Azərbaycan-Ermənistan: Dolma müharibəsi - ermənilər UNESCO-ya şikayət edib

9-05-2016, 11:06           
Azərbaycan-Ermənistan: Dolma müharibəsi - ermənilər UNESCO-ya şikayət edib
Ermənistan Azərbaycanı dolmanı UNESCO-nun bütün türk dünyasının qeyri-maddi mədəni irsi siyahısına salmaq istəyini tənqid edib.

Mədəniyyət naziri Hasmik Poğosyan deyib ki, Azərbaycan UNESCO-nu "siyasi döyüş meydanına" çevirmək istəyir.

Mayın əvvəlində Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev bildirib ki, türk dünyasına məxsus olan dolmanın bişirilmə ənənələrinin UNESCO-nun siyahısına daxil edilməsi üçün fayllar hazırlanır.

Azərbaycan və Ermənistan 1980-ci illərin sonundan bəri Dağlıq Qarabağ və digər ərazilər uğrunda münaqişə şəraitindədir.

1994-cü ildə ölkələr arasında atəşkəs imzalansa da, münaqişə bəzən günlərlə davam edən gərginlik və döyüş və qeyri-döyüş itkiləri ilə müşahidə edilir.

Bundan başqa, qeyri-maddi mədəniyyət nümunələri (dolma, "Sarı gəlin" mahnısı) də tez-tez gərginlik mövzusu olur.

Azərbaycanın mədəniyyət naziri Qarayev bundan öncə qeyd edib ki, "bədnam" qonşular Azərbaycan mədəniyyəti daşıyıcılarına təzyiqlər edir.

"Keçən il Ermənistan bütün Şərqdə isifadə olunan lavaşı mənimsəmək istəyib. Onlar lavaşın qeyri-mədəni irs kimi UNESCO-nun siyahısına daxil edilməsi üçün müraciət etdilər. Bu, təcavüz deyilmi?! Ona görə də Azərbaycan dövləti digər dövlətlərin mədəniyyət xadimləri və diplomatları ilə birləşərək lavaşın hamıya məxsus olması barədə sübutlar təqdim ediblər," APA agentliyi nazirdən sitat gətirib.

Ermənistanın mədəniyyət naziri Poğosyan deyib ki, Azərbaycanın bu hərəkəti Ermənistanın "tolma" ("dolma") adını UNESCO siyahısına salmaq cəhdinə cavabdır.
"Aydındır ki, qonşu dövlət bir daha mədəniyyəti siyasiləşdirmə və missiyası xalqları birləşdirmək olan UNESCO-nu siyasi döyüş meydanına çevirməyə çalışır. Azərbaycan rəsmiləri insanların mədəniyyətlərarası dialoquna yardım etməyən qeyri-sağlam yarışa cəhd edir və regiondakı gərgin vəziyyəti ağırlaşdırır," Mediamax agentliyi Ermənistanın mədəniyyət nazirindən sitat gətirib.

O bildirib ki, Azərbaycan UNESCO-ya belə sənəd hazırlayarkən dolma ənənəsinin olduğu digər türk xalqları- qazaxlar, tatarlar, qırğızlar, türklər, türkmənlər və özbəkləri unutmamalı, həmçinin Ərəb, Balkan, Slavyan, o cümlədən erməni ənənələrini də xatırlamalıdır ("Amerikanın səsi").












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.