ABŞ-ın Cənubi Qafqazdakı YENİ YERİ... - GƏLİŞMƏ

7-05-2022, 11:08           
ABŞ-ın Cənubi Qafqazdakı YENİ YERİ... - GƏLİŞMƏ
Ermənistan Xarici İşlər naziri Ararat Mirzəyan 2-6 may tarixlərində Vaşinqtonda səfərdə oldu. Səfər çərçivəsində o, dövlət katibi Entoni Blinken və onun müavini Viktoriya Nulandla, digər rəsmi şəxslərlə görüşdü. Teref.az “Yeni Müsavat”a istinadla bildirir ki, erməni XİN rəhbəri “Qarabağ məsələsi”ni, “status” və Minsk Qrupu məsələsini təzədən canlandırmağa, ABŞ rəsmilərinin də dilindən analoji ifadələri qoparmağa çalışdı. Yəni Bakının 5 bəndlik təklifi əsasında sülh müqaviləsinin imzalanması məsələsində İrəvanın irəli sürdüyü “artsax” şərtinə Birləşmiş Ştatların dəstəyini almağa səy göstərdi. Amma Mirzəyanın ümidləri suya düşdü. Çünki Blinken və digər amerikalı rəsmilər bu barədə xüsusi söz açmadılar.

Ardınca Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Bakıdan Qarabağdakı ermənilərin təhlükəsizliyinə təminat istədiyini açıqlayıb. “Qarabağ münaqişəsinin” hələ də qaldığını iddia edən Qriqoryan əlavə edib ki, məsələnin həllini ermənilərin təhlükəsizliyinin və hüquqlarının təmin edilməsində görürlər və Azərbaycanla bunu müzakirə edəcəklər. Masada artıq “statusun” yox, “təhlükəsizliyin təminatı” məsələsinin olduğu bəllidir və rəsmi Bakı əvvəldən ermənilərin təhlükəsizliyi və hüquqlarının təminatına zəmanət verdiyini açıqlayıb. Bu bənd separatçı-terrorçu rejimə aid deyil.

Ona görə Mirzəyan Amerikadan Azərbaycan əleyhinə hər hansı dəstək alaraq ölkəsinə qayıtmadı və İrəvanın ABŞ-la daha da yaxınlaşma siyasətində əsas məram Rusiyanın orbitindən getdikcə uzaqlaşmaqdır.

Bəs Ermənistana ABŞ-ın belə xüsusi diqqət-qayğısında, diplomatik fəallığında əsas hədəfi və gözləntisi nədir - ədalətli sülh prosesinə real töhfə vermək istəyi, Paşinyan iqtidarını gücləndirmək, yoxsa? Bundan əlavə, Azərbaycan XİN başçısı Ceyhun Bayramovun da ABŞ-a dəvəti gözlənilirmi?

Əslində, Mirzəyanın Amerika səfəri, Blinkenlə görüşməsi Qərblə Rusiya arasında bütün cəbhələrdə misli görünməmiş qarşıdurma fonunda izah edilməlidir. Amma Ermənistanın belə asanlıqla Rusiyadan qopması mümkün olmayacaq. Ekspertlərin fikrincə, Mirzəyanın ziyarəti Kremlə bir mesajdır ki, Ermənistan hakimiyyəti Ağ Evlə işləməyə üstünlük verir. Ancaq onun indi də Moskvaya çağırılacağı istisna edilmir.

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) sədri Fuad Əliyevin “Yeni Müsavat”a bildirdiyinə görə, Paşinyan hakimiyyətdə qalmaq üçün Birləşmiş Ştatlardan dəstək almaqdadır. Onun fikrincə, Rusiyanın Ermənistanda iqtidar dəyişikliyi planı görünmür, sadəcə, təzyiq elementləri işə salınıb. Partiya sədri hesab edir ki, sülh prosesində ABŞ səmimi olacaqsa, Bakı da pozitiv yanaşa bilər: “Sülh sazişinin imzalanmasında hansı tərəfin vasitəçiliyinin fərqi yoxdur, əsas müqavilə bağlansın. Ancaq düşünmürəm ki, Vaşinqton sülh sazişində maraqlıdır, sadəcə, Cənubi Qafqazda mövcudluğunu gücləndirir və Rusiyaya şərik çıxmağa çalışır. Bundan sonra bölgədə Rusiya-ABŞ rəqabətinin güclənəcəyini görəcəyik. Qərb rusun olduğu hər yerdə qalmağa çalışacaq. O baxımdan proses uzanacaq, sərhədlərin delimitasiyasına başlanmadıqca, heç bir müsbət irəliləyişdən danışmaq olmaz”.

Siyasi analitik, qazi-jurnalist Aqşin Kərimovun sözlərinə görə, postmünaqişə gerçəkliyi Ermənistana Azərbaycan və Türkiyənin diktəsi altında hərəkət etməkdən başqa seçim yolu qoymur: “Burada Rusiyanın da təzyiq mexanizmləri rola sahibdir. Lakin nə ABŞ, nə Rusiya Azərbaycan-Ermənistan, Türkiyə-Ermənistan münasibətlərinin öz qlobal strateji iradələrindən kənara sıçrayan addımlar fonunda tənzimlənməsini istəmir. ABŞ və Rusiyanın nə istədiyi yox, prosesə necə töhfə verəcəyi Azərbaycan-Türkiyə ikilisinin gündəliyindədir. Bakı da, Ankara da, diktəedici ideyalardan uzaq olan bütün praqmatik təkliflərə açıqdır. Əgər Ermənistan özünü Moskvanın qabığından çıxarsa, Rusiya-Ermənistan münasibətlərinə yenidən baxılması zəruriliyi ortaya çıxacaq və qəzəbli Kremlin cavabı başqa cür olacaq”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.