“İri dövlət qurumlarına dövlət zəmanətli kreditlər alınmasından qaçmaq lazımdır” - GƏLİŞMƏ

19-06-2020, 09:07           
“İri dövlət qurumlarına dövlət zəmanətli kreditlər alınmasından qaçmaq lazımdır” - GƏLİŞMƏ
İki gün əvvəl prezident İlham Əliyev Dünya Bankının nümayəndələri ilə videogörüş keçirib. Görüş Dünya Bankının təşəbbüsü ilə baş tutub. Görüş zamanı Prezident Dünya Bankı ilə əməkdaşlığın səviyyəsindən çox məmnun olduğunu bildirib.

Bankla mümkün əməkdaşlıq istiqamətlərindən danışan ölkə rəhbəri Azərbaycan üçün vacib olan sahələri qeyd edib: “Biz çox mühüm töhfəyə görə olduqca minnətdarıq, ümumilikdə layihələrə 3,5 milyard dollardan çox vəsait ayrılıb. Əlbəttə, bizim gələcək üçün daha çox planımız, ölkənin müasirləşdirilməsi, iqtisadiyyatımızın qeyri-enerji sektorunun inkişaf etdirilməsi və sözsüz ki, infrastruktura investisiya yatırılmasının davam etdirilməsi ilə bağlı planlarımız var. Beləliklə, mən əminəm ki, gələcəkdə çox müsbət əməkdaşlığımız olacaq”.

İ.Əliyev Azərbaycanın qeyri-enerji sektoruna investisiya yatırılmasında maraqlı olduqlarını qeyd edib: “Ciddi şəkildə diqqəti cəmlədiyimiz sahələrdən biri də suvarma və su təchizatı ilə bağlı məsələlərdir. Mən gələcək su idarəetmə sistemlərimiz üçün yol xəritəsini yaratmaq məqsədilə baş nazirin müavininin rəhbərlik etdiyi xüsusi hökumət komissiyası yaratmışam, bir çox nazir bu komissiyanın üzvüdür. Çünki təəssüf ki, infrastrukturun çox hissəsinin istismar müddəti bitib. Bəzi ərazilərdə bizim 40, hətta 50 faiz su itkimiz olur, təsəvvür edin, su resurslarının çatışmadığı bir ölkədə. Xüsusilə ötən il bizdə ciddi quraqlıq oldu. Bu il də həmçinin. Bilirsiniz, sudan bu cür sui-istifadə qəbuledilməzdir. Ona görə də hökumət bunun üzərində çalışır. Biz ilk addımlarımızı 1 və ya 2 ay ərzində atmağı planlaşdırırıq. Ona görə də maliyyələşmə, nəzarət və məsləhətləşmə baxımından mən Dünya Bankını bizim tərəfdaşımız olmağa dəvət etmək istərdim. Çünki sizin bu sahədə çox böyük təcrübəniz var. Ona görə də bu sahənin gündəliyimizə daxil ediləcək məsələlər arasında adını çəkərdim”.

Prezident kənd təsərrüfatının inkişafının da ölkə üçün əsas prioritetlərdən olduğunu deyib: “Biz kənd təsərrüfatının rəqabətqabiliyyətliliyini artırmalıyıq və necə irəliləməyimizlə bağlı anlayışımız olmalıdır. Çünki biz təkcə öz resurslarımızla ehtiyaclarımızı təchiz etməli deyilik, həm də daha çox ixrac potensialımız olmalıdır. Bunun üçün biz mövcud ixrac bazarlarına da daha çox cəlb olunmalıyıq və yeni bazarlar haqqında düşünməliyik. Bunlar hamısı sonuncu reabilitasiya mərhələsində olan nəqliyyat və logistik infrastrukturla bağlıdır. Dünya Bankı sayəsində biz bu sahədə çox vacib layihələr icra etmişik. Hazırda biz əsasən Şimal-Cənub nəqliyyat dəhlizi üzərində çalışırıq. Çünki Şərq-Qərb artıq həyata keçirilib. Paytaxt şəhərdən şimal və cənub sərhədlərinə qədər dəmir yolu şəbəkəmizin reabilitasiyası... Dəmir yolu mövcuddur, lakin yeni yük həcmlərinə görə bizim müasirləşməyə ehtiyacımız var. Beləliklə, bu layihə də bizim gündəmimizə daxildir”.

Qeyd edək ki, keçən il Dünya Bankı ilə Azərbaycan arasında yeni milli iqtisadi inkişaf strategiyasının hazırlanması üzrə danışıqlara başlanıb. Hazırda tərəflər 2016-2020-ci illəri əhatə edən ölkə tərəfdaşlıq strategiyaları əsasında çalışır və onun müddəti cari vəziyyət nəzərə alınaraq bir il artırılıb.

Azərbaycan Dünya Bankının Beynəlxalq İnkişaf Assosiasiyasının donoru qismində də çıxış edir. Bu əməkdaşlıq çərçivəsində 2020-ci ildə Azərbaycan assosiasiyaya 3 milyon dollar vəsait verib.

İqtisadçı-ekspert Pərviz Heydərovun fikrincə, əslində Azərbaycanın Dünya Bankı da daxil olmaqla, heç bir xarici maliyyə qurumundan kredit almasına ehtiyacı yoxdur: “Azərbaycan kimi valyuta ehtiyatları olan kiçik ölkələr azdır. Hazırda bizim zəruri layihələri maliyyələşdirmək üçün maliyyə imkanlarımız var. Lakin müasir dünyada borc almadan yaşamaq qeyri-mümkün hala gəlib. Bir sıra beynəlxalq maliyyə təşkilatları böyük dövlətlərin ayırdığı vəsaitlər hesabına inkişaf etməkdə olan ölkələrə kredit verməyə çalışırlar. Burada əsas məqsəd həmin ölkələri nəzarətdə saxlamaqdır. Koronavirus pandemiyası bu məsələdə həmin qurumlara xeyli imkanlar yaradıb. Artıq 150-dək ölkə Dünya Bankı və Beynəlxalq Valyuta Fondundan yardım istəyib. Bu yardım da elə-belə verilmir, xüsusi şərtlər əsasında verilir. Həmin şərtlər hökumətləri maliyyəni verən qurumlardan asılı vəziyyətə salır. Bu baxımdan, Azərbaycanın pandemiyanın zərərlərindən öz gücü ilə çıxmaq imkanları olduğuna görə yardım üçün müraciət etməyib”.

Ekspert qeyd edir ki, Azərbaycan yalnız özü üçün prioritet olan sahələr üçün xaricdən kredit almağa çalışır: “Prezident də Dünya Bankının nümayəndələri ilə görüşdə bu prioritetləri sadaladı. Hazırda Azərbaycanın xarici borcu Ümumi Daxili Məhsulunun 20 faizindən aşağı həddədir.Yəni borcu ən azı qırmızı xətt olan 30 faizə qədər artırmaq üçün imkan var. Bu baxımdan, zəruri istiqamətlər üzrə kredit alınmasında problem görmürəm. Lakin çalışmaq lazımdır ki, iri dövlət şirkətləri, konsernləri üçün dövlət zəmanəti ilə kredit alınması maksimum məhdudlaşdırılsın. Çünki həmin qurumlar krediti qaytarmaq üçün can yandırmırlar, nəticədə, borclar dövlət büdcəsindən ödənilir. Yəni faktiki olaraq, büdcəni doldurmalı olan böyük dövlət qurumları əksinə, borclarını dövlətin üzərinə qoyurlar. Buna görə də bu praktikadan mümkün olan qədər uzaq durmalıyıq”.
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.