Tramp ABŞ-ı çökdürür: Onun Suriyada “qoruduğu” neft mədənləri isə “qan püskürür”
3-11-2019, 09:45
Ağ Ev sahibi ABŞ-ın beynəlxalq mövqelərini ciddi şəkildə sarsıdıb; O, ikinci dəfə prezident seçilərsə, ABŞ-ın gələcək taleyinin necə ola biləcəyi hələlik müəmmalıdır
ABŞ-ın prezidenti Donald Tramp qəribə davranışlarıyla diqqəti çəkən personadır. O, istənilən yerdə, heç kimin gözləmədiyi davranışı edə bilər. Və artıq buna heç kəs təəccüblənmir. Çünki hamı onun proqnozlaşdırılmayan adam imicini qəbul edib.
Maraqlıdır ki, o, qəribə davaranışları kimi, qəribə və gözlənilməz açıqlamaları ilə də fərqlənir. Üstəlik, Ağ Ev sahibi açıqlama vermək üçün bir çoxları kimi səbrsizliklə jurnalistlərlə təmas anlarını gözləmir. O, fəal sosial şəbəkə istifadəçisidir. Və nəsə bir şey demək istəyirsə, heç kimi gözləmir, dərhal fikirlərini sosial şəbəkədə paylaşır.
Bir dünya liderinin bu davranışı, əlbəttə ki, təqdirəlayiqdir. Amma bir önəmli problem var. Belə ki, Ağ Ev sahibi hər açıqlamasında bir neçə dəfə “quşlayır”. Bəzən elə mesajlar verir ki, rəhbərlik etdiyi ABŞ-ın illərlə bəzəyib-düzəyib, bütün dünyaya sırıdığı imperialist xarici siyasət kursunun gizlədilməyə çalışılan əsl hədəflərinin üzərindəki “pərdə”ni çəkib, yerə salır. Nəticədə Ağ Evin milyardlarla dollar para xərcləyib, illərlə qan üzərində geniş mənfəət məkanlarının qurulmasına istiqamətli siyasətini ifşa edib, təhlükəyə atmış olur.
D.Tramp təxminən oxşar açıqlamaya bir neçə gün öncə müəlliflik etdi. Belə ki, “Bağdadi əməliyyatı”ndan sonra bəyan etdi ki, “Mən (yəni ABŞ) Suriyanın neft mədənlərini qoruyuram”.
Maraqlı və anlaşılmaz, ciddi suallar doğuran açıqlamadır. Neft mədənləri Suriya dövlətinin və xalqının olduğu halda, nədən onları ABŞ qoruyir? Suriya dövləti bunu ABŞ-dan rəsmən xahiş edibmi? Edibsə, nə vaxt edib və niyə bundan kimsənin xəbəri yoxdur?
Axı, bir dövlətin başqa bir dövlətin ərazisində hərbi kontingent yerləşdirməsi birməhalı şəkildə həmin ölkənin hökumətinin müraciəti və ya razılığı ilə mümkün ola bilər. Əks halda, belə davranış həmin ölkənin ərazisinə hərbi müdaxilə və işğal anlamı qazanır.
Üstəlik, D.Trampdan öncəki ABŞ prezidentləri heç vaxt Suriyanın neft mədənlərini qorumaq üçün bu ölkəyə hərbi kontingent göndərdiklərini iddia etməyiblər. Əksinə, Ağ Evin əvvəlki sahibləri ABŞ əsgərlərinin Suriyada bu ərəb ölkəsinə sülh və demokratiya gətirmək missiyasını daşıdıqlarını xüsusi olaraq, vurğulayırdılar.
Halbuki kənardan yönləndirildiyi şübhə doğurmayan iğtişaşlar səbəblylə daxili sabitliyi pozulan Suriyada ABŞ hərbçilərinin peyda olmasından sonra bu ölkə xaosun ağuşuna sürüklənib. Və ardınca Suriya beynəlxalq terrorizmin mərkəzləşdiyi qorxunc məkana çevrilib. Nəticədə Suriyada yüzminlərlə insan qanına qəltan edilib, milyonlarla dinc sakin yurd-yuvasından didərgin düşərək, qonşu Türkiyəyə pənah aparıb.
