Nüvə düyməsi basılacaq, ya yox? - “Kreml elə bir vəziyyətdədir ki...”

20-10-2022, 08:18           
Nüvə düyməsi basılacaq, ya yox? -
“Ukraynaya qarşı nüvə silahından istifadə riski azdır, lakin NATO bunu ciddi qəbul etməlidir”.

Bunu NATO-nun Baş katibi Yens Stoltenberq Berlində Xarici Siyasət Forumunda çıxışı zamanı deyib. "Ukraynaya hər hansı nüvə hücumu və ya nüvə silahından istifadə riski azdır, lakin təbii ki, mümkün nəticələr böyükdür. Ona görə də belə bir riskə ciddi yanaşmaq lazımdır", - Stoltenberq bildirib.

Onun sözlərinə görə, Rusiya Ukraynada nüvə silahından istifadə etsə, ciddi fəsadlarla üzləşəcək: “Rusiyaya xatırladırıq ki, nüvə müharibəsində qalib gəlmək olmaz”. Qeyd edək ki, son zamanlarda nüvə müharibəsi ehtimalı ilə bağlı verilən bəyanatların sayı durmadan artır.

Reallıq odur ki, dünya 1962-ci ildəki Kuba böhranından sonra ilk dəfə nüvə silahının istifadəsi təhlükəsinə bu qədər yaxındır. Əslində 2018-ci ildə dönəmin ABŞ Prezidenti Donald Trampın ölkəsini “nüvə razılaşması”ndan çıxartdıqdan sonra bu proseslərin yolu açıldı. Co Bayden iqtidara gəldikdən sonra rəsmi Vaşqinqton nüvə razılaşmasını bərpa etmək üçün konkret addımlar atmadı. Ardınca Rusiya Ukraynaya hücum etdi.

Lakin dünyanın sanksiyaları qarşısında tab gətirməyə çalışan Kreml son çarə olaraq nüvə kartından istifadəylə hədələyir. Hazırda vəziyyət olduqca mürəkkəbdir. Çünki həm NATO, həm də ABŞ cəbhəsindən davamlı olaraq Putinin nüvə silahına əl ata biləcəyi ilə bağlı açıqlamalar verilir.

Ümumiyyətlə, baş verən proseslər nüvə müharibəsinə gətirib çıxara bilər?

Ehtiyatda olan polkovnik, hərbi ekspert Üzeyir Cəfərov Cebhe.info-ya açıqlamasında bildirib ki, nüvə təhlükəsi nəzəri baxımdan mümkündür, amma praktiki baxımdan mümkün deyil:


“Silah varsa, istifadə olunur. Amma nüvə silahının istifadəsi ilə bağlı dünya Rusiyaya o imkanı tanımayacaq. ABŞ və Böyük Britaniya bu məsələ ilə bağlı öz mövqeyini açıq şəkildə elan edib. NATO Baş katibinin bu narahatlığı başadüşüləndir və belə bir təhlükə olduğunu deməlidir. Yəni Kreml elə bir vəziyyətdədir ki, bu yola əl ata bilər. Amma Rusiyaya bu imkanının tanınacağını düşünmürəm. İndi Rusiya üçün vəziyyət elə bir kritik həddədir ki, zaman-zaman bu hədəni dilə gətirir və dünya dövlətlərini şantaj edir. Amma Kremlin nüvə silahı ilə bağlı hər hansısa bir addım atacağını zənn etmirəm”.

Ekspertin sözlərinə görə, Rusiya üçün vəziyyət ürəkaçan deyil:

“Kremlin nüvə silahından istifadəni gündəmə gətirməsi də düşdüyü çətin vəziyyətə görədir. Lakin bu, hazırda reallıqdan çox uzaqdır. Hətta bir müddət sonra Moskvanın nüvə təhdidlərindən əl çəkməsinin şahidi olacağıq”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru