Soçi görüşünün nəticəsinin nə olmasından aslı olmayaraq…

1-11-2022, 00:11           
Soçi görüşünün nəticəsinin nə olmasından aslı olmayaraq…
Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması nə qədər real görünsə də, Rusiya sülhməramlılarının nəzarəti altındakı bölgənin Azərbaycanın yurisdiksiyası altına keçməsi o qədər gerçəkçi deyil.
Azərbaycanın əlində Ermənistan və Qarabağdakı ermənilərə qarşı istifadə edəcək nələri var idi? Öncə buna baxmaq lazımdır. Azərbaycan ictimaiyyətində əksəriyyətin fikri bu yöndə idi ki, rəsmi Bakı hərbi gücdən istifadə edərək erməniləri razı sala biləcək. Bunun adını bəziləri antiterror, bəziləri isə sülhə məcburetmə əməliyyatı qoyurdular. Azərbaycan bu addımları atdımı? Bəli! Özü də bir neçə dəfə. Fərrux, Sarıbaba, Qırxqızda xüsusi əməliyyatlar həyata keçirildi. Nəticə nə oldu? Erməni tərəfi müxtəlif ağızlarla maksimum “Azərbaycanın sərhədlərini tanıyırıq”, “Qarabağ Azərbaycanın beynəxlalq aləm tərəfindən tanınmış torpaqlarıdır”, “Sülhə razıyıq” kimi bəyanat verməklə yetindi.
Son olaraq sentyabr ayında sərhəd toqquşması baş verdi. Nəticə nə oldu? Heç nə! Dolayısı ilə Azərbaycanın planlaşdırdığı, gözlədiyi, arzuladığı heç nə baş vermədi. Hərbi güc effekt vermədi. Bir addım atılırsa, o istənilən nəticəni vermirsə, məqbul sayıla bilməz. Sülhə məcburetmə Azərbaycanın A planı idi. Bəs B, C, D..? Bunları nə masada, nə də sahədə görə bilirik.
Ermənilər Xankəndidə mitinq keçirdi. Bunu rəsmi Bakı və onun mətbuatdakı (politoloq, hərbi ekspert, siyasətşünas, jurnalist) sözçüləri ciddiyə almır. Hətta siyasətçilərin belə ilk ağlına gələn antiterror olur. Partiya sədrlərinin belə alternativ fikri yoxdur. Ancaq ermənilər Xankəndidə mitinqi nə Azərbaycana, nə də Ermənistana göstərmək üçün keçirirlər. Onları planı stratejikdir, uzun vədəlidir, alibidir. Azərbaycan da Qarabağla bağlı mitinq keçirə bilərdi? Bəli! Ancaq açıq görünür ki, rəsmi Bakı xalqı proseslərdən kənarda saxlayır. Unutmaq olmaz ki, müharibə zamanı xalqın varlığı bir çox məsələləri həll etmişdi…
Ermənistan Azərbaycanın hərbi gücünü iliyinə qədər hiss edib. Ancaq dözdü, səbr edərək özünə tərəfdaşlar tapdı və prosesi başqa səmtə daşıdı. Fransa Makronun dili ilə, ABŞ isə Nensi Pelosinin dili ilə Ermənistanın yanında olduğunu bəyan etdi. Bəs Azərbaycanın yanında kim var? Türkiyə. Bu yenilik deyil, onsuz da Ərdoğan Zəngilan hava limanının açılışına gəlsə də, gəlməsə də, hər kəs bilir ki, Türkiyə ilə Azərbaycan ortaq hərəkət edir. Türkiyə birincidir, bəs ikinci, üçüncü?
Hələ bu azmış kimi, İranı da nəzərdən qaçıra bilmərik. İran, ola bilsin, dünyada söz sahibi ölkə deyil, ancaq region üçün diqqətə alınacaq gücdür. Qarabağ hazırda, türkiyəlilər demiş, “çıxmaz sokak”dır.
Rusiya hələ ki Ermənistanda faktiki olaraq var olduğu üçün məsələyə radikal yanaşmır. Bir anlıq təsəvvür edək ki, Ermənistan Rusiya ilə bütün münasibətləri kəsdi. O zaman Rusiya Ermənistanı yanğın yerinə çevirəcək. Ruslar bu günə qədər girdikləri yerdən asan-asan çıxmayıblar, çıxdıqları yeri isə qan gölünə çevirirlər. Dolayısı ilə Cənubi Qafqazda hələ görəcəyimiz çox şeylər var.
Paşinyan Qarabağ yarasından qurtulmaq istəyir. Dolayısı ilə Qarabağı Rusiyanın qucağına atıb önünə baxmaq ən optimal variantdır. O zaman sual yaranır ki, niyə Rusiya sülhməramlılarının Qarabağda 15-20 il qalması ilə bağlı açıqlama verir. Çox sadə cavabı var. Ermənistan Azərbaycana ediləcək ən böyük pisliyi etmək niyyətindədir: “Mənim olmayan, heç sənin də olmasın”, – deyir.
Səxavət Məmməd
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru