“Real olmayanı bizə arzu formasında səsləndirirlər...” - GƏLİŞMƏ
28-10-2019, 10:53
Rusiyalı politoloq Yevgeni Mixaylov haqqin.az saytına açıqlamasında bildirib ki, Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısının Bakıda keçirilməsi Azərbaycanın müstəqil bir ölkə kimi xidmətlərinin, hərbi bloklara qatılmamaq prinsipinə ciddi şəkildə riayət etməsinin sübutudur. O, həmçinin qeyd edib ki, Azərbaycanın daxili və beynəlxalq problemlərə daha yaxşı cavab verməsi üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) müşahidəçi qismində iştirak etməsini istisna etmir.
Rusiyalı politoloqun sözlərinə görə, bu barədə artıq Rusiya hökumətinin kuluarlarında söhbətlər gedir. Analitik bildirib ki, Qoşulmama Hərəkatının sədri və KTMT-də müşahidəçi olaraq Azərbaycan Qarabağ münaqişəsinin həllində real irəliləyiş əldə edə bilər. Onun fikrincə, bu zaman Qarabağ ətrafındakı 7 rayonun geri qaytarılması üçün addımlar atılar və ardınca birbaşa Dağlıq Qarabağ məsələsi üzərində danışıqlar gedər.
Politoloq hesab edir ki, siyasi nüfuzun artmasına və Qoşulmama Hərəkatının mənbəyinə təkan verə bilən Azərbaycandır: “Təəssüf ki, bəzi siyasi dairələrdə hərbi bloklara qoşulmayan ölkələrin qapalı dövlətlər və s. olması barədə bir fikir mövcuddur. Əslində Qoşulmama Hərəkatının subyektləri həqiqətən də xalqlarının mənafeyi üçün siyasət yürüdən müstəqil dövlətlərdir. Bu ölkələrin özləri kiminləsə dost olmaq, kiminləsə dost olmamaq qərarına gəlirlər”.
“Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu bildirdi ki, əslində bu cür fikirlər zaman-zaman Azərbaycana simpatiyası olan politoloqlar tərəfindən gündəmə gətirilir: “İllərdir ki, bu cür söhbətləri hansısa politoloqlar ortaya atırlar. Ancaq təəssüf ki, bu, reallığı əks etdirmir. Sağ olsunlar ki, Qarabağ məsələsində həmin politoloq bizə dəstək verirlər. Ancaq sadəcə olaraq bizim və arzularını dilə gətirirlər. Əgər 7 rayonun qaytarılması qarşılığında Azərbaycan KTMTY-yə müşahidəçi yox, üzvlük məsələsi gündəmə gələrsə biz, iki əllə razı ola bilərik. Ancaq kim 7 rayonun boşaldılması məsələsini gündəmə gətirir? Rusiya hakimiyyətinin bu istiqamətdə hansısa addımı olsaydı, biz işarət görərdik. Heç olmasa, bir dəfə hansısa rusiyalı rəsminin dilindən eşidərdik ki, Ermənistan nə vaxtsa Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmalıdır. Bir dəfə də olsun belə bir açıqlama eşitməmişik. Əgər söhbət qapalı qapılar arasında gedən danışıqlardan gedirsə və orada bu cür fikirlər səsləndirilirsə, o zaman da inanmıram ki, bu kimi rusiyalı politoloqlar həmin söhbətlərdən məlumatlı olsunlar. Ola bilər ki, Rusiya hakimiyyəti Azərbaycanın KTMT-yə müşahidəçi qismində qatılmasında və ya üzvlüyündə maraqlı olsun. Ancaq onlar da bilirlər ki, bizim əsas şərtimiz odur ki, Qarabağ ətrafındakı rayonlar boşaldılmalıdır. Biz bunu ilkin şərt irəli sürülmədən istəyirik. Ona görə də ilk növbədə bu məsələ öz həllini tapmalıdır. Bu məsələ həll edilmədən Azərbaycan necə qeyd edilən təşkilata üzv ola bilər? Yəni işğalçı ilə işğala məruz qalan ölkənin ikisi də eyni hərbi blokda ola bilərmi? Bu, sadəcə olaraq gülməlidir”.
Azərbaycanlı politoloq rusiyalı politoloqdan fərqli olaraq tam əksini düşünür: “Azərbaycan, hesab edirəm ki, ona görə Qoşulmama Hərəkatına üzv oldu ki, biz hərbi bloklara qoşulmaq istəmirik. Söhbət həm Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından, həm də NATO-dan gedir. Çünki həmin təşkilatına üzv olarıqsa, o zaman Qoşulmama Hərəkatına üzvlüyün nə mənası vardı? Rusiya bir niyyət ortaya qoysa ki, KTMT-yə üzvlük qarşılığında yeddi rayonun qaytarılması üçün Ermənistana təzyiqlər edəcək və bu barədə konkret addımlar atılacaq, o zaman Azərbaycandan Qoşulmama Hərəkatından imtina edə bilər. Yetər ki, torpaqlarımızın məsələsinin həll olunacağını bilək. Ancaq bu, real məsələ deyil. Real olmayan məsələləri də bizə arzu formasında səsləndirirlər. Təəssüf ki, bu cür arzu formasında səsləndirilən fikirlər də bizim cəmiyyətin bir hissəsində optimist yanaşmalara yol açır. Ancaq sonra da bunların heç bir reallaşmır”.
E.Şahinoğlu Qoşulmama Hərəkatına sədrliyimiz məsələsindən də danışdı: “Bu hərəkata üzvlüyümüzün başlıca iki səbəbi bu olub ki, biz həm NATO, həm də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından eyni məsafədə olmaq istəyirik. Yəni heç bir hərbi bloka üzv olmuruq. İstəmirik ki, kimsə bizi öz yanında görsün. Ancaq eyni zamanda həm Rusiya, həm də Amerika ilə normal münasibətlərin davamını istəyirik. Birinci hədəfimiz də hərəkata üzv olanda bu idi. Yəni kimsə bizə təzyiq etməsin ki, hərbi blokumda yer al. Hərəkata üzv olmaqla göstərdik ki, biz, bu məsələlərdə neytralıq. İkinci səbəb isə Qarabağla bağlı olub ki, biz daha çox dəstək qazanaq. Yəni üzv ölkələrin sayı da çoxdur. BMT Baş Assambleyasından sonra ikinci ən böyük təşkilatdır. Ancaq bu dəstək və üzvlük o demək deyil ki, bütün bunlar Qarabağ münaqişəsinin həllinə müsbət təsir göstərəcək. Ona qalsa BMT-nin Dağlıq Qarabağla bağlı 4 qətnaməsi var ki, kağız üzərində qalıb. Doğrudur, oktyabrın 26-da Qarabağla bağlı bəyanat qəbul olundu. Ancaq tarixə nəzər salsaq, bu cür bəyanatların çox olduğunu görərik. İllərdir ki, bəyanatların hamısı bizim xeyrimizədir. Ancaq ortada nəticə yoxdur. Yaxud İslam Əməkdaşlıq Təşkilatındakı dövlətlər də bizi dəstəkləyirlər. Ancaq faktiki olaraq orada dövlətlər var ki, Ermənistanla sıx münasibətlər saxlayır. Hətta İslam Əməkdaşlıq Təşkilatının üzvü dövlət var ki, naziri Ermənistana deyir ki, biz sizə Azərbaycan raketlərini vurmaqda kömək edə bilərik. Halbuki həmin dövlət təşkilatın tərkibində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir. Eləcə də Qoşulmama Hərəkatının da daxilində bu cür dövlətlər var. Üzvlük yaxşı haldır, ancaq bu, bütün problemlərin həlli demək deyil”.