Tehran Vaşinqtonla gizli danışıqlar aparır - BİZƏ TƏSİRİ NECƏ OLACAQ?

21-04-2023, 17:06           
Tehran Vaşinqtonla gizli danışıqlar aparır -
Beynəlxalq məsələlər üzrə analitik Teymur Qasımlı ilə hafta.az üçün bu dəfəki söhbətimizdə bundan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesinin necə və harada davam edəcəyi, Azərbaycan və İran XİN başçılarının son ardıcıl və geniş telefon danışıqlarının iki ölkə arasındakı münasibətlərin normallaşmasına gətirib çıxaracağı ehtimalı, İrandakı getdikcə güclənən kütləvi xalq etirazlarıyla paralel sonuncu şahın oğlu Rza Pəhləvinin də fəallaşdırılmasının yaxın müddətdə bu ölkədə rejim dəyişikliyinə aparıb-aparmayacağı və s.barədə danışdıq. TEREF.AZ həmin söhbəti təqdim edir:

-Teymur bəy, son günlər baş vermiş gərgin olaylardan sonra Azərbaycanla Ermənistan arasında sülh prosesi necə davam edə bilər? Ölkə başçıları arasında növbəti görüşün harada baş tutma ehtimalı daha böyükdür: Vaşinqtonda, Brüsseldə, yoxsa Moskvada?

-Son günlər baş verənləri sözsüz ki, Qərbin nüfuzunun Güney Qafqaz, o cümlədən Ermənistanda güclənməsi, Azərbaycan-Ermənistan görüşlərinin, sülh prosesinin Qərbin vasitəçiliyi ilə təşkilinin qarşısının alınması üçün Rusiya-İran ittifaqı tərəfindən atılan adımların nəticəsi kimi də dəyərləndirmək olar. Həmin addımlardan biri də, təəssüf ki, Ermənistanla sərhədimizdə 3 əsgərimizin şəhid olmasıyla nəticələnmiş təxribat oldu. Bu cür təxribatların birbaşa Rusiyanın göstərişi və iştirakıyla təşkil olunması da aydındır...

Bu günlərdə Paşinyan qəribə fikirlər səsləndirərək bildirib ki, Ermənistan ordusunda əmrləri məndən yox, başqa liderlərdən alanlar var. Erməni baş nazir onların agent olması ehtimalından da danışıb. Həmin agentlərin daha çox hansı ölkəyə aid olmasını müəyyən etmək üçün Ermənistanda hansı ölkənin hərbi bazasının olması, bu ölkənin sərhədlərini hansı kənar ölkə qoşunlarının qoruması haqda düşünmək kifayətdir. Təbii ki, dediyim kimi, Azərbaycan-Ermənistan danışıqlarının və sülh prosesinin Avropa, yaxud ABŞ-ın vasitəçiliyi ilə aparılmasından ən çox narahat olan da Rusiyadır. Və yaranmış gərgin durumda danışıqların növbəti raundunun harada keçiriləcəyi çox ciddi məsələdir. Bilirik ki, məhz bu gərgunlikdən öncə danışıqların daha çox Vaşinqtonda keçirilməsi ehtimalı yaranmışdı. Sərhəddəki bəhs edilən təxrubatdan sonra isə Rusiya XİN-in sözçüsü Mariya Zaxarovanın “ötürməsi” ilə guya görüşün Moskvada keçirilməsinin daha gözlənilən olduğu bilindi. Həmin ərəfədə Avropa İttifaqının rəhbəri Şarl Mişel də bu mövzuda müəyyən fikirlər səsləndirdi...

Bildiyiniz kimi, bu günlərdə ABŞ Dövlət Katibliyinin müxtəlif ranqlı rəsmilərinin İrəvana və Bakıya ardıcıl səfərləri oldu, danışıqlar aparıldı. Həmin səfərlərin Azərbaycan-Ermənistan danışıqlarının məhz Vaşinqtonda keçirilməsinə hazırlıq məqsədi güddüyü anlaşılandır. Bütün hallarda hesab edirəm ki, Azərbaycan və Ermənistan rəsmiləri danışıqların heç bir vasitəçi olmadan aparılmasına çalışmalıdır. Çünki həmin vasitəşilərdən hər biri öz siyasi məqsədlərini güdür. Düzdü, Rusiyadan fərqli olaraq Qərb vasitəçi kimi öz istəklərini qəti şəkildə diqtə etmir, sadəcə, mediatorluq edirlər. Amma əgər vasitəçisiz alınmırsa, düşünürəm ki, danışıqların Vaşinqtonda davam etdirilməsi Azərbaycan üçün daha effektiv və uğurlu olar.

-Ancaq, sözsüz ki, Rusiya yenə də İlham Əliyevlə Nikol Paşinyanın növbəti görüşünün Moskvada keçirilməsi üçün əlindən gələn hər şeyi edəcək?

-Buna şübhə yoxdur. Rusiya yenə hansısa təxribatlar törətməyə çalışacaq. Lakin yaxşı haldır ki, hələlik istər rəsmi Bakı, istərsə də İrəvan tərəfindən növbəti görüşün Moskvada keçiriləcəyi təsdiqlənməyib. Bu ehtimal yalnız Zaxarovanın dilindən səslənib. Amma Azərbaycan Prezidentinin də son açıqlamalarından gəlinən nəticə odur ki, indiyədək istər Rusiya, istərsə də Avropa şəhərlərində keçirilmiş görüşlərin heç birindən uğurlu nəticə alınmayıb...

-Azərbaycan və İran XİN başçılarının son ardıcıl və geniş telefon danışıqlarından sonra iki ölkə arasındakı münasibətlərin normallaşması prosesi başlayıbmı, sizcə?

-Aydındır ki, İran daim şimaldakı Azərbaycan ərazisində müstəqil dövlətin varlığını öz təhlükəsizliyinə təhdid hesab edib. Azərbaycan Respublikasının müstəqilliyini rəsmən tanısa da, əslində mahiyyətcə tanımayıb. Tehran rejimi Güney Azərbaycan faktorundan, Türkiyənin, Qərb ölkələrinin burada möhkəmlənməsindən həmişə ehtiyat edib. Bu səbəblərdən 1991-ci ildən bəri Azərbaycanla İran arasında gərginliklər olub və bu gündən sonra da hələ bir müddət olasıdır. Çünki Tehran xarici siiyasətini daim bu istiqamətdə qurub. 2020-ci ildəki 44 günlük Vətən savaşımızdan sonra isə İran bizə qarşı tamamilə aqressivləşib. Əsasən də Zəngəzur dəhlizi məsələsi ilə bağlı... Əlbəttə, burada İsraildə səfirliyimizin açılması və son vaxtlar müttəfiq, dost münasibətlərində olduğumuz bu ölkə ilə əməkdaşlığın sıxlaşması da böyük rol oynayıb...

Digər tərəfdən, bilirsiz ki, artıq Türkmənistan da İsraillə normal münasibətlər qurub, tezliklə bu türk dövləti də İsraildə səfirliyini açacaq. İsrailin Bakıya gəlmiş xarici işlər naziri buradan Aşqabada yollanacaq. Bu da, təbii ki, Tehranı qıcıqlandırır... O da diqqətçəkən amildir ki, İranın siyasi elitası içərisində vahid və sabit mövqe yoxdur. Göründüyü kimi, “SEPAH” əsasən Rusiya və Çinlə sıx əməkdaşlığın tərəfdarıdır. Azərbaycana qarşı sərt fikirlər məhz həmin cinahdan gəlir. Və bu da İranda vahid bir idarəetmə formasının olmadığını göstərir. Azərbaycan dövlətinin İranın bizə qarşı bütün addımlarına cavab verməsinin tərəfdarıyam. Amma aramızdakı qapıların tam qapanması da doğru olmaz, sivil münasibətlərin bərpasına çalışmaq gərəkdir. Müsbət haldır ki, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyevlə İranın ölkəmizdəki səfiri arasında görüş olub, iki ölkənin xarici işlər nazirləri bir neçə dəfə ardıcıl geniş telefon danışıqları aparıblar. Odur ki, İran və Azərbaycan arasında münasibətlərin normallaşmasına ümid etmək olar. Bu, hər iki tərəf üçün faydalıdır. Azərbaycanla sivil münasibətlərin qurulması daha çox İranın xeyrinədir. Bu, eyni zamanda bölgədə sabitliyə də gətirib çıxaracaq...

-İranın ABŞ və İsraillə düşmən münasibətdə olması ilə yanaşı, daxili böhranın da artıq yarım ildən çoxdur ki, səngiməməsi, eləcə də İsrailə səfər edib baş nazirlə Netanyahu ilə görüşən sonuncu İran şahının oğlu Rza Pəhləvinin də fəallaşdırılması yaxın müddətdə bu ölkədə rejim dəyişikliyinin baş verəcəyindən xəbər vermir ki? Yoxsa İranı Səudiyyə Ərəbistanıyla tam barışdırmağa çalışan Çinin, bir az da Rusiyanın dəstəyi hələ özünü göstərəcək?

-Əvvəla, demək lazımdır ki, İranda kütləvi etiraz aksiyaları davam etsə də, onların ümumi bir təşkilatçılığı, lideri olmadığından real nəticələri olacağı gözlənilən deyil. Digər tərəfdən, hesab edirəm ki, Rusiya-Ukrayna savaşı bitmədiyi müddətdə İrana hər hansı xarici hərbi müdaxilə olmayacaq. İrana qarşı müxtəlif koalisiyalar formalaşsa da, həmişə demişəm, bir daha təkrar edirəm ki, Sasanilərdən qalma hiyləgər fars diplomatiyasının mövcudluğunu da nəzərə almaq lazımdır. Belə ki, hazırda Tehran gizlincə, pərdə arxasında Vaşinqtonla danışıqlar aparır. Rusiya-Ukrayna savaşı başlayandan payız-qış dövründə Avropanın soyuqdan donmamasında İranın da rolu var. Çünki gizli danışıqlara uyğun olaraq bu ölkənin qazı-nefti Avropaya satılıb. Sonuncu şahın oğlu Rza Pəhləviyə gəldikdə, düzdür, ABŞ, İsrail ondan İrana təzyiq üçün istifadə edir. Amma nəzərə almaq lazımdır ki, şahın oğlunun İran xalqı arasında elə bir nüfuzu yoxdur. Eyni zamanda Rza Pəhləvinin ölkə daxilində nə qədər dəstəkçisi olduğunu da bilmirik. Bütün hallarda şahın oğlunun bütövlükdə İran xalqı tərəfindən dəstəklənərək hakimiyyətə gəlməsi xeyli çətin görsənir. Onu da nəzərə almaq lazımdır ki, Ağ Ev İsrailin Netanyahunun başçılıq etdiyi hazırkı hakimiyyətinə o qədər də ciddi dəstək vermir və bir çox məsələlərdə fikir ayrılıqları mövcuddur. Ona görə də həmin ölkədə molla rejiminin yaxın zamanlarda dəyişəcəyi gözlənilmir.

Çinin vasitəşliyi ilə İran və Səudiyyə Ərəbistanı arasında barışıq prosesinin aparılması da maraqlı məsələdir. Vaşinqton isə əsasən İran- Səudiyyə Ərəbistanı yaxınlaşmasından yox, Çin -Səudiyyə Ərəbistanı əməkdaşlığından narahatdır. Amma İranın da atdığı diplomatik addımlar öz maraqları üçün uğurludur. Çünki Çinin Ərəbistanla yanaşı, İrana da güclü investisiyalar qoyacağı gözlənilir. Və bu amilin özü də Tehran rejiminin hələ də hakimiyyətdə qalacağına xidmət edəcək...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru