"Krım əməliyyatı" Rusiyada Putin və Medvedevin tənqidini artırıb - ISW

10-10-2022, 12:46           
"Krım əməliyyatı" Rusiyada Putin və Medvedevin tənqidini artırıb - ISW
Krım körpüsündə baş verən partlayış, işğalçı qoşunların Ukraynadakı uğursuzluqları və səfərbərliklə bağlı problemlər Rusiya prezidenti Vladimir Putinin radikal davranışların tərəfdarı olanların ciddi tənqidinə səbəb olub. AzVision.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibələrin Araşdırılması İnstitutu (ISW) məlumat yayıb.

Analitiklərin fikrincə, hərbi reportyorlar Putini və Kremli mühüm hadisələrə reaksiya vermədiklərinə görə əsas tənqid hədəfinə çeviriblər. Onlar qeyd edirlər ki, Putinin hökuməti tam məxfiliyə arxalananda prezidentin ətrafında toplaşmaq çətindir.

Digər tənqidçilər isə Vladimir Putinin müharibədəki bir sıra ciddi uğursuzluqları, xüsusən də “Moskva” kreyserinin batmasını ardıcıl olaraq gözdən qaçırmasından qəzəblənirlər.

Eyni zamanda, hərbi əməliyyatların davam etməsinin tərəfdarları olanlar Kerç boğazı üzərindəki körpüdə baş verən qalmaqallı partlayışa görə qisas alınmasını tələb edirlər. Əks halda Putinin susması “zəiflik” kimi qəbul olunacaq.

Onlar həmçinin Krım körpüsünə hücumun “qırmızı xətt” olacağını deyən Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin susqunluğunu da tənqid edirlər.

Ekspertlər yazırlar ki, hərbiyönlü düşərgənin bu tənqidləri Putinin Ukraynanın “denazifikasiyası” kimi vəd etdiyi məqsədi yerinə yetirmək qabiliyyətinə dair artan şübhələrə işarə edə bilər. Bu, həmçinin onun əsas elektoratında prezidentə olan simpatiyanı sarsıda bilər.

Xatırladaq ki, oktyabrın 8-də Krımda yük maşınının partladılması nəticəsində yanacaq daşıyan qatarın yeddi çənində yanğın baş verib. Hadisə Rusiyanın Tamansk yarımadasını Krımla birləşdirən körpüdə baş verib. Nəticədə Krıma doğru hərəkət edən qatarın yeddi yanacaq çəni alışıb. Həmçinin körpünün bir hissəsi dağılıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.