Yəni, ABŞ-ın əvvəlki prezidentlərinin sülh və demokratiya vədləri Suriya dövlətinə xaos, dağıntılar, suriyalılara isə ölüm, fəlakət, və səfalət bəxş edib. Suriyanın kataklizmlərin, xaosun, deqradasiyanın, humanitar fəlakətin, dövlətsizliyin girdabına atdıqdan sonrasa, indi D.Tramp “fəxr”lə bəyan edir ki, Suriyadakı neft mədənlərini qoruyurmuş...
Bəlkə də doğru deyir və ABŞ əsgərləri başqasına aid həmin neft mədənlərini öz ölkələrinin mülkiyyəti kimi qoruyurlar. Amma hazırda Suriya torpaqları neft deyil, qan fışqırır. Əgər, o mədənlərdən neft çıxarıb aparırlarsa, ondan yalnız qan qoxusu gələ bilər.
Elə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da Ağ Ev sahibinin açıqlamasına adekvat cavab verib: “Qərb üçün bir damla PETROL, bir damla QANDAN daha önəmlidir...”
Türkiyə prezidenti çox dəqiq ifadə edib. D.Trampın həmin açıqlamasında daha bir maraqlı və qəribə məqam odur ki, Ağ Ev sahibi Türkiyəyə minnət qoymağı da qətiyyən unutmayıb. Belə ki, o, vurğulayıb ki, “Biz daha Suriyanı və Türkiyəni qorumaq istəmirik. Çünki bu, çox bahalıdır”.
Heyrətlənməkdən başqa əlac qalmır. Çünki Suriyanı dağıdıb, yerlə yeksan ediblər. Dağıdılmış ölkəni terrorçu qruplaşmalar arasında bölüşdürüblər. Yəni parçaladıqları Suriyanı, himayə etdikləri, təlim keçdikləri, ən müasir silahlarla bəslədikləri terrorçulara hədiyyə veriblər.
Həmin terrorçular isə Türkiyənin milli təhlükəsizliyini təhdid edirlər. Gələcəkdə Türkiyəni də Suriyanın vəziyyətinə salmaqla, parçalayıb öz aralarında bölüşdürməklə hədələyirlər. Türkiyə özünü terror təhdidindən qorumaq üçün hərbi əməliyyat keçirməyə qərar verdikdəsə, ABŞ “daş atıb, başını tutur” ki, bunu etmək olmaz. Yəni, bununla ABŞ öz müttəfiqi olan Türkiyənin milli maraqlarına qarşı çıxaraq, əslində məhz terrorçuları qorumuş olur.
Və qəribə də olsa, Ağ Ev sahibi bütün bunları məhz Suriyanın və Türkiyənin qorunması kimi təqdim edir. Hələ üstəlik, minnət də qoyaraq, şikayətlənir ki, bu “qoruma” çox bahalıdır.
Belə anlaşılır ki, prezident D.Tramp öz davranışları, açıqlamaları və “siyasət”iylə ABŞ-ın beynəlxalq imicini ciddi şəkildə dəyişdirməyə nail olub. Düzdür, o, hər imkanda ABŞ-ın əvvəlki beynəlxalq mövqelərini geri qaytarmağa çalışdığını iddia edir. Ancaq atdığı addımlar bunun tam əksinə, yönəlmiş kimi görünür.
Məsələ ondadır ki, onun Ağ Evə ayaq basdığı gündən ABŞ dünyada “demokratiyanın beşıyı”, dünyada demokratiyanı himayə edən superdövlət imicini tamamilə itirib. İndi ABŞ beynəlxalq məkanda öz maraqları üçün digər dövlətlərin xaosa sürüklənməsində baş rol oynayan dövlət, müttəfiqlik öhdəliklərinə sadiq qalmayan, etibarsız və təhlükəli supergüc kimi xarakterizə olunur.
Üstəlik, ABŞ son illərdə prezident D.Trampın sayəsində bəzi beynəlxalq mövqelərini də itirməyə, əsas rəqib dövlətlər qarşısında sürətlə geri çəkilməyə də başlayıb. Belə davam edərsə, ABŞ dünyanın sıradan dövlətlərindən birinə çevrilə bilər.
Yəni, müəyyən mənada hesab etmək olar ki, prezident D.Tramp ABŞ-ı çökdürməkdədir. Bir prezidentlik müddətində Ağ Evin indiki sahibi belə vəziyyət yarada bilibsə, ikinci dəfə dövlət başçısı postina seçilərsə, ABŞ-ın hansı situasiya ilə üz-üzə qala biləcəyi hələlik müəmmalıdır.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert