Azərbaycan Türkiyəyə 1 milyard avronu niyə verir? "Nə riski var, nə də bizə faydası..."

24-01-2022, 00:03           
Azərbaycan Türkiyəyə 1 milyard avronu niyə verir?
Azərbaycan və Türkiyə 1 milyard avro dəyərində valyuta svop sazişi imzalamağa yaxındır. Bu barədə “The Middle East Eye” Türkiyədə iki yüksək vəzifəli məmura istinadən yazır. Mənbələr bildirirlər ki, belə bir razılaşma Ankaraya Türkiyə Mərkəzi Bankının ehtiyatlarını artırmağa kömək edəcək və ölkənin bu yaxınlarda bir neçə ölkə ilə bağladığı svop sövdələşmələrindən biri olacaq. “Saziş demək olar ki, yekunlaşıb. Yalnız vaxt tələb edən bürokratik məsələləri həll etmək qalır”, – Türkiyənin yüksək rütbəli rəsmisi bildirib. Xatırladaq ki, bundan əvvəl Türkiyə BƏƏ ilə ölkədəki valyuta böhranı fonunda 5 milyard dollarlıq svop müqaviləsi imzalamışdı.

Bu xəbər Azərbaycanda geniş müzakirə olunur və iqtisadçılar, sosial şəbəkə fəalları ötən il iki dəfədən çox dəyər itirən Türkiyə lirəsinə bu həcmdə dəstəyi tənqid edirlər. Qeyd olunur ki, 1 milyard avro Türkiyə Mərkəzi Bankı tərəfindən lirənin məzənnəsinin tənzimlənməsində istifadə olunacaq və tədricən dəyərsizləşəcək. Qarşıdakı aylarda qardaş ölkənin bu vəsaiti xarici valyutada qaytarmaq imkanı yoxdur və Mərkəzi Bankın ehtiyatlarının bu məsələyə yönəldilməsi yolverilməzdir.

İqtisadçı Rövşən Ağayev Pressklub.az-a bildirib ki, müzakirə zamanı aydınlaşıb ki, bu svop sazişi deyil, amma istənilən halda Türkiyəyə borc verilir: “Media bu məqamda yanlışlığa yol vermişdi. Əslində, bu, siyasi mövzudur və bizə nə riski, nə də faydası var. Güman ki, kifayət qədər yaxşı siyasi-iqtisadi əlaqələrə malik bir ölkə üçün iqtisadi dəstək addımıdır. Borc svop əməliyyatı kimi aparılmır. Sadəcə, Türkiyə Mərkəzi Bankında avro ilə depo hesabı açılır və Azərbaycan Mərkəzi Bankı öz aktivlərindən 1 mlrd. avro həcmində hissəsini orada saxlayacaq. Bu, həm Türkiyə Mərkəz Bankının valyuta mövqeyinin yaxşılaşdırılmasına, həm də ehtiyac olduğu zaman istifadəsinə yararlı olacaq”.

İqtisadçı Məmməd Talıblı da Pressklub.az-a bildirib ki, Azərbaycan Mərkəzi Bankının bu addımı Türkiyədə lirənin möhkəmlənməsinə dəstək məqsədilə atılıb:

“İki tərəf müəyyən müddətdə öhdəliyə əsasən müxtəlif faiz ödəmələrini və ya valyuta növünü qarşılıqlı olaraq dəyişdirəcəkləri ilə bağlı öhdəliklər götürmüş olurlar. Yəni, valyutaların konvertasiyasını həyata keçirə biləcəklər. Mənim fikrimcə, Türkiyədə dollara tələbin artması fonunda Azərbaycanda monetar sahədə qarşılıqlı yardım məqsədilə bunlar edilir. 2018-ci ildə Qətərlə 10 mlrd. dollarlıq da saziş bağlanmışdı. Bu, istehsalın yarada bilmədiyi dolları, qarşılıqlı öhdəliklər əsasında tərəfdaş ölkələrin dəstəyi ilə əldə etmək yoludur”.

Turqut












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.