MDB kimin işinə və NECƏ YARAYIR? - İNCƏLƏMƏ...

30-12-2021, 09:27           
MDB kimin işinə və NECƏ YARAYIR? - İNCƏLƏMƏ...
Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə dekabrın 28-də Sankt-Peterburqda Müstəqil Dövlətlər Birliyi dövlət başçılarının qeyri-rəsmi görüşü keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak edib. Rusiya prezidenti Vladimir Putin MDB-nin yaradılması ilə bağlı çıxışında bildirib ki, MDB oraya daxil olan dövlətlər üçün çox mühüm əhəmiyyət kəsb edir. MDB-nin saxlanması, güclənməsi lazımdır.

Bəs MDB-nin saxlanması, mövcud olması Rusiyadan başqa hansı ölkələrə lazımdır? Məsələn, Azərbaycana nə kimi üstünlük qazandırır bu təşkilat? Teref.az-ın məlumatına görə, politoloq Qabil Hüseynli “Yeni Müsavat”a bildirdi ki, MDB-ni Rusiyanın yaratdığı məlumdur. SSRİ dağılandan sonra Rusiya keçmiş SSRİ respublikalarına təsir mexanizmlərindən biri kimi məhz MDB-ni yaratdı. Diqqət edirsinizsə, SSRİ-nin rəsmən tarixə qovuşması ilə eyni dövrdə Moskva MDB adlı yeni formatı elan etdi: “Müstəqil Dövlətlər Birliyi-keçmiş SSRİ ölkələrinin əksəriyyətinin birləşdiyi dövlətlərarası birlikdir. Qərargahı Minsk şəhərində yerləşir. Təşkilat 8 dekabr 1991-ci ildə yaradılıb. İlkin dövrdə 3 dövlət - Rusiya, Ukrayna, Belarusiya tərəfindən qurulduğu elan olunmuşdu. MDB-nin yaradılması haqqında ilkin qərarda belə bir fikir əks olunur ki, bu dövlətlər SSRİ-nin dağılmasının labüdlüyünü anlayır və öz aralarında sonralar siyasi, iqtisadi, mədəni əlaqələri genişləndirmək üçün bu qurumu təşkil edirlər. Həmçinin MDB SSRİ-nin ”mədəni dağılmasını", onun mülklərini keçmiş ittifaq ölkələri arasında paylaşdırmaq üçün təşkil edilmişdi.

Daha sonralar Azərbaycan, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan 21 dekabr 1991-ci ildə Alma-Atada Rusiya, Ukrayna və Belarusiya ilə birlikdə MDB-yə qoşulmaq haqqında razılığa gəldilər.

Azərbaycan Parlamenti bu qərarı yalnız 1993-cü ilin sentyabrında ratifikasiya etdi və MDB-nin tam hüquqlu üzvü oldu.

1993-cü ilin oktyabrında MDB-yə üzv qəbul edilən Gürcüstan 2008-ci ilin avqust ayında rus ordusunun Gürcüstana daxil olmasından sonra qurumun üzvlüyündən çıxıb.Türkmənistan 2005-ci ildən MDB-də müşahidəçi kimi fəaliyyət göstərir. Ukrayna isə 2014-cü ilin mart ayında rus ordusunun Krıma daxil olmasından sonra həmin qurumun üzvlüyündən çıxıb.

1993-cü ildə MDB-nin Nizamnaməsi qəbul edilib. Nizamnamədə dövlətlərin aşağıdakı birgə fəaliyyət sahələri vurğulanır: İnsan hüquq və azadlıqlarının təmin olunması; Xarici siyasət fəlaiyyətinin əlaqələndirilməsi; Ümumi iqtisadi məkanın formalaşdırılmasında, nəqliyyat və rabitə sahələrində əməkdaşlığın inkişaf etdirilməsi; Əhalinin sağlamlığının və ətraf mühitin qorunması; Sosial və immiqrasiya siyasəti məsələləri; Mütəşəkkil cinayətkarlıqla mübarizə; Müdafiə siyasətində və xarici sərhədlərin mühafizəsində əməkdaşlıq.

Dövlət başçıları şurası MDB-nin ali orqanı olsa da MDB-nin lideri defakto Rusiya prezidentidir. Rusiya 30 il ərzində bu qurumun SSRİ-yə oxşar bir ittifaqa çevrilməsinə çalışsa da müsbət nəticə əldə etməsi mümkün olmayıb. Rusiya üçün MDB “Mənim orbitimdə hələ də dövlətlər birliyi var” mesajını dünyaya, rəqiblərə nümayiş etdirmək üçün siyasi alətdir. Lakin əslində MDB dünya siyasi səhnəsində özünə elə də ciddi yer tapa bilməyən qurumdur. Bu qurumun daxilində olan bir neçə ölkələr sözdə birlikdə olsalar da 30 ilə yaxındır reallıqda bir-biri ilə münaqişə vəziyyətindədirlər. Onları həmin qurumda formal da olsa bir arada tutan Rusiya faktorudur".

Bununla yanaşı, politoloq hesab edir ki, Rusiyadan başqa MDB-də olan respublikalar, o cümlədən Azərbaycan üçün də bu qurumda olmaq müəyyən imkanlar açır: “Konkret olaraq Azərbaycana gəlsək, birincisi, MDB-də olmaq Rusiyanın bizə qarşı aqressiyasının qarşısını alan amillərdən biri kimi çıxış edə bilir. İkincisi, Ermənistanın bu qurumdan Azərbaycana qarşı istifadəsinin qarşısını alır. Üçüncüsü, MDB-yə üzv ölkələrlə-Ermənistan xaric-iqtisadi, siyasi, mədəni əlaqələrin qurulmasında, inkişafında əlavə imkanlar, yollar açır. Rusiyada yaşayan və sayı milyonlarla ölçülən azərbaycanlıların maraqları baxımından da MDB-də olmağımızın müəyyən qədər önəminin olduğundan da danışmaq mümkündür”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.