Bakıda internatda şagirdin zorlanması qalmaqalı böyüyür – yeni faktlar

6-06-2016, 01:13           
Bakıda internatda şagirdin zorlanması qalmaqalı böyüyür – yeni faktlar
Direktorla işdən çıxarılanı müəllimə arasında qızışan çəkişmənin pərdəarxası; məktəb direktoru kasıb valideynləri pulla ələ alaraq susdurub?..

Bakıda internat məktəbində baş verən qalmaqallı hadisələrin yeni təfərrüatları məlum olub. Mətbuatda Xəzər rayonunun Buzovna qəsəbəsində yerləşən 8 saylı internat məktəbində yuxarı sinif şagirdlərindən birinin azyaşlı oğlan uşağını zorlaması, məktəbdə nizam-intizamın olmaması haqda bir neçə gündür yazılar dərc edilməkdədir. İnternatdakı narazılıqlar məktəbin keçmiş psixoloqu İmarət Mehdiyava və bir neçə valideynin şikayətləri əsasında ictimailəşdirilib.

Öncə onu qeyd edək ki, Azərbaycanda internat məktəblərində qanunsuzluqların, nəzarətsizliyin hökm sürdüyü barədə dəfələrlə məlumatlar yayılıb. Bu cür hadisələrin həqiqət olduğunu sübut edən faktlar da ortaya qoyulub. İmkansız ailələrin və kimsəsiz uşaqların təhsil aldığı, təlim-tərbiyə gördüyü internat evləri elə Sovet dönəmindən bu cür qalmaqallarla yadda qalıb. İnternat evləri dedikdə, yəqin ki, ilk ağla “Yetimlər evi”, zorlama hadisələri, uşaqların işgəncə görməsi, döyülməsi kimi hallar gəlir. İnternat evlərindəki vəziyyəti canlandıran Azərbaycanın məşhur “Pəncərə” filmi elə Sovet hakimiyyətinin dağıldığı illərə təsadüf edir. Film bütünlükdə internat evlərindəki vəziyyəti cəmiyyətə çatdırırdı.

Qayıdaq internat evində baş verən olaylara. Əvvəlcə zorlama və internat məktəbindəki özbaşınalıq barədə. Musavat.com-un məlumatına görə, bir müddət əvvəl məktəbdən çıxarılan psixoloq İmarət Mehdiyeva qafqazinfo.az saytına müraciət edərək bildirib ki, yuxarı sinif şagirdlərindən biri azyaşlı oğlan uşağını zorlayıb. Müəllimənin dediyinə görə, məktəbdə özbaşınalıq və nəzarətsizlik hökm sürür. İ.Mehdiyeva qeyd edir ki, bütün bu hadisələr 15 il psixoloq kimi işlədiyi məktəbə 1 il öncə Pəri Paşayeva direktor təyin olunandan sonra baş verib.

“Direktor məktəbi idarə edə bilmir. Bu barədə Təhsil Şöbəsinə müraciət etdim. Son bir ildə şagirdlər heç kimə qulaq asmır, dərs sistemi tamamilə pozulub. Zorlama hadisəsi ilə bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparıldı. Valideynlər polisə müraciət etmişdi, sonra direktor həmin kasıb valideynləri pulla ələ alaraq susdurdu. Mən psixoloq kimi təcavüzə məruz qalan uşaqlarla söhbət apardım, özləri izahat da yazdılar. Bir neçə uşağın izahatını direktora təqdim etdim ki, belə bir problem var. O vərəqləri əlimdən alıb cırdı, bəziləri özümdə qaldı. Uşaqlar təcavüz hadisəsinin necə baş verdiyini qeyd ediblər. Bu məsələlərə görə mayın 17-də direktor mənim telefonumu əlimdən alaraq yerə çırpıb sındırdı, sonra da telefonu özündə saxladı. Hələ də qaytarmayıb” - deyən psixoloq ötən ayın 24-də məktəbdə Şuranın iclasının keçirildiyini və direktorun göstərişi ilə işdən çıxarıldığını iddia edir.

Hadisə ilə bağlı zorlanan 9 yaşlı oğlanın anası isə bildirib ki, hadisədən sonra polisə müraciət edib və uşağının zorlandığını təsdiq edən ekspertiza rəyi çıxarılıb. Valideynin iddiasına görə, sonradan direktorun səyləri nəticəsində rəy dəyişdirilib. Valideyn direktorun oğlunun və qohumlarının yüksək vəzifədə çalışdığını və işi gizlətdiyini bildirib.

*****

10 ildən artıqdır məktəbdə işləyən müəllimələrdən birinin verdiyi məlumata görə, bütün hadisələr direktor və İmarət Mehdiyevanın şəxsi münasibətlərinin korlanmasından sonra başlayıb. Bunun nəticəsində də məktəbdə problemlər yaranmağa başlayıb. Müəllimənin sözlərinə görə, internata Pəri Paşayeva direktor təyin olunduqdan bir müddət sonra İmarət Mehdiyeva ilə münasibətləri korlanıb: “Hadisələrin bu qədər şişirdilməsi iki tərəfin münasibətlərinin nəticəsidir. Hər yeni direktor gələndə öz qaydalarını qoymaq istəyir. Razı olan da, olmayan da olur. Nədənsə İmarət müəllimə ilə direktor arasında fikir ayrılığı yarandı. Bütün hadisələr də iki ay əvvəl başladı.

