Prezidentdən Qarabağla bağlı “daha əlverişli vəziyyət yaranıb” anonsu

15-12-2018, 08:35           
Prezidentdən Qarabağla bağlı “daha əlverişli vəziyyət yaranıb” anonsu
Politoloq: “Azərbaycan Qarabağ klanının yerinə gələn Paşinyana da rahat həyat vəd etməyəcək”
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dekabrın 13-də Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə Azərbaycanın həlli vacib olan ən mühüm problemi ilə bağlı çox mühüm bəyanatlar səsləndirib.

Ölkə prezidenti bu il Ermənistanda çox ciddi dəyişikliklərin baş verdiyini vurğulayıb. Deyib ki, iyirmi il ərzində hakimiyyəti qanunsuz olaraq zəbt etmiş kriminal xunta rejimi çökdü və bizim dediyimizi indi erməni xalqı deyir. “Kriminal, rüşvətxor rejim 20 il ərzində öz xalqını istismar edirdi və bu rejimin acı sonu məntiqə tam uyğundur. Onu da deməliyəm ki, bizim ardıcıl, məqsədyönlü siyasətimiz kriminal xunta rejiminin çökməsində öz rolunu oynamışdır. Çünki bizim siyasətimiz dəyişməz olaraq qalır. Nə vaxta qədər ki, bizim torpaqlarımız işğal altındadır, biz bütün imkanlardan istifadə edib Ermənistanı təcrid vəziyyətində saxlayacağıq və buna nail olduq” - prezident bildirib.

Ölkə başçısı bir daha bəyan edib ki, Azərbaycanın təşəbbüsü ilə reallaşan qlobal enerji, nəqliyyat layihələri Ermənistandan yan keçir: “Bizim siyasətimiz nəticəsində Ermənistanda demoqrafik böhran yaşanır, insanlar ölkəni kütləvi surətdə tərk edir, iqtisadi inkişaf üçün heç bir əsas yoxdur, xarici sərmayə qoyulmur, onların beynəlxalq bazarlara çıxışı çox çətinləşib. Beynəlxalq müstəvidə sübut edə bilmişik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsində haqlı tərəf bizik. Yəni bütün bu və başqa amillər, əlbəttə, bizim hərbi qüdrətimiz Ermənistanı bu ağır vəziyyətə salmışdır”.


Ölkə başçısının sözlərinə görə, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub: “O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik”.

Dövlət başçısı deyib ki, beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bizim mövqeyimizi əks etdirən bir çox qərar və qətnamələri olub: “İkitərəfli sazişlərimizdə bu məsələ bizim mövqeyimizi əks etdirərək öz həllini tapmışdır. Avropa İttifaqı ilə tərəfdaşlıq prioritetləri sənədinin imzalanması çox əlamətdar hadisə idi. Bu sənəddə göstərilir ki, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığı dəstəklənir. NATO-nun zirvə görüşündə ərazi bütövlüyümüzlə bağlı çox önəmli məsələ öz əksini tapmışdır. İkitərəfli imzalanmış sənədlərdə daim bizim mövqeyimiz öz əksini tapır. Mən deyəndə ki, bizim beynəlxalq nüfuzumuz artır, bunu nəzərdə tuturam. Eyni zamanda Azərbaycan xalqı bunu yaxşı bilir ki, hətta Ermənistanın üzv olduğu, bizim üzv olmadığımız təşkilatlarda da bizim mövqeyimiz üstünlük təşkil edir və bu, Ermənistanda isterikaya səbəb olur”.

Maraqlıdır ki, eyni vaxtda Ermənistanın təkləndiyi barədə fikirləri elə işğalçı ölkənin təmsilçiləri də dilə gətirirlər. Azərbaycan rəhbərliyinin xəbərdarlığı Ermənistan üçün növbəti şans da sayılır, əgər fürsətdən yararlanmaq istəsələr, torpaqların azadlığı barədə qərar verməli, bölgədə sülhün bərqərar olunması istiqamətində addım atmalıdırlar. İstənilən halda, Azərbaycanın dövlət başçısının “münaqişənin həlli üçün daha əlverilşi şərait yaranıb” deməsi, ciddi anonsdur.

Politoloq Qafar Çaxmaqlı bu barədə qəzetimizə qısa və konkret fikir bildirdi: “Məncə, prezident bu amili nəzərdə tutur: dünya birliyi Avropa quruluşları son zamanlar daha çox bu fikri səsləndirirlər ki, münaqişə Azərbaycanın ərazi bütövlüyü çərşivəsində həll edilməlidir. Ermənistan bunu qəbul etməsə, Azərbaycan güc tətbiq edərkən onu qınayan olmayacaq. Ermənistanda gedən proseslərin də Azərbaycanın haqq işinə yardımı ola bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə bu mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında əvvəlcə dedi ki, Nikol Paşinyan parlament seçkisindəki qələbəsindən sonra ilk olaraq Qarabağ separatçılarının lideri Bako Saakyanla görüşüb: “Paşinyanın bu görüşdən bir neçə məqsədi var idi. Birincisi, Paşinyan separatçıların lideri ilə görüşməkdə erməni cəmiyyətinə mesaj göndərir ki, o da əvvəlkilər kimi işğalçı siyasəti davam etdirəcək. Paşinyana bu görüş həm də ona görə vacib idi ki, daxildəki və xaricdəki millətçilər narahat olmasınlar. İkincisi, Paşinyan tez-tez Bako Saakyanla görüşməklə onu nəzarətdə saxlamaq istəyir. Çünki Paşinyanın əsas rəqibləri ona qarşı ”Qarabağ kartını" istifadə etməyə çalışacaqlar. “Qarabağ klanı” Paşinyana qarşı mübarizədə Bako Saakyandan istifadə etməyə çalışacaq. Paşinyan Saakyanı başa salmaq istəyir ki, Qarabağ separatçılarının lideri Robert Köçəryan və Serj Sərkisyan tərəfdarlarının yanında olmasın. Əks halda Paşinyan Dağlıq Qarabağın maliyyəsini azalda bilər. Təsadüfi deyil ki, Yerevandakı görüşdə Ermənistanla separatçıların birgə büdcəsi müzakirə olundu. Bako Saakyan hələ ki güclünün yanında olacaq. Ermənistanda isə güclü hələlik Nikol Paşinyandır. Buna baxmayaraq, Qarabağ separatçıları öz yerliləri olan - Köçəryan və Sərkisyan tərəfdarları ilə də gizli təmaslarına davam edəcəklər. Bako Saakyan həm Nikol Paşinyanla əməkdaşlıq edəcək, həm də Köçəryan və Sərkisyan tərəfdarları ilə gizli təmaslarına davam edəcək".

E.Şahinoğlu bildirdi ki, bu şərtlər altında Nikol Paşinyan Azərbaycanla sülhə hazır olmayacaq: “Paşinyan status-kvonu davam etdirəcək. Ancaq status-kvonun davamı cəbhə bölgəsindəki vəziyyəti gərginləşdirəcək. Nikol Paşinyan isə müharibədən qorxur. Deməli, Azərbaycanın əlindəki müharibə aləti ilə də Paşinyana təzyiq etmək olar. Buna Azərbaycan prezidentinin Qarabağla bağlı son çıxışı da dəlalət edir. Rəsmi Bakı Ermənistanda 20 ildən sonra ”Qarabağ klanı"nın hakimiyyətdən getməsinə sevinir. Ancaq Azərbaycan Ermənistanda hakimiyyətdə “Qarabağ klanı”nın yerinə gələn Nikol Paşinyana da rahat həyat vəd etməyəcək".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.