Bura Ermənistan deyil - Azərbaycan heç kimin əlində alət ola bilməz

4-02-2022, 12:02           
Bura Ermənistan deyil -
Nikol Paşinyanın hakimiyyətə gəlişi, dolaşan söz-söhbətlər və ortaya çıxan faktlar bir-biri ilə çox bağlı idi. Söhbət Nikol Paşinyanın Soros rejiminin məhsulu olmasından gedir. Bir yandan Rusiya müstəmləkəçiliyi, digər yandan Qərb köləliyi deməyə əsas verir ki, müstəqillik Ermənistanda formal xarakter daşıyır.

Artıq 3 ildir (Paşinyanın Ermənistanın baş naziri olmasından bu yana - red) Ermənistanı özünə çəkmək üçün praktiki addımlar atan Sorosla Cənubi Qafqazda belə bir dövlətin əsasını qoyaraq təzyiq, təsir vasitəsi kimi digər qonşu ölkələrə qarşı istifadə etməyi planlaşdıran Rusiya arasında hazırda çəkişmələr pik həddindədir. Biz bunu istər İkinci Qarabağ müharibəsinin gedişində, istərsə də postkonflikt dövründə aydın şəkildə izləmək imkanı əldə etmişik. Belə ki, 10 noyabr üçtərəfli bəyanatının imzalanmasından artıq 1 ildən çox vaxt keçsə də bu sənədin hələ də ratifikasiya edilməməsi məhz iki Qütb arasında Ermənistanı bölüşdürmək, sahiblənmək savaşının məhsulu adlandıra bilərik. Sərhədlərin delimitasiya, demarkasiyası və Zəngəzur dəhlizi daxil olmaqla digər nəqliyyat kommunikasiyalarının istifadəyə verilməsi məsələsinin süni şəkildə gecikdirilməsi məsələnin pərdəarxasında Rusiya və Ermənistanı onun orbitindən uzaqlaşdırıb Qərbin maraqlarına xidmət etməsini istəyən bir Soros savaşı dayanır. Şübhəsiz ki, bunun da ən çox zərərini məhz Ermənistan çəkir. Arada qalan Ermənistan çəkişmələr meydanına çevrilməklə daha da zəifləyərək yox olmaq təhlükəsi ilə üz-üzə qalır. Təbii ki, bu iki qütb arasında savaş müxtəlif formalarda gedir ki, burada şimal qonşumuzun məhz Qarabağ rıçaqı ilə manipulyasiya edərək həm Ermənistanı əldə saxlamaq niyyəti görünür, həm də Azərbaycana təsir imkanlarını saxlamaq planı özünü büruzə verir. Bu hadisələrin ən çox zərərçəkən tərəfi kimi Ermənistan dövlətində isə o qətiyyət, o iradə yoxdur ki, müstəqil siyasət yürüdərək öz mövqeyini açıq şəkildə ortaya qoysun.



Paşinyanın hakimiyyət komandasının tərcümeyi-halına nəzər saldıqda açıq görünür ki, hamısı ya Sorosdan, ya "Transperensy"dən, ya da ki, digər insan hüquqları təşkilatlarındandır. Onlar bu gün Ermənistanda və bilavasitə Ermənistanın iştirak etdiyi geosiyasi proseslərdə baş verən despotik hərəkətlərə göz yumurlar. Məhz Sorosun sayəsində Ermənistanda bir jurnalist aclıq edib həbsxanada ölərkən heç bir təşkilat heç bir məsələ qaldırmadı, əsas müxalifət partiyasının liderinin deputat toxunulmazlığı götürüldü, buna heç bir reaksiya vermədi. Buradan da aydın olur ki, bu sadalanan hadisələrə Avropa Şurasının Ermənistan üzrə məruzəçiləri, "Freedom House", "Human Rights Watch", "Amnesty International" niyə susurmuş. Biz bu nümunələrə ən son olaraq 44 günlük Vətən müharibəsi zamanı Ermənistanın Gəncə, Bərdə, Tərtər, Mingəçevirə qadağan olunmuş kasetli silahlarla dinc insanları hədəf seçərək qətlə yetirməsi kimi cinayət əməllərinə də bu adı çəkilən beynəlxalq təşkilatların cınqırını çıxartmamalarını da əlavə edə bilərik. Çünki Soros həmin bu dırnaqarası hüquq müdafiəsi təşkilatlarının sponsorudur.

Soros Ermənistanda söz sahibinə çevrilməsinə son 1 il ərzində məhz Qarabağ məsələsi ilə manipulyasiyalar edərək mane olmağa çalışan rəsmi Moskva demək olar ki, niyyətinə qismən nail oldu. Bu gün Ermənistan cəmiyyətinin iki cəbhəyə bölünməsinə səbəb olan amil də məhz bu iki qütbün Cənubi Qafqazın mühüm bir hissəsi uğrunda apardığı savaşdır.

Bu hadisələri Prezident İlham Əliyev fevralın 2-də Gənclər Forumunda çıxışı zamanı çox doğru təsvir etdi. Ölkə başçısının çıxışında ən diqqətçəkən məqam onun məşhur amerikalı sahibkar Corc Soros haqda dedikləri idi. O, Soros və Nikol Paşinyanın məşhur fotolarına (bir-birilərinə sarıldıqları foto - red) diqqəti yönəldərək ümumi vəziyyəti belə adlandırıb: "Baxın, necə də səmimi, bir-birinə sarılıb durublar, yapışıblar bir-birilərinə, sanki ikibaşlı əjdahadır. Ancaq əjdaha cılız çıxdı, bir şey alınmadı. Amma budur həqiqət, bütün dırnaqarası inqilablar arxasında eyni qüvvələr dayanır və bu inqilablar, o cümlədən Ermənistanda nəyə gətirib çıxardı, indi hər kəs görür".

Dövlət başçısı növbəti açıqlaması ilə beynəlxalq güc mərkəzlərinin, dünyanı idarə etmək, imperialist ideyaları təbliğ edən dövlətlərin gənclərdən vasitə kimi istifadə etmək planlarını tam çılpaqlığı ilə Forum iştirakçılarının nəzərinə çatdırıb: "Biz görürük ki, bir çox yerlərdə, o cümlədən postsovet məkanında və digər yerlərdə, Yaxın Şərqdə bu dağıdıcı hərəkətlərin aparıcı qüvvəsi gənclər olur. Bunu biz rəngli inqilablarda görmüşük, Yaxın Şərqdəki toqquşmalarda görmüşük. Ancaq bunun arxasında, pərdənin arxasında gizlənən o, necə deyərlər, manipulyator səhnədə deyillər. Yəni, gənclər qabağa verilir, qurban verilir və bunun nəticəsində ölkələr idarəolunmaz vəziyyətə gətirilir və ondan sonra ölkələr de-fakto bölünür".

Prezident Bakıda Azərbaycan Gəncləri Gününün 25 illiyinə həsr olunmuş Gənclər Forumu çərçivəsində Sorosun gənclər üzərindən yeritdiyi planı ifşa edən "Azərbaycan gəncləri əminəm ki, bu fitnələrə heç vaxt uymayacaq. Azərbaycan gəncləri həm mülki həyatda, həm orduda, həm sərhəddə - hər yerdə öz böyüklüyünü dəfələrlə göstərmişlər və əminəm ki, dövlətimizin ləyaqətinin qorunması işində bundan sonra da fəal və uğurlu olacaqlar" açıqlaması həm cəsarətli, həm də yerində addım idi. Faktiki olaraq ölkə başçısı Azərbaycan gəncliyinə üzünü tutaraq göz görə-görə bu qüvvələrin əlində oyuncaq olmamağı məsləhət gördü.

Təbii ki, beynəlxalq təhlükələrin, təhdidlərin artdığı belə bir vaxtda Azərbaycan mümkün təhlükələrdən qorunmaq üçün lazımı anda Şuşa Bəyannaməsini ratifikasiya etməklə özünü xarici hərbi və siyasi müdaxilələrdən, fitnə-fəsadlardan hifz etmək baxımından olduqca mühüm addım atmış oldu. Bu Bəyannamə Azərbaycanı hegemon xislətli imperialist dövlətlərin qarşısına daha güclü bir dövlət kimi çıxaracaq. Qardaş Türkiyə ilə imzalanan tarixi Bəyannamə təbii ki, adı çəkilən qaragüruhçuların bundan sonrakı müdaxilələrinə qalxan olmaqla yanaşı, ölkəmizin gəncliyinin daha böyük hədəflərə doğru irəliləməyinə imkan yaradacaq.

Bunun təsdiqi olaraq dövlət başçısının gənclərlə görüşdə etdiyi "İldə 400-ə qədər gənc dünyanın aparıcı ali məktəblərinə göndəriləcək" açıqlamasını göstərə bilərik ki, Prezident bununla Azərbaycanın gələcək inkişafının daha etibarlı əllərdə olmasını təmin etmək üçün təhsil strategiyasına daha həssas yanaşılacağına, bu istiqamətdə lazımı addımların atılacağına işarə edib.

Təhməz Əsədov
Milli.Az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.