elmi adların verilməsində çoxdandır müzakirə olunan təkliflərin reallşdırılacağından xəbər verir. Belə ki, bir çox tanınmış alim uzun müddətdir elmi adların və elmi dərəcələrin verilməsində hələ də saxlanılan köhnə qaydaların dəyişdirilməsinin zəruri olduğunu bildirirlər. Sovet dövründən qalan əsasnaməyə uyğun olaraq elmi adlar verilməsində hələ də kəmiyyət ölçüləri qalır. Müəyyən sayda məqalən olmalıdır, müəyyən sayda dərs vəsaitin və sair kimi tələblər irəli sürülür. Ancaq bir çox hallarda bu əsərlərin, məqlələrin keyfiyyəti nəzərə alınmır.

Ona görə də, bir sıra tanınmış alimlər elmi adların verilməsində bu gün də davam etdirilən kəmiyyət ölçülərinin keyfiyyət göstəriciləri ilə əvəzlənməsini təklif edirlər.

Bundan əlavə bir neçə mərhələdən ibarət yorucu müdafiə prosesinin aradan qaldırılmasının, elmi adların verilməsinin universitetlərə həvalə olunmasına dair təkliflər var.

Bu təkliflərdən hansıların, necə reallaşdırılacağını zaman göstərəcək. Ancaq görünən odur ki, elmi adların və elmi dərəcələrin verilməsində inqilabi dəyişikliklər gözlənilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.