"Meta" "Google" və "OpenAI" ilə əməkdaşlıq planlaşdırır
Bu gün, 17:08

Meta rəqəblərinə uduzmamaq üçün "Google" və "OpenAI" ilə süni intellekt əməkdaşlığı planlaşdırır
Süni intellekt yarışında geri qalmamaq üçün şirkətlər müxtəlif addımlar atır. Meta isə bu dəfə diqqətçəkən qərar verib – o, "Google" və "OpenAI" ilə müvəqqəti əməkdaşlıq imkanlarını nəzərdən keçirir. Məqsəd, şirkətin öz modeli olan "Llama 5" tam hazır olana qədər rəqib texnologiyalardan istifadə etməklə boşluğu doldurmaqdır.
Məlumata görə, "Meta"nın süni intellekt bölməsi Superintelligence Labs xüsusilə "Meta AI" çat-botunun daha güclü cavablar verə bilməsi üçün Google Gemini modelinin sistemə inteqrasiyasını qiymətləndirir. Eyni zamanda, "OpenAI"ın modellərinin də "Meta"nın müxtəlif tətbiqlərində sınaqdan keçirilməsi gündəmdədir.
Şirkət artıq bəzi daxili sistemlərində bu yanaşmanı sınamağa başlayıb. Məsələn, "Meta"nın əməkdaşlarının istifadə etdiyi kod yazma alətlərində fərqli süni intellekt modellərindən dəstək alındığı bildirilir.
Hazırda "Google" və "OpenAI" bu məsələ ilə bağlı rəsmi açıqlama verməyib. Görüşlərin test mərhələsində olduğu deyilir.