Seçkinin maddi xeyri, və ya nədən sən, məhz sən, hər bir vətəndaş seçki istəməlidir?!

24-04-2023, 12:46           
Seçkinin maddi xeyri, və ya nədən sən, məhz sən, hər bir vətəndaş seçki istəməlidir?!
İstənilən ölkədə seçki sürəci vətəndaşları bəyənini, rəğbətini qazanmaq üçün vəədlərdən ibarət olur. Məsələnin ideoloji tərəfini bir kənara qoysaq, orta statistik seçici istənilən ölkədə çox zaman TV-lərə deyil də, soyuducusuna baxıb qərar verir.
Seçki sürəcində populizm çoxalır, şirin vəədlər və real addımlar da olur, hərçənd, şəxsən mən siyasi populizmin çox ziyanlı olduğunu düşünürəm, amma reallıq budur ki, siyasi populizm seçkinin ayrılmaz hissəsi olur.
Azərbaycanda da bunun örnəkləri olub: 1992-ci il seçkilərində rəhmətlik Elçibəyin rəqibi 2016-ci ildə rəhmətə getmiş Nizami Süleymanov idi – çox populist vəədlər verdi, seçkilərdə uduzmasına baxmayaraq böyük səs topladı, hər ailəyə pulsuz ev vəədi onun səs toplamasına səbəb oldu.
Qardaş Türkiyədə də hər seçki sürəci vəədlərin çoxalması, populizmin artması ilə yadda qalır, amma məhz siyasi rəqabət, seçkilərin düzgün keçməsi vətəndaşa xeyir verir. Cəmi 3 həftə qalan indiki seçkilər də eynidir, əlbəttə ki, illərdir dəyişməyən şüar və yanaşmalar da olur – məsələn, hər bir partiyanın seçki platformasında özünəməxsus, obrazlı desək, "Vatan, Millet, Sakarya" bölümü də olur, amma əsas məsələ sosial-iqtisadi vəədlərdir.
2023 seçkilərinə az qalıb və AKP ciddi nüfuz itirib deyə Erdoğan və komandası səxavət kisəsinin ağzını açıb: 1) İl boyu Türkiyə vətəndaşlarına hər ay 25 m3 qaz pulsuz veriləcək – indiki qiymətlərlə bu ayda 125-150 lirə (orda sabit qiymətlər deyil, bölgədən-bölgəyə dəyişir), ilə 1500-1800 lirə maddi dəstək deməkdir, 2) Şəhərlərdə köhnə binaların sökülüb yerində müasir, zəlzələyə davamlı, təmirli binalar tikiləcək, AKP elan etdi ki, indi müqavilə bağlayanlara 2 ilə daha böyük sahəsi olan yeni mənzillər təslim ediləcək, bu iki il ərzində müqavilə bağlayanlara əşyalarını daşımaq üçün birdəfəlik 10500 lirə, kira üçün isə hər ay 5250 lirə yardım ediləcək, 3) Təqaüdçülərə, minimum əmək haqqı alanlara da müjdələr, əlavə pullar yağdırırlar.
Müxalifət də heç geri qalmır, çox sayda sosial, iqtisadi vəədlər verir, minimum əmək haqqı ilə, təqaüdçülərlə bağlı AKP-dən daha çox vəsait verəcəyini elan edir – seçki, bir növ seçici üçün auksiona dönüb, hamı, hər kəs onun, seçicinin ŞƏXSİ qazancının nə olacağını izah etməyə çalışır.
Məmləkətimizdə seçki həyacanı olmadığı üçün seçki vəədləri də yoxdur, iqtidar və onların əbədi, əzəli müttəfiqləri seçkidən insanları iyrəndirdilər, seçkinin mənasız olduğu təbliğatını apardılar, vətəndaşlar da seçkidən əlini üzdü – hökumət üçün ideal vəziyyət yarandı. Seçkiyə inanmayan, iştirak etməyən vətəndaşlara nədən vəədlər verilməli, onlara ŞƏXSƏN toxunacaq addımlar atılmalıdır ki?! Hökumət seçki öncəsi öz pullu namizədlərinə 3-4 maşın alfalt döşətdirmək, 2-3 məhəllələrdə domino oynamağa yer düzəltdirməklə işini bitmiş hesab etdi, onların əbədi-əzəli müttəfiqləri isə seçkini gözdən salaraq, marağı öldürərək ən böyük yardımçıları oldular, onlar da buna görə öz dividentlərini qazandılar, ortalıqda qalan yenə vətəndaş oldu.
Bizdə də siyasi partiyalar və şəxslər son zamanlar daim bir mövzuda, obrazlı desək, “Vətən, Millət, Ağıllı kənd” mövzusunda (yəni, öz aləmlərində vətənpərvərlik) danışmağı xoşlasalar da, iqtisadi-sosial məsələlərdə rəqabətə girmirlər, çünki, hökumətin əbədi-əzəli müttəfiqləri bəsit populizm qışqırırlar, sənədli-sübutlu danışa bilmirlər, onlara vətəndaş da inanmır, inanmayan vətəndaş, biganə vətəndaş, seçkiyə getməyən vətəndaş isə hökumət üçün ən yaxşı vətəndaşdır.
Həzərat, əziz vətəndaş, seçki sənə, məhz sənə lazımdır, tutalım, ideologiyalara inanmırsan, tutalım, mürəkkəb sistem dəyişikliyini anlamaq istəmirsən, xub, olsun, seçkiyə marağını artır ki, hökumət də, müxalifət də sənin qılığına girməyə, səni razı salmağa, sənə maddi qazanc gətirməyə çalışsınlar – Vallah xeyrini görəcəksən...
Natiq Cəfərli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru