Mətbuat Şurası İdarə Heyətinin üzvü Ramil Usubova şikayətləndi - Yol polisinin radar fırıldağından

8-05-2016, 12:40           
Mətbuat Şurası İdarə Heyətinin üzvü Ramil Usubova şikayətləndi - Yol polisinin radar fırıldağından
Mətbuat Şurası İdarə Heyətinin üzvü Ramil Usubova şikayətləndi Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü, əməkdar jurnalist Azər Həsrət Daxili işlər naziri Ramil Usubova açıq məıktub yazıb.

Politika.Az həmin müraciəti olduğu kimi təqdim edir:

"Hörmətli cənab nazir!

Mən bir qanunsevər və intizamlı vətəndaş olaraq daim dövlətimizin qanunlarına sayğılı davranır, bilməyərəkdən hər hansı pozuntuya yol versəm belə, müvafiq şəkildə cəzalandırılmağımı özüm xahiş edirəm.

Düşünürəm ki, qanunlar müqəddəsdir və onları pozmaq heç bir vətəndaşa baş ucalığı gətirmir. O cümlədən, yol hərəkəti qayda və qanunlarına bütün cəhdlərimlə əməl edir, pozuntuya yol verməməyə çalışıram. Ona görə də düşünürəm ki, bu dəfə başıma gələn işlə bağlı şəxsən Sizə üz tutaraq ədalətin bərqərar edilməsində yardımçı olmağınızı xahiş edim.

Bəri başdan qeyd etməyə məcburam ki, Baş Dövlət Yol Polisi İdarəsinin internet saytı üzərindən edilən müraciətlərə heç bir reaksiya verilmədiyi üçün (ən azı mənim müraciətlərimə reaksiya verilmir) şəxsən Sizə üz tutmağa məcbur oluram. Ümid edirəm ki, bu yanaşmamı doğru dəyərləndirəcək, öz dövlətinin qanunlarına sonadək sadiq olan bir vətəndaşın ədalətin bərqərar olması üçün atdığı addıma müvafiq reaksiya verəcəksiniz.

İndi isə məsələnin mahiyyətilə bağlı:

Nəzərinizə çatdırmaq istərdim ki, bu il aprelin 28-də Bakıdan Xaçmaza şəxsi avtomobilimlə (90 SF 928) səfər etmişəm. Bir gün sonra isə Bakıya qayıtmışam. Elə Bakıya qayıdan kimi də e-xidmet.mia.gov.az saytında barəmdə inzibati xəta protokolunun (MMX 2685014) tərtib edildiyini görmüşəm. Araşdıranda bəlli olub ki, protokol əsassız tərtib edilib. Belə ki, protokolda göstərilən vaxtda qayda pozduğumun iddia edildiyi ərazidən doğrudan da keçmişəm. Amma iş ondadır ki, orada sürət həddi iddia edildiyi kimi 50 km/saat deyil, yaşayış məntəqəsindən kənarda olduğuna və sürəti məhdudlaşdıran işarə qoyulmadığına görə, 90 km/saatdır. Mən də həmin hissədən 92 km/saat sürətlə keçmişəm. Onu da xatırlayıram ki, arxada, körpünün altında gizlənərək müşahidə aparan DYP maşınını da güzgüdən görmüşəm. Buna baxmayaraq, eyni sürətlə də yola davam etmişəm. Çünki tez-tez gedib-gəldiyim yol olmasına, eyni zamanda o yolun üstündəki bütün nişanları, məhdudiyyətləri, hətta çala-çuxuru az qala əzbər bildiyimə görə, heç bir narahatlıq keçirmirəm.

Mətbuat Şurası İdarə Heyətinin üzvü Ramil Usubova şikayətləndi

Yeri gəlmişkən, dəfələrlə o ərazidən məhz DYP maşınlarının olduğu vaxtlarda 90 km/saat sürətilə keçmişəm və buna görə heç bir zaman cərimə edilməmişəm. Qeyd etdiyim kimi, ərazi birmənalı olaraq yaşayış məntəqəsindən kənardadır və heç bir hərəkət məhdudiyyəti nişanı yoxdur. Mənə yazılan cərimə protokolunda isə iddia edilir ki, orada sürət həddi 50 km/saatdır.

Düzdür, o yerə qədər Ceyranbatan qəsəbəsinin içində bir neçə yerdə 50 km/saat sürət müəyyən edən 3.24 nişanı var. Amma nəzərə alaq ki, "Yol hərəkəti qaydaları”nın 64-cü maddəsinin VI bəndi başqa hal nəzərdə tutulmadığı zaman həmin nişanın təsir dairəsinin yaşayış məntəqəsinin sonunda avtomatik bitdiyini qəti şəkildə müəyyən edir. DYP-nin barəmdə tərtib etdiyi inzibati xəta haqqında protokola əlavə edilmiş şəkil, eyni zamanda özümün Google map xidmətindən tutuşdurmaq üçün əlavə etdiyim xəritə şəkillərində də açıq-aydın görünür ki, maşınımın şəklinin çəkildiyi ərazi birmənalı olaraq yaşayış məntəqəsindən kənarda və sürət həddini məhdudlaşdıran heç bir nişan olmayan ərazidədir. Ona görə də tərtib olunmuş protokolun əsassız olduğu üçün ləğv edilməsi barədə müvafiq addımların atılması zəruridir.

Ümid edirəm ki, bu müraciətim cavabsız qalmayacaq.

Fürsətdən istifadə edib sizə bir neçə başqa məsələylə bağlı da müraciət etmək istərdim. Qeyd edilən yolu tez-tez gedib-gəldiyim üçün orada baş verən ən xırda dəyişikliyi belə dərhal fərq edirəm. Və bəzən belə dəyişikliklər məni təəccübləndirir. Ümid etmək istərdim ki, müvafiq izah istəməyimi də anlayışla qarşılarsınız.

Dəqiq xatırlayıram ki, Saray postundan üzü Ceyranbatana gedən yolda, postu keçən kimi sürət həddi 110 km/saat müəyyən edilmişdi. Amma bir müddətdir ki, o nişan çıxarılıb və ümumiyyətlə sürət həddi bildirən heç bir nişan qoyulmayıb. Biz də məcbur olub saatda 90 km sürətlə sürməli oluruq. Bilmək istərdim ki, o nişan hansı zərurət üzündən çıxarılıb. Özəlliklə də axşama doğru Bakı-Sumqayıt yolunda hərəkət intensivliyi artdığı bir zamanda bu həddi aşağı salmağın faydası nədir? Üstəlik, yol da yetərincə yaxşı durumdadır və 110-120 km/saat sürət üçün heç bir təhlükəsi yoxdur.

Bir qədər irəlidə, Ceyranbatanı keçib SOCAR petrolun sağından üzü Qubaya sarı gedən yolda da eyni hal müşahidə edilir. Belə ki, körpünün bitməsindən sonra əvvəllər 110 km/saat sürət həddi müəyyən edilmişdi. İndi isə orada da həmin nişan çıxarılıb, yerinə heç bir nişan bərkidilməyib. Halbuki yolun bu hissəsi də 110-120 km/saat sürətlə hərəkət üçün olduqca əlverişlidir və sürət həddinin aşağı salınmasına heç bir zərurət yoxdur.

3-cü bir narahatlığım isə maşınımın məhz həmin ərazidə, Ceyranbatandan Bakıya doğru postlarda bir neçə dəfə əsassız saxlanılmasıyla bağlıdır. Bir qayda olaraq heç bir səbəbsiz saxlanılıram və buna əsəbləşməsəm də polis əməkdaşlarının qanunlara sayğısızlığı məni özümdən çıxarır. Çünki onlar şəxsən mənə (yəqin ki, başqa sürücülərə də) müraciət edərkən "Yol hərəkəti haqqında” qanunun 84-cü maddəsini nəinki pozurlar, bunu onların nəzərinə çatdıranda orada nə yazıldığını məndən öyrənməyə çalışırlar. Əlbəttə ki, qanunun keşiyində duran polislərin bu davranışı heç də yaxşı hal sayıla bilməz.

Mənə birbaşa dəxli olan əsas məqam isə odur ki, əvvəllər Ceyranbatan qəsəbəsinin Sumqayıt çıxışında (şəkillərdə görünən DYP maşınının gizləndiyi körpüyə çatmamış) bütün məhdudiyyətləri ləğv edən 3.31 nişanı vardı. İndi isə həmin nişan da oradan çıxarılıb. Bunun səbəbini öyrənmək də maraqlı olardı.

Ümumiyyətlə, biz sürücülər yollarda heç bir zərurət olmadan tez-tez nişanların ləğv edilməsinin, yaxud da dəyişdirilməsinin şahidi oluruq. Bu isə sürücülərin yol hərəkəti qaydalarını ani olaraq pozmasına səbəb olur.

Hörmətli cənab nazir!

Sizə ünvanlanan bu məktubumu həm də bir açıq məktub olaraq dərc edirəm ki, mənim kimi eyni problemləri yaşayan başqa sürücülər də başlarına gələnlərdən xəbərdar olsunlar".












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.