Xəyalları suya düşən məzunlar: “Elə arzularımız vardı ki...”

3-06-2021, 07:21           
Xəyalları suya düşən məzunlar:
İndi nə təlaş var, nə də həyacan – sükut duman kimi ətrafı bürüyüb

Min bir əziyyətlə qazanılan tələbəlik illərini faydalı keçirmək, yaddaqalan etmək və beləcə də başa vurmaq 2021-ci il məzunlarının da istəyi olub. Lakin onlar pandemiya və onun diqtə etdiyi şərtlər daxilində bir il yarımlarını auditoriyalardan kənarda, onlayn dərslərə qoşulmaqla keçirmək məcburiyyətində qaldılar.

Artıq tələbəlik illəri yekunlaşmaq üzrədir. Kimi diplom işinin müdafiəsinə, kimi də dövlət imtahanına hazırlaşır. Bəs məzun günləri? Əvvəlki illərin tələbələri bu hazırlıqlara məzun gününü qeyd etməyi də əlavə edərdilər. Bu il isə nə o təlaş var, nə də o həyacan. Bir sakitlik hiss edilir.

AYNA 2021-ci il məzunları ilə həmsöhbət olub. Məzun gününü necə xəyal etdikləri və pandemiya şərtləri daxilində hansı formada keçirməyi planlaşdırdıqlarını öyrənməyə çalışıb.


İlahə Həsənzadə (Xəzər Universiteti): “Mən məzun gününü belə planlaşdırmışdım ki, universitetdə olacağıq, müəllimlərimizlə görüşəcək, fərqlənməylə bitirdiyim üçün təltifnamə alacağam... Amma heç ürəyimcə alınmadı. Həmin günü restoranda qeyd edəcəyimizi düşünürdüm, amma olmadı. Sadəcə qrup yoldaşlarımızla çəkiliş etdik. Yenidən birlikdə olmaq, müəllimlərimizi görmək xoş oldu. Əsas odur ki, sağ-salamat məzun olduq və çəkilişdən çox gözəl xatirələrimiz qaldı. Bununla kifayətlənməli olduq”.

Pəri Abbaslı (Bakı Dövlət Universiteti): “Universitetə daxil olandan bəri məzun günü haqqında çox da düşünməmişəm. Orta məktəb dövründən bu cür tədbirləri çox da sevməmişəm və bu, universitet illərində də dəyişmədi. Ona görə məzun günümün necə keçəcəyi, necə keçirmək istədiyim barədə xəyallarım yox idi. Lakin pandemiyaya görə məzun günümüzü qeyd edə bilməyəcəyimizi bildikdən sonra istər-istəməz xəyallar qurursan ki, görəsən, pandemiya olmasaydı, necə olardı. Düşünürəm ki, hər halda Bakı Dövlət Universitetinin 100 illiyi dövründə olduğu kimi çox təmtəraqlı keçməsə də, sadə formada keçirmək pis olmazdı. Ən azından bununla da tələbəlik illərinə yekun vurduğumuzu hiss edərdik. Biz yalnız üç il ənənəvi qaydada oxuya bildik. 31 may günü məzun hesab edilsək də, bəzilərimizin diplom müdafiəsi, bəzilərimizin isə dövlət imtahanı ilə bağlı qərarların hələ verilməməsi yarmçıq tələbəlik hissiyatına qapılmağımıza səbəb olur. Sanki, nə tələbə kimi tələbəyik, nə məzun kimi məzunuq. Düşünürəm ki, pandemiya olmasaydı, bakalavrı yekunlaşdırdığımızı hiss edərdik. Mövcud vəziyyət yığışıb birlikdə məzun gününü qeyd etməyimizə də mane olur. Nə restorana gedib qeyd edə bilirik, nə də başqa yerdə toplaşa bilirik. Dərslər onlayn olduğundan bir çox tələbə yoldaşlarımız rayona, öz evlərinə gediblər. Buna görə bir yerə yığışmaq da ayrı bir çətinlik yaradır. Bunlara baxmayaraq, ümid edirəm ki, yaxın günlərdə tələbə yoldaşımlarla birlikdə xoş vaxt keçirib məzun olduğumuzu qeyd edə biləcəyik”.

Merac Ömərov (Azərbaycan Dövlət Neft və Sənaye Universiteti): “Pandemiyaya görə ənənəvi qaydada məzun gününü keçirəcəyimizdən ümidi kəsmişdim. Məzun gününü qeyd etməkdən çox, universitetimizə getməyi, müəllimlərlə görüşməyi arzulayırdım. Tələbələrlə dolu dəhlizləri, müəllim-tələbə heyətinin bir yerə toplaşdığını görməyi çox istərdim”.

Aysel Fətullayeva (Bakı Dövlət Universiteti): “Məzun gününün rəsmi şəkildə, hər il olduğu kimi universitetdə keçiriləcəyini xəyal edirdim. Təəssüf ki, bunu COVID-19 pandemiyasına görə reallaşdıra bilmədik. Ancaq yenə də çalışdıq ki, müəyyən şərtlər daxilində də olsa, bu günü yaddaqalan edək. Mövcud vəziyyət bəzi çətinliklər törətsə də, bunu bacardıq. Hər şeyi öncədən planlaşdırmışdıq və plan üzrə də rahat bir şəkildə keçirə bildik. Bütün məzunları təbrik edirəm!”.

Eşqin Həsənov (Azərbaycan Dövlət Aqrar Universiteti): “Məzun günü haqqında əvvəldən hansısa xəyallarım olmayıb. Sadəcə universitetimizin “Məzun yarmarkası”nda iştirak etməyi düşünürdüm. Yarmarkada aqrar sahədən olan sahibkarlar, iri şirkətlər vakansiyalar təklif edirlər. Bu, universiteti bitirən kimi işlə təmin olunmaq üçün böyük fürsətdir. Mənim üçün də maraqlı idi. Pandemiyaya görə yarmarka onlayn oldu. Bu da ürəyimcə olmadı. Birbaşa ünsiyyətdə olmaq istərdim”.

Günay Bəhramzadə (Prezident yanında Dövlət İdarəçilik Akademiyası): “Məzun günü ilə bağlı planlarım yox idi. Açığı, bunu çox da önəmsəmirəm. Ona görə bu haqda nə əvvəllər düşünmüşəm, xəyallarım olub, nə də indi düşünürəm. Məzun günü ilə bağlı tələbə yoldaşlarımdan da təşviq gəlmədi. Görünür, hər kəsin başı qarışıqdır, başqa işləri çoxdur, ya da məni kimi çox da əhəmiyyət vermirlər. Əsas olan imtahanları kəsirsiz başa vurmaq idi. İndi də fikrim diplom işimi müdafiə edib bakalavr mərhələsini tamamlamaqdadır. Qeyd etməyə günlərimiz çox olacaq”.

Elcan Nəhmətov (Azərbaycan Dövlət Pedeqoji Universiteti): “Hər bir tələbənin həyatında ən yaddaqalan, unudulmaz anlarından biri, sözsüz ki, məzun günüdür. Hamı kimi biz də məzun günümüzü qeyd etmək üçün bir çox şeylər düşünürdük. Lakin planlaşdırdıqlarımızı pandemiya şəraitinə görə qeyd edə bilmədik. Qrup yoldaşlarımızla birlikdə məzun şəkli çəkdirməyi düşünürük. Ürəyimizcə olmasa da, hazırkı şəraitə uyğun bunu edə bilirik. Ümid edirəm, tez bir zamanda pandemiya bitər və məzunlar məzun gününü qeyd edərlər”.


Fərqanə Ələsgərli (Xəzər Universiteti): “Mən xəyal edirdim ki, məzun gününü qrup yoldaşlarımız və müəllimlərimiz ilə açıq havada, dəniz kənarında olan restoranların birində keçirəcəyik. Daha sonra məzun geyimlərimizi geyinib hamımız şəkil çəkdirəcəyimizi düşünmüşdüm. Pandemiyaya görə bir çox planlarımız qaldı. Çünki mövcud şəraitin yumşalması iyun ayının ilk günlərində başlayır. Bizim final imtahanlarımızın başlaması ilə üst-üstə düşür. Buna görə məcbur olaraq may ayının sonlarına yaxın gözəl bir çəkiliş etdirdik. İmtahanlardan sonra isə bəzi qrup yoldaşlarımız rayonlarına və ya kəndlərinə gedəcək, oğlanlar isə əsgərliyə. Ona görə də mənim xəyal etdiyim formada toplaşmağın mümkün olmayacağı açıq-aydın görünür. Oktyabrda universitet tərəfindən bütün məzun olanlar ilə tədbirimiz olmalıdır. Lakin o zamana kimi olacağı və ya olmayacağı dəqiq məlum deyil. Əslində bu şəraitdə bir yerə yığışıb çəkiliş etdirməyimiz belə mənə çox xoş oldu”.



Qeyd edək ki, bu il məzun gününü qeyd edib-etməyəcəkləri ilə bağlı bəzi universitetlərə də sorğu göndərdik.



Azərbaycan Dövlət Pedoqoji Universiteti: “Məzun gününün keçirilib-keçirilməməsi Nazirlər Kabinetinin verəcəyi qərarlarla müəyyənləşəcək. Lakin mövcud vəziyyətin, pandemiyanın yaradacağı imkanlar daxilində əyani və yaxud distant formada ADPU-nun 100 illik tədbiri keçiriləcək”.



Mənsur İbrahimov (Bakı Slavyan Universitetinin Mətbuat və informasiya şöbəsinin müdiri): “Bakı Slavyan Universitetində Məzun gününün 2020-2021-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasının başa çatmasından sonra keçirilməsi nəzərdə tutulur. Universitetdə Məzun günü ilə bağlı onlayn formada vebinar keçiriləcək və həmin vebinarda sosial fəaliyyətləri ilə fərqlənən tələbələrə "Fəxri Məzun" diplomu təqdim ediləcək. Eyni zamanda həmin tələbə-gənclərin həm pandemiya dövründə, eləcə də Vətən müharibəsi dövründə sosial fəaliyyətlərini əks etdirən videoçarx nümayiş etdiriləcək”.



Azərbaycan Dillər Universiteti: “Hələlik bu barədə konkret qərar verilməyib. Ümid edirik, yaxın günlərdə qərar açıqlanacaq. Bu, təkcə universitetin qərar verdiyi məsələ deyil. Ona görə biz də gözləyirik”.



Xəzər Universiteti: “Karantin qaydalarına əməl edərək məzun gününü keçirmirik”.



Bakı Dövlət Universiteti: “Məzun gününün keçirilib-keçirilməməsi hələ dəqiq bəlli deyil”.



Azərbaycan Dövlət Aqrar Universiteti: “Onlayn formada “Məzun Yarmarkası-2021” keçirilib. Hazırda əlavə tədbir keçirilməsi planlaşdırılmayıb”.

Müəllif: Aləmdə Nəsib












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.