Salyanda icra başçısı ilə şöbə müdiri 152 min manatı neyləyib?
8-04-2015, 11:31
Təhsil şöbəsinin müdiri Əbülfəz Bədəlov özünə yeni biznes qurub, internat məktəbinə ayrılmış pulların nəyə xərcləndiyi məlum deyil
Salyan rayonunda təhsilin bərbad vəziyyətdə olduğunu bilməyən yoxdur. Vəziyyət o qədər ağırdır ki, hətta yerli məmurlar öz uşaqlarını rayondakı orta məktəblərdə oxutdurmurlar. Onlar Şirvandakı litseylərə uşaqlarını göndərməklə, təhsil alacaqlarına ümid edirlər.
Salyanın təhsil şöbəsinin müdiri Əbülfəz Bədəlov isə bunlardan qəti narahat deyil. Əksinə, o, daha çox pul qazanmaq haqqında düşünür və bunun yollarını axtarır. Belə ki, şöbə müdiri təkcə bir məktəbə ayrılmış 152 min manatdan artıq pulu hansı məqsədlə xərcləyib məlum deyil. O ayrı məsələdir ki, bu gün Salayanda orta məktəb müəllimlərindən tutmuş, xadimələrə qədər hər birindən aylıq haqq tutulur. Hətta o da ayrı məsələdir ki, abunə haqqı adı ilə müəllimlərin cibindəkiləri də əllərindən alırlar. Nəticə, ondan ibarətdir ki, Bədəlovun Şirvanda, Salyanda və Bakıda evlərinin və imkanlarının sayı artır. Müəllimlər isə günbəgün daha ağır duruma düşürlər.
Qayıdaq, 152 min manat məsələsinə. Salyan təhsil şöbəsinin balansında olan A.Səfərov adına Umumi Orta Internat Məktəbinə müxtəlif təyinatlar üçün bu ilin ilk yarısında 152 min manat pul ayrılıb. Həmin pulun 10 min manatı yumsaq inventarların, 10 min manatı digər maşın və avadanlıqların, 10 manatı da avadanlıqların satın alınmasına sərf «edilib». Bundan başqa, məktəbdə təhsil alan uşaqların indiyə qədər görmədiyi çörəyin satın alınmasına da Bədəlov cənabları 6619,6 manat pul «xərcləyib». İşin ən ilginc tərəfi odur ki, Salyan təhsil şöbəsinin müdiri «Sünbül» firmasından alınmış həmin çörəyin birinin qiymətini sənədlərdə 70 qəpik göstərib. Əcəba, bu hansı çörəkdir ki, qiyməti bu qədər bahadır?
Aydın məsələdir ki, qiymətlər şişirdilib və pul qazanılması istənilib. Amma Bədəlovun ən böyük «naliyyəti» həmin internat məktəbinə ərzaq məhsullarını satın almaq üçün ayrılmış 116200 manatı «xırd» eləməsidir. Belə ki, bu məktəbə ayrılmış ərzaqın varlığı-yoxluğu kimsəyə məlum deyil. Üstəlik, bu pulların nəyə xərcləndiyi sənəd üzərində göstərilsə də, real həyatda nəyin nə olduğu bilinmir. Rayondakı mənbələr isə deyir ki, Salyanın məsul şəxsləri üçün bu pulları mənimsəmək elə də çətin proses deyil.
xalqxeber.tv