Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar

15-12-2018, 08:36           
Siyavuş Novruzovdan Rusiyadakı oliqarxlarla bağlı yeni ittihamlar
Milli Məclisin komitə sədri: “Fikirlərimdə qalıram”
“Onların Azərbaycan-Rusiya münasibətlərindən, Azərbaycanın dövlət başçısının Rusiya prezidenti ilə olan dostluq münasibətindən, Azərbaycanın regionlarla, birbaşa qubernatorlarla əlaqələrindən bəhrələnməsinin nəticəsini hələ Azərbaycan görmür”

Milli Məclisin dekabrın 7-də keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov Rusiyadakı azərbaycanlı iş adamlarını sərt tənqid edib və sensasion ittihamlar irəli sürmüşdü.

Komitə sədri onları fəaliyyətsizlikdə ittiham edərək xatırlatmışdı ki, Rusiya ilə Azərbaycan arasında yüksək səviyyəli münasibətlər var: “Bu münasibətlərdən ən çox bəhrələnən kimdir? Rusiyada bizneslə, sahibkarlıqla məşğul olan azərbaycanlılar. Zatulin haqqında danışılır. Onun keçirdiyi toplantıda erməni diasporu iştirak edir və onların cəlb etdiyi insanlar var. Azərbaycanın Rusiyadakı səfirliyi, Heydər Əliyev Fondu və gənclər təşkilatlarından başqa hansı təşkilat orada tədbir keçirib? Hansı tədbir keçirərək Rusiya ictimaiyyətini oraya toplayır? Axı oradakı imkanlı şəxslər ölkələrarası imkanlardan istifadə edirlər, bəhrələnirlər. Rusiyada azərbaycanlılara qarşı hər hansı polis hücumu, başqa hərəkətlər yoxdur”.

S.Novruzov ardınca demişdi ki, həmin iş adamları “Milyonerlər İttifaqı”(əslində isə qurum qeyri-rəsmi “Milyarderlər İttifaqı”adlanırdı-O.) yaradır, anti-Azərbaycan mövqeyi tuturlar: “Erməni planı əsasında Azərbaycandakı bəzi anti-Azərbaycan qüvvələrini maliyyələşdirməklə məşğuldurlar. Bu adamlar irəli çıxmalıdır. Rusiya parlamentində bir Zatulin var, amma yüzlərlə digər insanlar fəaliyyət göstərir, onları cəlb etmək lazımdır ki, ölkəmizin haqq sözünü desin. Tək dövlətlə deyil, insanlar da məsuliyyətini dərk etməlidir”.

Hüquq elmləri doktoru, professor İlham Rəhimov “Yeni Müsavat”a geniş müsahibəsində bu mövzu ilə bağlı suala cavabında maraqlı fikirlər söyləyib. Hüquq professoru deyib ki, ümumi danışmaqla konkret fikir söyləməyin fərqi var: “Siyavuş Novruzov konkretləşdirsin, görək, kimi nəzərdə tutur. Yəqin Novruzov kimi çoxları bilmir, informasiya üçün deyim ki, Rusiyada azərbaycanlıların problemlərinin çözümünə gücü çatan və gücünü əsirgəməyən biznesmenlərimiz də var, ziyalılarımız da, nüfuzlu insanlarımız da... Bizim şirkətimiz Azərbaycan adına Rusiyada keçirilən bir çox tədbirlərin təşkilatçıları sırasında yer alır və gərəkli şəxslərin bu haqda bilgisi var. Ona görə də ucdantutma ittihamlar irəli sürmək absurddur. Digər tərəfdən, Rusiyadakı Azərbaycan elitasının miqyaslı işlər görməsi üçün konkret quruma ehtiyac var. Bu gün həmin qurum yoxdur. Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğvindən sonra sanballı təşkilat yaratmaq mümkün olmayıb. Bu baş verməyənə qədər Rusiyadakı gücümüzü bir çətirin altında birləşdirib ciddi işlər görmək çətin olacaq. Bu, o demək deyil ki, bu gün Rusiyada azərbaycanlılar heç bir iş görmürlər. Məsələn, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada çox yüksək səviyyədə tədbirlər təşkil olunur. Bu tədbirlərə ciddi maraq var. Ancaq bu işləri diaspor fəaliyyətinə aid etmək doğru olmaz. Bizim Rusiyada qeydiyyatdan keçən, orada fəaliyyət göstərən, Rusiyadakı vətəndaşlarımıza yönəlik sağlam diaspor qurumumuz olmalıdır”.

Komitə sədri Siyavuş Novruzov “Yeni Müsavat”a İlham Rəhimovun dedikləri barədə münasibət bildirdi. Dedi ki, parlamentdə səsləndirdiyi fikirlərində qalır: “Mən parlamentdə də demişəm ki, Azərbaycan səfirliyi, Heydər Əliyev Fondu və Leyla Əliyevanın rəhbərliyi altında fəaliyyət göstərən Rusiya-Azərbaycan Gənclər Təşkilatından başqa orada tədbir keçirən yoxdur. Yəni kimsə gizlincə, harasa, nəsə kömək edirsə, bu, o demək deyil ki, o, nə isə edir və ya onun məqsədləri nədən ibarətdir. Mən konkret olaraq erməniləri misal göstərmişəm. İndiyə qədər Azərbaycanın diaspor təşkilatı var idi. Onda konkret nə işlə məşğul idilər? Onda "milyarderlər ittifaqı" yaratmışdılar, Azərbaycandakı seçkilərə, Azərbaycan dövlətinin daxili işlərinə müdaxilə etməklə məşğul idilər. Onlar Rusiyadakı bəzi qüvvələrin diktəsi ilə oturub-dururdular".

S.Novruzov əlavə etdi ki, artıq Azərbaycan 28-ci ildir müstəqil dövlət olaraq fəaliyyət göstərir: “Bu zaman ərzində həmin şəxslərin 3 nəfəri Rusiya Dövlət Dumasında, heç olmasa yerli parlamentdə təmsil olunubmu? Xeyr! Heç yerli parlamentdə də təmsil olunmayıblar. Elm sahəsində hansısa işlər görməyə, televiziya, radio, QHT-lərini yaratmağa da diaspor lazımdır? Yəqin ki, Rusiya TV-lərində ermənilərin iştirakı ilə keçirilən dəyirmi masalara baxırsınız. Müxtəlif adlar altında QHT-lər yaradıblar, araşdırma mərkəzi, şərq mərkəzi, qərb mərkəzi, daha nələr. Bunlar da yaratsınlar və o vasitə ilə də televiziyaya çıxsınlar, Azərbaycanın maraqlarını müdafiə etsinlər. Yoxsa elə pul qazanım, yaxud desinlər bunu edim, belə deyil. Gərək vətənpərvərlik insanın qanunda olsun. Biri çıxsın ortaya, desin bunu mən etmişəm. 3 dənə azərbaycanlını həbsdən qurtarmaq hələ əməl deyil. Hansı məqsədlə, nəyin müqabilində qurtarılıb, hələ o da əsas məsələ deyil. Əsas məsələ ümumdövlət, ümumxalq maraqlarıdır, fərdlər yox. Bunların heç biri heç bir iş görmür. Onların Azərbaycan-Rusiya münasibətlərindən, Azərbaycanın dövlət başçısının Rusiya prezidenti ilə olan dostluq münasibətindən, Azərbaycanın regionlarla, birbaşa qubernatorlarla əlaqələrindən bəhrələnməsinin nəticəsini hələ Azərbaycan görmür”.

YAP funksioneri başqa bir məqama da toxundu: “Bir dəfə NTV-nin müxbiri cənab prezidentdən müsahibə alırdı. Cənab prezident soruşdu ki, siz niyə azərbaycanlıları Rusiya TV-lərinə dəvət etmirsiniz, orda göstərmirsiniz? Müxbirsə cavabında cənab prezidentdən soruşdu ki, "kimi?" Yəni əgər bunlar orda özlərini yaxşı tanıda bilsəydilər, o jurnalist belə sual verməzdi. Bu, bir. İkincisi, “Yeni Müsavat”a müsahibə vermək qəhrəmanlıq deyil. “Yeni Müsavat”a istənilən adam müsahibə verə bilər. İlham Rəhimov bir dənə Rusiya kanalı, bir dənə Rusiya mətbuat orqanı, bir kanal, bir qəzet səhifəsi göstərsin ki, orda bunun Azərbaycan, Dağlıq Qarabağ haqqında, ümumiyyətlə, Rusiyadakı azərbaycanlılar, onlara dəstək barədə bir yazısı gedib. “Yeni Müsavat”a mən də müsahibə verirəm, digərləri də, burada bütün Azərbaycanın yarısı müsahibəsi gedir, bu, qəhrəmanlıq deyil". Komitə sədri sonda bunları söylədi: “Aprel döyüşlərində ermənilər səfərbər olundular Azərbaycana qarşı. Amma bu adamlar bir jurnalistə 5 manat pul verib, yaxud öz nüfuzundan istifadə edib hansısa iş görmədilər... Barmaq barmağın üstünə qoymayıblar”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.