Aprel ayında İmarət müəllimə 8-ci sinif şagirdlərindən birini öz otağına çağıraraq ərizəyə imza atmasını tələb edib. Lakin həmin şagird bundan imtina edib, otaqdan çıxmaq istəyəndə İmarət müəllimə onun qolundan sıxaraq xəsarət yetirmişdi. Həmin hadisə məktəb rəhbərliyi tərəfindən aktlaşdırıldı. Şagirdin anasının polisə şikayəti əsasında araşdırma aparıldı, uşağın xəsarət alması məhkəmə-tibb ekspertizanın rəyi və müəllim və şağirdlərin izahatları ilə təsdiq olundu. Bundan sonra İmarət müəllimənin oğlu Vüqar Çərkəzli polisə şikayət edən şagirdi məktəbdən çıxanda döyüb. Bu işlə bağlı da araşdırma aparılıb.

Bundan əlavə, İmarət müəllimə məktəbin bir neçə şagirdlərinin şərəf və ləyaqətini alçaldaraq, onların psixologiyasına mənfi təsir göstərərək onlara izahatları məcburi yazdırmağa çalışıb. Sonradan şagirdlər həmin izahatların Mehdiyevanın diktəsi ilə təzyiq altında yazdıqlarını öz valideynlərinin iştirakı ilə verdikləri izahatlarında da qeyd ediblər”.
Tərəflər arasında iki ay davam edən savaşın nəticəsində bu hadisələr mətbuatın da gündəmə gəlib. İ.Mehdiyeva son iki ay ərzində məktəbdəki neqativ hallar, ardınca isə zorlama hadisəsi ilə bağlı Təhsil Nazirliyinə də müraciət edib. Müəllimənin bu cür hərəkətlərindən sonra direktor məsələni kökündən həll edə bilib. Belə ki, direktor İmarət Mehdiyevanın özfəaliyyətinin qarşısını almaq üçün 24 may 2016-cı il tarixdə məktəbin Pedaqoji Şurasının və Həmkarlar Komitəsinin iclasları keçirilib. Əmək funksiyalarını və öhdəliklərinin yerinə yetirmədiyinə görə İ.Mehdiyeva ilə bağlanmış Əmək Müqaviləsi Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən ləğv edilib. Psixoloq da bundan sonra şikayətlərə başlayıb və mətbuata üz tutub.

Musavat.com-a danışan müəllimə də yeni direktorun fəaliyyətindən az da olsa narazılığın olduğunu qeyd edir: “İnternat məktəblərində o qədər problemlər olur ki. Əvvəl bu məktəbdə daha çox narazılıqlar, şikayətlər olub. İndi də məktəbdə kiçik də olsa problemlər var. Ancaq həll edilməsinə çalışılır. Lakin direktor-müəllimə davası bu yerə gəlib çıxdı. İndi zorlama hadisəsinin olduğunu heç kim dəqiq bilmir. Polis araşdırıb və olmadığını deyir. Yenidən DİN və Təhsil Nazirliyi məsələni araşdırmağa başlayıb. Hadisələrin əsl səbəbləri və niyə birdən-birə belə şişirdilməsi məlum olacaq”.

Qalmaqalla bağlı Təhsil Nazirliyinə də müraciət etdik. İlk sualımız İ.Mehdiyevanın qeyd edilən məsələlərə bağlı nazirliyə müraciət edib-etməməsi ilə bağlı oldu. Nazirlikdən bildirildi ki, İ.Mehdiyeva son iki ay ərzində məktəbdə özbaşınalığın, nəzarətsizliyin olması və həmçinin, zorlama hadisəsi ilə bağlı müraciətlər ünvanlayıb. Nazirlikdən bildirildi ki, aparılan araşdırmalar zamanı qeyd edilən məsələlər öz təsdiqini tapmayıb. Bundan sonra İ.Mehdiyeva mətbuata müraciət etmək qərarına gəlib.

Valideynlərin mətbuata etdikləri müraciətdə məktəbdəki şəraitdən narazılıqlarına gəlincə isə Təhsil Nazirliyindən deyildi ki, internat məktəbindəki şərait tələblərə cavab verir: “İnternat məktəbindəki hər cür şərait yaradılıb və daim nəzarətdə saxlanılır. Məktəbdəki vəziyyəti mediatur zamanı media və ictimaiyyət nümayəndələri də görüblər”.

Əlavə edək ki, Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsinin şöbə rəisi, polkovnik Adıgözəl Adıgözəlov və Təhsil Nazirliyinin De-institutlaşma və Uşaqların Müdafiəsi İdarəsinin rəisi Məlahət Hacıyeva Xəzər Rayon Polis İdarəsində şikayətçi olan şəxslərlə görüşüblər.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.