Rail Rzayevin qətlinin 7-ci ildönümündə ilginc məlumatlar ortaya çıxdı
11-02-2016, 09:45
Ərəstun Oruclu: "MTN-in keçmiş rəhbərliyi Rail Rzayevin qətli ilə bağlı çox ciddi şəkildə istintaq-əməliyyat tədbirlərinə cəlb olunmalıdır"
7 il əvvəl - 2009-cu il, fevralın 11-də Bakının mərkəzində Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə Qoşunlarının (HHQ HHMQ) komandanı, general-leytenant Rail Rzayevi başına açılan atəşlə qətlə yetirdilər.
Hadisədən sonra belə bir qənaət formalaşmışdı ki, komandanın qətlini törədən, qanlı aksiyanın icrasını tapşıran tezliklə yaxalanacaq. Bu qənaətin formalaşması əbəs deyildi - öldürülən müdafiə nazirinin müavini, ölkənin hava məkanına cavabdeh general-leytenant idi.
Amma bu baş vermədi. Əvəzində qətldən sonra generalın yaxın ətrafına daxil olan 10-a yaxın şəxs həbsə alındı, 100-lərlə şəxs istintaqa cəlb edildi. Həbslər birbaşa generalın qətlinə aid olmadı. Tutulanları oğurluq, vəzifədən sui-istifadə maddələri ilə ittiham edib cəzalandırdılar. Qatil və sifarişçi isə istintaqdan kənarda qaldı. Nəhayətdə cinayət işinin istintaqı dayandırıldı və arxivə göndərildi...
Komandana qarşı terrorun 7-ci ildönümündə Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu ilə bu mövzuda söhbətləşdik, həmin günlərə ekskurs etdik.
Mərkəz rəhbəri dedi ki, həyatdan məhrum edilən Rail Rzayev Azərbaycan Silahlı Qüvvələrində təcrübəli, sözünün çəkisi olan bir general olub:
- Rail Rzayev öz sahəsinin professionalı idi. Təsadüfi deyil ki, o qətlə yetirilənə qədər barəsində çox az məlumat vardı. Hərbi, təhlükəsizlik sahəsindəki professionalların mediada qabardılmasına ehtiyac da yoxdur. Yəqin ki, Rail Rzayevin qətlə yetirilməsinin səbəblərindən biri elə bu idi. Digər bir səbəbi isə həmin dövrdə Azərbaycanın hərbi əməkdaşlığında, xüsuslə də hərbi texnikanın və inventarın alınmasında kursun dəyişikliyində görürəm. Həmin vaxt hərbi əməkdaşlığın böyük bir hissəsi İsrail-Azərbaycan hərbi əməkdaşlığının payına düşür. Rail Rzayev qətlə yetirildikdən sonra müxtəlif versiyalar səsləndirildi. Guya ailəsi İsraildədir, özünün də bileti olub, ora getməli imiş və s. İsrail mövzusunun ortaya atılması təsadüfi deyildi.
Müxtəlif mənbələrin verdiyi məlumatlardan aydın olur ki, Azərbaycan-İsrail hərbi əməkdaşlığında Rail Rzayev əsas fiqurlardan olub. Azərbayacanın Rusiyadan kənar bir dövlətlə əməkdaşlığı aydın məsələdir ki, MDB məkanını öz maraq dairəsində görən şimal qonşumuz üçün heç bir halda məqbul deyildi. Rail Rzayevin qətlinin başlıca səbəblərini araşdırmaq istəyiriksə, onun qətlindən sonra nələr dəyişdi sualına da cavab axtarmalıyıq. Əvvəla, Rail Rzayevin qətlindən sonra onun dəfni tələm-tələsik həyata keçirildi. Sanki insanın artıq qətlə yetirilmiş bədəninin fiziki mövcudluğunu belə gizlətməyə çalışırdılar. Bu ranqda generalın, hərbçinin dəfni başqa bir formatda keçirilə bilərdi.
- Üstəlik, dəfnə də getmədilər...
- Təəssüf ki, bu, belə oldu.
- Səfər Əbiyev özünün müavini olan Rail Rzayevin dəfnində, 3 mərasimində iştirak etmədi. Dedilər ki, Dubayda silah sərgisindədir. Məgər Dubaydan geri dönmək üçün Rail Rzayevin qətli ciddi əsas deyildi?
