Kəlbəcərin kəndindəki erməni məktəbini Beyrutdakı kolleclə "bacı"laşdırdılar... - BİZ İSƏ SEYR EDİRİK...
19-10-2022, 11:21

Kəlbəcərin kəndindəki erməni məktəbini Beyrutdakı kolleclə "bacı"laşdırdılar...
Azərbaycan Respublikası Kəlbəcər rayonunun müvəqqəti olaraq Rusiya hərbi kontingentinin himayəsi altında separatçı erməni rejiminin nəzarətində qalan Həsənriz kəndindəki erməni məktəbi Livanın paytaxtındakı erməni yevangel kolleci ilə “bacı”laşıb.
TEREF.AZ moderator.az-a istinadla xəbər verir ki, bu haqda erməni mediası məlumat yayıb.
Əyanilik üçün xəbərin tərcüməsinin əsas hissəsini nəzərinizə çatdırırıq:
"Mardakert rayonunun Aterk icmasının Barmen Qriqoryan adına orta məktəbi ilə Beyrut erməni yevangel kolleci bundan sonra “bacı” məktəblərdir. Bu barədə Martakert rayonunun Aterk icmasının məktəbinin direktoru Narine Mirzoyan müsahibəsində bildirib. O, əlavə edib ki, müvafiq memorandum artıq hər iki tərəfdən imzalanıb.
“Biz əməkdaşlığımıza ötən tədris ilinin aprel ayında başlamışıq. Bunun çərçivəsində məktəbimizin tarix müəllimi ilə birlikdə kollecdən olan həmkarlarımızla onlayn görüşmüşük".
Zəruri arayış:
Həsənriz - Kəlbəcər rayonunun eyniadlı inzibati ərazi vahidində kənddir. Tərtər çayının sol tərəfində, Həsənriz çökəkliyindədir. Keçmış adı Aterk(Haterk qalası) olmuşdur. Tədqiqatçıların ehtimalına görə, “aterk” - türk dillərindəki “atrak” (çayın mənsəbə töküldüyü yer) sözünun fonetik variantıdır. XIII əsrdən sonra Xaçın knyazı Həsən Cəlalın adı ilə kənd Həsənriz adlanmışdır. 1992-ci ildə kəndin adı Həsənriz kimi rəsmiləşdirilib.
Həsənriz kəndi əvvəllər keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətində Ağdərə rayonu inzibati ərazisinə aid olub. Lakin 1992-ci ildə Ağdərə rayonu ləğv edilərək ərazisi qonşu Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürülüb. Həsənriz kəndi də Kəlbəcər rayonuna birləşdirilən kəndlərdən biridir.
Qarabağ müharibəsinin başlanğıcında erməni quldur dəstələri rus ordusunun köməyi ilə kənddə nəzarəti ələ keçirdilər. Lakin 1992-ci ilin yayında Azərbaycan ordusunun hücumu nəticəsində həmin ilin 4 iyulunda kənd Azərbaycanın nəzarətinə keçib. Təəssüf ki, 1993-cü ilin əvvəlində erməni işğalçıları hücuma keçərək kəndi yenidən ələ keçiriblər. Həsənriz uğrunda döyüşlərdə neçə-neçə Azərbaycan oğlu şəhid olub….
Hazırda Həsənriz kəndi cəbhə xəttindən bir neçə kilometr aralıda yerləşir. Məlumatlara görə, son vaxtlaradək kənddə erməni ordusunun batalyonu saxlanılıb.
10 noyabr üçtərəfli razılaşmasından sonra Rusiya sülhməramlıları ərazi bölgüsünü keçmiş Azərbaycan SSR-in inzibati bölgüsü əsasında apardıqlarından Həsənriz kəndi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin “Mardakert” rayonu tərkibindəki kimi saxlanılaraq Kəlbəcər rayonuna qaytarılmayıb.
Təbii ki, bu, qanunsuz bölgüdür...
