1 milyon tonluq pambıq rekorduna doğru - VİDEO

3-02-2022, 11:40           
1 milyon tonluq pambıq rekorduna doğru - VİDEO
Azərbaycan pambıqçılıq üzrə məhsuldarlığı bir neçə dəfə artıran yeni texnologiyalardan istifadə etməyə başlayıb. Bu, ölkənin pambıq istehsalı üzrə ildə 1 milyon tona bərabər tarixi rekordunu iki dəfə az ərazidə təkrarlamasına imkanı yarada bilər.

Ölkədə pambıq istehsalı tarixən yalnız 1981-ci ildə 1 milyon tonu ötüb və onda hər hektardan 3,59 ton pambıq yığılıb. Həmin il Azərbaycanda 282 min hektar ərazidə pambıq əkilib. Qeyd edək ki, Azərbaycanın bu göstəricisi həmin illərdə ənənəvi üsulla pambıq istehsalı sahəsində dünya üzrə ən yüksək göstəricilərdən sayılırdı, çünki dünya üzrə orta məhsuldarlıq göstəricisi 2 tonun ətrafında dəyişirdi.

Amma hazırda Azərbaycanda hər hektardan 6 tondan artıq pambıq yığan fermerlər var və bu, fakt yanvarın sonlarında Salyanda pambıqçılıq mövzusunda keçirilən respublika müşavirəsində kənd təsərrüfatı naziri İnam Kərimov tərəfindən açıqlanıb. Nazirin sözlərindən o da aydın olub ki, 2021-ci ilin quraqlıq keçməsinə baxmayaraq, əsasən ənənəvi üsulla pambıq becərən fermerlər məhsuldarlığı 3 tonun ətrafında qoruyub saxlaya biliblər ki, bu, orta dünya göstəricisidir.

Nazirin sözlərindən belə anlaşılır ki, iqlimin nisbətən daha əlverişli keçdiyi 2020-ci ildə məhsuldarlıq orta dünya göstəricisindən yüksək olub. Təqribən 3,36 ton. Həm 2021-ci ildə, həm də 2020-ci ildə ölkədə pambıq əkinlərinin sahəsi 100 min hektarın ətrafında dəyişib.

Azərbaycanda pambıqçılığın tarixi göstərir ki, hər hektardan ildə 3 tona yaxın məhsuldarlıq göstəricisinə çatmaq heç də asan başa gəlməyib.

Məsələn, 1940-cı ildə hər hektardan 0,82 ton pambıq yığılıb, aqrotexniki qulluğun inkişafı nəticəsində 1970-ci ildə bu göstərici 1,74 tona qaldırılıb.
Sovet illərinin ən yüksək göstəricisi 1981-ci ilə təsadüf edir ki, onda hər hektardan 3,59 ton pambıq yığılıb. Müstəqillik illərində kolxoz-sovxozların dağılmasından sonra bu sahəyə diqqət azalıb və 2000-ci ildə hətta məhsuldarlıq 0,91 tona düşüb. Sonrakı illərdə məhsuldarlıq bir qədər qalxıb və 2012-ci ildə hətta 1,95 ton olub, amma 2 tonluq həddi keçə bilməyib, 2017-ci ildə hətta 1,53 ton göstəricisinə düşüb. Bu hədd yalnız 2019-cu ildə keçilib və həmin il hektardan 2,95 ton pambıq yığılıb.

Məhsuldarlığın qalxması 2019-cu ildən başlayaraq ölkədə müasir üsullarla pambıq becərilməsi ilə bağlıdır. Bunların içərisində Çin üsulu ilə pambıq istehsalı xüsusilə önəmlidir. Bu üsul hər sahədə iki dəfə artıq pambıq kolu əkməyə imkan yaradır. Əgər ənənəvi üsulla 1 hektar sahəyə 100 min pambıq toxumu əkilirdisə, yeni üsulla 200 min toxum əkilir, cərgələr arası məsafə 90 santimetrə qədər azaldılır. Sahələrdən 7-8 tona qədər məhsul götürmək mümkün olur.

Amma bu üsulla pambıq əkmək üçün xüsusi avadanlığa ehtiyac var. Çində istehsal edilən bu avadanlıq eyni vaxtda 5 müxtəlif işi görür. Əvvəlcə torpaq xüsusi texnologiya ilə işlənir. Səpinə hazır olan sahənin üzərinə polietilen plyonka sərilir, üzərində toxumlar üçün deşiklər açılır. Plyonka torpağın temperatunun qalxmasına səbəb olur, nəticədə erkən əkin üçün şərait yaranır. Suvarmada damcı üsulundan istifadə edilir ki, bu da suya 5 dəfə qənaət etməyə imkan yaradır.

Plyonka alaq otlarının da çıxmasına imkan vermir, yəni torpaqda kultivasiya işlərinə ehtiyac qalmır və fermerlərin xərcləri azalır. Bu üsul Qazaxıstanda tətbiq edilib və ilk ilin nəticələri növbəti ildə fermerlərin pambıq əkməyə marağını dəfələrlə artırıb.

Bu öz yerində, amma Azərbaycanda fermerlərin pambıq əkinlərinə marağını artıran əlavə bir səbəb də var. 2022-ci ildən dövlətin pambıqçılıq sahəsinə artan diqqəti hesabına fermerlər daha çox gəlir əldə edəcəklər.

Azərbaycanın pambıq əkən rayonlarında hər ailəyə 3-4 hektar düşdüyü nəzərə alınarsa, orta hesabla hər ailənin pambıqdan gəlirləri 16 min - 23 min arasında dəyişə bilər ki, bu, ailəyə ölkə səviyyəsində yetərincə imkanlı sayılan dolanışıq imkanı yaradar. Bu, baş verərsə, aran rayonlarında şəhərdən kəndə miqrasiyanı azaldar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.