Oqtay Qasımov: “Doğru cavab vermişəm...”;İlham İsmayıl: “Tarixi danası deyiləm”
1-06-2016, 09:49
İlham İsmayılla Elçibəyin köməkçisi arasındakı qalmaqal böyüyür; tərəflər növbəti dəfə üz-üzə gəldilər
Oqtay Qasımov: “Doğru cavab vermişəm...”;İlham İsmayıl: “Tarixi danası deyiləm”
Sabiq MTN zabiti İlham İsmayılla mərhum prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov arasında günlərdir davam edən qalmaqal böyüyür. Hər şey bir cümlədən başlayıb...
İ.İsmayılın moderator.az-da illər öncə yazdığı kitabı dərc edilib. Onun yazısında 4 iyun Gəncə qiyamı ilə bağlı fikirləri Elçibəysevərlərin, o cümlədən O.Qasımovun ciddi qınağına tuş gəlib. İttihamlarda sabiq MTN zabitinin Elçibəyin hakimiyyəti planlı şəkildə təhvil verməsi ilə bağlı dolayı fikirlər səsləndirdiyi iddia olunur. İ.İsmayıl isə öz növbəsində facebook səhifəsində belə fikirlər səsləndirmədiyini qeyd edib. Amma bu da narazılığın qarşısını ala bilməyib. Hətta Qasımov sabiq polkovniki “özünü bazara çıxaran” şəxs kimi qələmə verib. Öz növbəsində İ.İsmayılın cavabı kifayət qədər sərt olub: “Fikir plüralizmini bir qəlibə yığıb ”Heyvagülü" oynada bilməzsiniz, amma köməkçi və köməkçi kimilər həmişə “Heyvagülü” oynayacaq. Nə qədər istəyirsiniz oynayın".
Göründüyü kimi, hər iki tərəfin ittihamları havada uçur. Bütün bunlarla bağlı hər iki tərəfin mövqeyini aldıq.
Elçibəyin köməkçisi müsavat.com-a bildirdi ki, mərhum prezidenti haqlı tənqid edənlərə hörmətlə yanaşır: “Məsələ qərəz, başqa bir ittiham formasına çevriləndə, reaksiya verməmək mümkün deyildi. İlham İsmayılın məqaləsindən o qənaətə gəlinir ki, 4 iyun qiyamı Elçibəy tərəfindən planlaşdırılıb və hakimiyyət planlı şəkildə ötürülüb. Bu fikirlərə etiraz etmişəm və düşünürəm ki, haqlı iradlar səsləndirmişəm. Özünə hörmət edən analitik, yazar, yaxud hər hansı bir araşdırma mərkəzi o qənaətə gəlməyib ki, 4 iyun qiyamı hakimiyyətin ötürülməsi üçün planlaşdırılıb. İlham İsmayıl deyib ki, Oqtay Qasımov Prezident Aparatında oturub tarixi saxtalaşdırmaqla məşğul olub. Bu, mənə ünvanlanmış bir fikir idi. Ona, sadəcə, cavab vermişəm. Azərbaycanda indiyə qədər İlham İsmayıldan başqa kimsə məni bu tipli məsələlərdə ittiham etməmişdi. Açığı, o məsələlərin üzərinə getməyi düşünmürəm. Çünki zaman ən doğru təbibdir. ”Özünü bazara çıxaran" kimi fikirlərim ümumi formada yazılıb. Hər ilin bu zamanları maraqlı bir kampaniya başladılır. Bu kampaniyada maraq ondan ibarətdir ki, hər yerindən duran, məsələləri dərindən bilməyən hər kəs bütün mövqelərdən bu məsələlərə yanaşsınlar. Bu il də çox təəssüf ki, belə bir kampaniya başladı və qərəz, böhtan, təhqirlərlə dolu bir kampaniya oldu. Mən də buna münasibət bildirərək, bu kampaniyada iştirak edənləri, zamanında Elçibəyi təhqir edənlərin indi münasibətlərini görərək, onlara cavab verdim. Hesab edirəm ki, doğru da cavab vermişəm. Münasibət bildirəndə çalışmaq lazımdır ki, obyektivliyi itirməyəsən".
İ.İsmayıl Elçibəyin köməkçisi ilə münasibətlərinin daim yaxşı olduğunu söylədi: “Bu kitabı iki il əvvəl yazmışam. Sadəcə, indi saytda gedib. İndi yazmamışam ki, hansısa məqsədimin olduğu düşünülsün. O dövrdə Gəncədə işləyirdim. Hadisələrin içərisində olmuşam. Bunun üçün bilirəm ki, qiyamdan bir həftə əvvəl hökumət qüvvələri Surət Hüseynovun dəstəsini tərk-silah etmək üçün Gəncəyə gəlmişdi. Yazımda da bunlar var. Yazmamışam ki, hökumət qüvvələri hakimiyyəti təhvil vermək üçün Gəncəyə gəlmişdilər. Amma əməliyyat uğursuz olub. Bundan sonra qiyam baş verdi. Belə olan halda dövlətin vəzifəsi həmin hərbi qiyamı yatırmaq idi. Amma bunlar olmadı. Buna görə də demişəm ki, Elçibəy çıxış yolunu qiyamı yatırmaqda deyil, hakimiyyəti Heydər Əliyevə təhvil verməkdə gördü və gecənin birində Kələkiyə getdi. Amma Elçibəy Gəncə qiyamını planlamayıb, hətta 4 iyun günü orada əməliyyat olmalı idi. Yazıda qiyamı yatırmaq üçün dövlət başçısının üzərinə düşən vəzifələrin yerinə yetirilmədiyini qeyd etmişəm. Dediklərim bundan ibarətdir. Əgər belə deyilsə, demək, tarixdə yaşamamışam və Elçibəy hakimiyyəti başqasına verib. Qənaətə gəlmək başqa anlam verir. İfadəm belədir ki, Elçibəyin atdığı və atmadığı addımlar hakimiyyətin süqutuna apardı. Atdığı addım təyyarəni Naxçıvana göndərmək oldu. Atmadığı addım isə qiyamı yatırmamaq oldu. Təyyarəni Naxçıvana göndərməklə məlum oldu ki, qiyamı yatırmaq deyil, Elçibəy hakimiyyəti təhvil verməyi çıxış yolu gördü. Tarixi danası deyiləm, hadisələr belə olub. Uzun-uzadı yazsam, gərək əlavə kitab yazım. Əvvəldən ideyam bu olub ki, şahidi olduğum hadisələri yazıram. O qədər şeylər eşitmişəm ki, heç birini yazmamamışam. 8 saatlıq görüş olub. Onun mənə dəxli? Bu barədə bir fikir deyə bilmərəm. Bəlkə də hakimiyyəti təhvil vermək həmin görüşdə planlaşdırılıb. Həmin vaxt dövlət işçisi olaraq, nazirimə zəng vururam ki, hökumət hansı tədbiri görəcək, deyir ki, heç bir tədbir görülməyəcək”.
Sabiq MTN zabiti O.Qasımovun onu Elçibəyin təşkil etdiyi partiyada uzun müddət təmsil olunmasına görə qınamasına da cavab verdi: “Müsavat Partiyası nə Elçibəyin, nə də onun komandasının şəxsi partiyası deyil. Müsavat Azərbaycanın tarixi partiyasıdır. Ərizə yazanda qeyd etməmişəm ki, Elçibəy yolu ilə gedəcəm, onun davamçısı olacam. Bildirmişəm ki, Rəsulzadənin yaratdığı partiyaya üzv olmağı özümə şərəf bilirəm. Bu, Rəsulzadənin, milli öndərimizin yaratdığı partiyadır. Heç kəs bunu özəlləşdirib, Elçibəy komandasının adına çıxa bilməz”.