- Rail Rzayevin qətli və ondan sonra baş verənlər müəmmalarla zəngindir. Müdafiə naziri harada olmasından asılı olmayaraq orada iştirak etməli idi. Dəfni 1 gün təxirə saldırmaq nə çətin iş idi ki? Müdafiə naziri bu cinayətin araşdırılmasında israrlı olmalı idi, amma olmadı. Artıq Səfər Əbiyev ölkədə deyil və inanmıram ki, ona qətllə bağlı suallar vermək istəsələr belə, o, Azərbaycana gəlib məmnuniyyətlə istintaqın suallarına cavab vermək istəyər... Rail Rzayev qətlə yetirildi və Azərbaycanın hərbi əməkdaşlıq vektoru yenidən Rusiyaya yönəldi. Bundan sonra Rusiya Azərbaycana bir sıra müasir silahlar da satdı. Azərbaycan-Rusiya hərbi əməkdaşlığının həcmi artdı.
- Bu həcmi faizlə ifadə etsək, hansı rəqəm səsləndirilə bilər?
- Bəzən 90-92% rəqəmləri səsləndirilir. Düşünürəm ki, daha artıqdır. Bundan əvvəl isə bu rəqəm çox aşağı idi. Birdən-birə vəziyyət Rusiya ilə əməkdaşlığın xeyrinə dəyişdi. Deməli, bu hadisənin baş verməsinə silah bazarı uğrunda gedən mübarizənin də təsiri olmamış deyil və bəlkə də elə əsas səbəb bu olub.
- Sizcə, bu qətlin əks-sədası siyasi sferada hiss edildimi?
- Belə bir qətlin həyata keçirilməsi həm də siyasi mesajlar verildiyi deməkdir.
- Rail Rzayevin qətlindən sonrakı istintaq hərəkətləri adekvat idimi?
- Qətldən sonra baş verənlər əsasən qətlin motivindən və sifarişçisindən diqqəti yayındırmağa xidmət edirdi. Çox ziddiyyətli məlumatlar sızdırılırdı. Qətli az qala şəxsi motivlərlə bağlayırdılar. Azərbaycanın xarici partnyorları ilə bağlayırdılar. Geniş, əhatəli bir spektrdə ən müxtəlif versiyalar səsləndirilirdi. Maraqlı məqam da bu idi ki, məsələnin araşdırılmasında önəmli rol oynamalı olan Milli Təhlükəsizlik Nazirliyi sanki yaxasını kənara çəkdi. Eldar Mahmudov ortaya 4 versiya atıb kənara çəkilmişdi. Bu, MTN-in qətlin araşdırılmasında maraqlı olmadığını göstərirdi.
- Sizcə, niyə maraqlı deyildilər? Səbəb nə idi?
- Eldar Mahmudovun rəhbərlik etdiyi qurum son 10 ildə Azərbaycanın maraqlarına xidmət eləməyib. Bu adamlar ən müxtəlif xarici dairələrlə geniş rakursda əməkdaşlıq ediblər. Bütün fəaliyyətləri dövründə Azərbaycanın maraqları ən axırıncı yerdə olub.
- Belə başa düşmək olar ki, Eldar Mahmudov Rail Rzayevin qətlinin üstünün açılmaması üçün fəaliyyət göstərib?
- Mümkündür ki, MTN xaricdən aldığı sifariş əsasında bu cinayətin məhz gizlədilməsində maraqlı olub. MTN ola bilsin ki, cinayət haqda kifayət qədər məlumatlı olub, amma bu məlumatı üzə çıxarmayıb. Ona görə də 4 çaşdırıcı və bir-birinə zidd “versiya” ortaya atıldı. Milli təhlükəsizlik nazirinin səsləndirdiyi ən gülünc versiya qətlin məişət zəminində törədilə bilməsi ehtimalı idi.
- Eldar Mahmudov qətli xarici qüvvənin törətməsi versiyasını da səsləndirmişdi. Sizcə, hansı xarici qüvvədən söhbət gedirdi?
- Məsələ də ondadır ki, əgər nazir xarici qüvvə versiyasını səsləndirirsə, niyə görə istintaqa həmin xarici qüvvə ilə bağlı toplanan materiallar təqdim olunmayıb? Təqdim olunubsa, niyə araşdırma aparılmadı? Bilirsiniz ki, Eldar Mahmudov MTN rəhbərliyinə gələndən sonra “Qara Kəmər” əməliyyatı keçirildi. Bir şou çəkdilər, Hacı Məmmədovdan ələkeçməz qanqster düzəldib cəmiyyətə təqdim etdilər. Hacı Məmmədov 2005-ci ildə həbs olunub mühakimə edildikdən sonra onu MTN-in istintaq təcridxanasında saxladılar. Üstəlik, qanunvericiliyə dəyişiklik edilməsinə nail olub MTN-in istintaq təcridxanasına cəzaçəkmə müəssisəsi statusu verdirdilər. Bir çox cinayətləri Hacı Məmmədovun ayağına yazdılar. Onun törətdiyi cinayətlərlə yanaşı, törətmədiklərini də boynuna almasına nail oldular.
- Belə cinayətlərdən biri də “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovun qətlinin Hacı Məmmədovun boynuna qoyulması idi. Sonradan bu baş tutmadı...
- Bəli, Elmar Hüseynovla bağlı hissədə baş tutmadı, amma başqa qətllərin Hacı Məmmədovun ayağına yazıldığını istisna etmirəm. Məsələn, kriminalist Rövşən Əliyevin qətli ilə bağlı kifayət qədər zidiyyətli məlumatlar var. Prokurorluğun şöbə rəisi Füzuli Məmmədovun ölümünü məişət zəminində qətl kimi təqdim etdilər. Ehtimal edirəm ki, Rail Rzayevin qətlindən əvvəl müvafiq dövlət orqanlarında belə bir hadisənin baş verəcəyi haqda məlumat olub. MTN-in keçmiş rəhbərliyi Rail Rzayevin qətli ilə bağlı çox ciddi şəkildə istintaq-əməliyyat tədbirlərinə cəlb olunmalıdır. Rail Rzayevin qətlindən əvvəl onun ətrafında həyata keçirilmiş əməliyyatlar, onunla əlaqəli izləmələr, dinləmələrlə bağlı çox ciddi sorğu-suallar aparılmalıdır. MTN-in müvafiq qurumlarında araşdırmalar aparılmalıdır. Düşünürəm ki, bu halda bir çox məsələlərə aydınlıq gələcək və Rail Rzayevin qətli ilə bağlı meydana çıxan sualların cavabları da aydınlaşacaq.
- Xatırlayırsınızsa, Rail Rzayevi Eldar Mahmudovun eyvanının altında, çoxsaylı nəzarət kameralarının “gözü” qarşısında qətlə yetirmişdilər. Belə bir halda Azərbaycan istintaqçılarının acizlik göstərib ortaya konkret nəticə çıxarmaması qeyri-professionallığın göstəricisidir, yoxsa başqa səbəblər var?
- Kameraların mövcud olduğu sahədə ölkənin hava məkanına nəzarət edən bir generalın qətlindən söhbət gedirsə, burada naşılıqdan, qeyri-peşəkarlıqdan danışmaq əsas məsələdən yayınmaqdır. İstintaq məqsədli şəkildə lazımi istiqamətdə aparılmayıb. MTN rəhbərliyi də cinayətin icraçı və sifarişçilərinin gizlədilməsində maraqlı olub. Bu gün bu məsələlər araşdırılmalıdır. Niyə görə o kameraların qeydlərində heç bir şey tapılmayıb? Əksinə, günahsız adamlar zorakılığa, işgəncələrə məruz qoyulmaqla istintaqa cəlb olundular. Diqqət edin - Rail Rzayevin qətli işinin istintaqı eynilə Neft Akademiyasında baş verən terror olayının istintaqının sxemi üzrə aparıldı. Orada da əsas iş qaldı kənarda, 3 gənci müxtəlif üsullarla şərləyib ömürlük və digər ağır cəzalara məhkum etdilər.
Bu gün həmin olayı geriyə qayıdıb araşdırmaq istəyən isə yoxdur. Baş prokuror bu yaxınlarda “MTN işi” üzrə 63 sahibkarın zərərçəkən kimi tanındığını açıqladı. Həmin açıqlamada söhbət həm də onlarla yüksək MTN rəsmisinin istintaqa cəlb olunması və həbsə alınmasından gedirdi. 1 nəfər müəmmalı şəkildə guya intihar etdi. Nəyə görə onları adi bir istintaq təcridxanasında saxlayırlar? Axı yeni yaradılmış DTX-nin istintaq təcridxanası kifayət qədər etibarlıdır. Nəyə görə bu qədər yüksək çinli MTN-çi həbsdə olduğu bir vaxtda Eldar Mahmudov hələ də istintaqa cəlb olunmayıb, onun və yaxınlarının İran xüsusi xidmət orqanları ilə əməkdaşlığını araşdırmayıb?
- Rail Rzayevin qətlindən sonra fakt üzrə Cinayət Məcəlləsinin 120.2.3-cü - zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürmə maddəsi ilə cinayət işi başlandı... Bu doğru idi?
- Rail Rzayevin qətli birmənalı olaraq siyasi terror olayıdır. Mətbuata da yalan məlumat ötürdülər ki, qətldə guya tapançadan istifadə olunub. Ağlasığmaz versiyalar ortaya atılırdı. Guya qətldə bir killer üçün nəzərdə tutulan, barmaq izinə reaksiya verən tapançadan istifadə edilmişdi. Bütün bunlar diqqəti məsələnin mahiyyətindən yayındırmaq üçün ortaya atılırdı. Rail Rzayevi snayper öldürüb. Ona atəş snayper silahından açılıb. Snayper qəfildən gəlib haradasa oturub atəş açmır. Snayperə qədər qurban izlənilib, onun hərəkət trayektoriyası, harada dayanacağı öyrənilib. Çünki snayper şəhərin ortasında haradan gəldi atəş açmır və aça da bilməz. Hədəfi harada vuracağını dəqiq bilir. Deməli, snayper Rail Rzayevin maşınının harada dayanacağını da dəqiq bilib. Çünki atəş hərəkətdə olan maşına açılmamışdı. Bütün bu hazırlıqlar müəyyən zaman tələb edir və bunu 1 nəfər eləmir. Heç bir halda snayper hazırlıqları tək görmür. O icraçıdır, müəyyən olunmuş zamanda və məkanda gəlib qətli icra edir. Yəni cinayətdə digər iştirakçılar da olub. O şəxslər kimlər olub? Niyə özlərini bu qədər sərbəst aparıblar?
- Rail Rzayevin qətlindən sonra Müdafiə Nazirliyinin digər generalı Nəcməddin Sadıqov olduqca sensasion sayıla biləcək açıqlama verdi. “Röyters”ə dedi ki, Rail Rzayevi qətlindən əvvəl izləyiblər. Sizcə, niyə bu məsələ qətldən əvvəl araşdırılmayıb, müvafiq tədbir görülməyib?
- Rail Rzayevin qətli ilə bağlı Müdafiə Nazirliyinin heç bir rəsmininin sözlərinin səmimiliyinə inanmaq olmaz. Amma haqlı sualdır. Əgər Rail Rzayev izlənilirsə və bunu Nəcməddin Sadıqov deyirsə, niyə məsələ prezidentə məruzə olunmayıb? Nəyə görə Təhlükəsizlik Şurasının müzakirəsinə çıxarılmayıb? Söhbət adi bir zabitdən getmirdi. Xarici ölkələrin nəzarət edə bilmədiyi hava məkanına rəhbərlik edən, hərbi hava qüvvələrinin komandanı Rail Rzayevdən gedirdi. Nəcməddin Sadıqov bunu nəyə görə söylədiyinə aydınlıq gətirməlidir. Ola bilər ki, Rail Rzayev izləndiyini özü Nəcməddin Sadıqova deyib. Mümkündür ki, kimsə Nəcməddin Sadıqovun yanında Rail Rzayevin izləndiyini deyib. Bunlar hər biri versiyadır və bütün versiyalar araşdırılmalı idi. Ona görə də hesab edirəm ki, Rail Rzayevin qətli ilə bağlı yenidən istintaq təyin olunmalıdır.
musavat/com