Ziya Məmmədovun yaxın ətrafı fəallaşıb
10-05-2016, 10:29
Ölkə başçısı ilə görüşdə nəqliyyat nazirinə hansısa vədlər verilib?
Nəqliyyat naziri Ziya Məmmədov ölkə başçısı İlham Əliyevlə görüşdən sonra yaxın ətrafı yenidən fəallaşıb. Qeyd edək ki, nəqliyyat naziri ilə ölkə başçısının görüşü barədə “Azadlıq”ın ötən saylarında məlumat vermişdik.
Həmin məlumatda deyilirdi ki, Ziya Məmmədovla İlham Əliyev arasındakı görüş 90 dəqiqə çəkib. Görüş nəqliyyat nazirinin israrlı xahişlərindən sonra baş tutub. Nazirlə ölkə başçısı arasında hansı məsələlərin müzakirə olunduğu barədə dəqiq bilgi yoxdur. Lakin ehtimal olunur ki, görüşdə Nəqliyyat Nazirliyinin ləğvi və Ziya Məmmədovun bundan sonrakı taleyi müzakirə olunub. Bəzi məlumatlarda isə bildirilir ki, görüşdə Ziya Məmmədovun qardaşı, keçmiş deputat Elton Məmmədovun rayonlardan birinə icra başçısı təyin olunması barədə də müzakirələr aparılıb.
Maraqlıdır ki, bu görüşdən sonra Elton Məmmədov iddialı açıqlamalar verməyə başlayıb. O, mediaya müsahibələrində yenə də siyasətdə olduqlarını, ölkə başçısına sədaqətlə xidmət göstərdiklərini bildirib. Elton Məmmədovun bu fikirləri sanki “yıxılmadıq ayaqdayıq” mesajıdır. Bu halda ehtimal olunur ki, Ziya Məmmədovla Ilham Əliyev arasındakı görüş nəqliyyat naziri üçün o qədər də pis keçməyib. Mümkündür ki, ölkə başçısı ona hansısa vədlər verib. Bu baxımdan aylardır sükut edən yaxın ətrafı yenidən mətbuatda görünməyə başlayıb.