İnternet provayderləri bizi necə aldadır və ya SÜRƏTSİZ İNTERNET
27-01-2016, 21:15
Bir neçə müddətdir ki, istifadəçilər internetin sürətindən narazılıq edirlər. Onlar iddia edirlər ki, provayderlər müqavilədə göstəriləndən bir neçə dəfə az sürət ötürürlər. Həmçinin istifadəçilər şikayətlərində bildirirlər ki, hər ay müvafiq internet haqqı ödəmələrinə baxmayaraq, istədikləri keyfiyyətdə internet tezliyi olmur. İnternetin sürətində problem olur, qoşulma tez-tez itir, ən sadə internet resurslarına qoşulmaqda çətinlik yaranır. Qeyd edək ki, bu günlərdə internetlə bağlı daha bir problem ortaya çıxıb. Belə ki, istifadəçilər internetin qiymətinin qalxdığını bildirirlər. Provayderlər isə qiymətlərin qalxmadığını, sadəcə olaraq endirimli paketlərin ləğv olunduğunu qeyd edirlər.
Məsələ ilə bağlı KATV internet-televiziya provayderi ilə əlaqə saxladıq. Operator Əvəz Hüseynov qəzetimizə açıqlamasında bildirdi ki, gələn şikayət zənginin və müraciətin hər birinə ayrılıqda baxılır. İnternetin sürəti müxtəlif səbəblərdən aşağı düşə bilər. Bu şikayətlər əsasən xətlərdə və modemdə olan problemlərlə əlaqəli olur. İnternetin sürəti günorta saat 12-dən axşam saat 12-dək 8 Mbit/san sürətlə verilir: “Əgər müxtəlif səbəblərdən internetin sürətinin zəifləməsi ilə bağlı şikayət olursa, həmin şikayətin konkret olaraq nədən yarandığını aşkar edib, problemi həll edirik”.
Digər internet provayderləri ilə əlaqə saxlasaq da, onlar bu barədə açıqlama vermək istəmədilər. Provayderlər daxil olan şikayətlərin mənşəyini müəyyən edib problemi aradan qaldırdıqlarını bildirdilər.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz “Kaspi”yə müsahibəsində bu problemin kökündə provayderlərin daha çox pul qazanmaq istəyinin dayandığını bildirdi: “Provayderlər istifadəçiləri aldadırlar. İstifadəçi nəzərdə tutulan sürəti evində və ofisində ala bilmir. Bu isə provayderin onları təmin etməməsi ilə əlaqəlidir. Provayder öz istifadəçilərinin hamısını yetərincə keyfiyyətli internetlə təmin etmək üçün gərək topdansatış provayderdən bəlli bir həcmdə internet ala. Yəni öz istifadəçiləri ilə bağladığı müqaviləyə uyğun həcmdə internet alınmalıdır. Provayder topdansatışdan interneti lazımınca almır. Hətta deyərdim ki, lazım olduğundan xeyli miqdarda daha az alır. Az alınan interneti isə daha çox istehlakçıya satır. Nəticədə 4 Mbit/san göstərilən internet əslində 2 Mbit/san sürətlə verilir. Bu bir növ alıcını çəkidə aldatmaq kimi bir şeydir. Bu üsulla provayderlər böyük gəlirlər əldə etmiş olurlar. Təəssüf edirəm ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti, o cümlədən Rabitə və Yüksək Texnologiyalar Nazirliyi hələlik bu problemə yetəri qədər diqqət yetirə bilməyib. Məhz bu səbəbdən dolayı bu problem uzunmüddətli davam edir”.
O.Gündüz bildirdi ki, problemin həlli üçün istifadəçilər öz haqlarını bilməli və tələb etməldirlər: “Mövcud problemin həlli üçün ilk növbədə istifadəçilər öz haqlarını bilməli və onun uğrunda mübarizə aparmalıdırlar. İstifadəçi nasazlıq hiss edən zaman dərhal provayderə, onun “qaynar xətt”inə, RYTN-ə rəsmi müraciətlər etməlidir. İnternetdə xüsusi sürət proqramı ilə əslində real sürətin nə qədər olduğunu təyin etmək olar. İstifadəçi özü bunu aktlaşdırdıqdan sonra asanlıqla məhkəməyə müraciət edə bilər. Məhkəmə müstəvisində istifadəçi öz haqqını tələb edə bilər”.
Ekspert müəyyən hallarda sürət problemlərinin təbii olduğunu bildirdi: “İnternetin sürətindəki problemin xətlərdə ola bilmə ehtimalı ilə razılaşıram. Lakin şəhər ətrafında və mərkəzdə isə hər hansı sürət problemi olmalı deyil. Kəndlərdə və Bakı ətrafında belə hallar ola bilər. Mərkəzdə olan sürət problemi isə əsasən provayderlərin çəkidə aldatması ilə bağlı olur”.
O.Gündüz həmçinin internetin qiymətinin qalxmasına da münasibət bildirdi: “Qiymət artımına gəldikdə isə provayderlərin hazırda qiymət artımına heç bir əsas yoxdur. Çünki topdansatış provayderi Delta Telecom qiymətləri artırmayacağını elan edib. Satışda qiymət artmadığı halda provayderin qiymət artımı etməsinin isə heç bir qanuni əsası yoxdur. Xüsusilə 50-60 faiz qiymət artımının heç bir izahı yoxdur. Burada söhbət hansısa süni artımdan və provayderlərin gəlir əldə etmək marağından gedir. Belə olan təqdirdə isə qanunun tələbləri pozulur. Prezident İlham Əliyev bu yaxınlardakı müşavirədəki çıxışında da belə hallarla mübarizə aparılmalı olduğunu qeyd etdi. RYTN və İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti yoxlama apararaq bunun səbəbini müəyyən etməli və istifadəçilərə rəsmi açıqlama verməlidir”.