Üstümüzə Çin gəlir

27-04-2023, 09:24           
Üstümüzə Çin gəlir
Ötən həftənin maraqlı, amma diqqətdən qaçan hadisələrindən biri də Çinin Fransadakı səfiri Lu
Shayenin Fransanın LCI telekanalına müsahibəsi oldu. Səfir birdən-birə Pekinin bu günə qədər
yürütdüyü və ifadə etdiyi siyasətin əleyhinə bəyanat verdi. Bu bəyanatın mahiyyəti keçmiş sovet
ölkələrinə aid olsa da, həm də beynəlxalq münasibətlər sistemində yeni həmlə sayıla bilər. Səfir
deyir: “Keçmiş sovet respublikaları suveren dövlətlər kimi beynəlxalq hüquqda effektiv statusa
malik deyillər”. O, bunu Ukraynaya münasibətdə ifadə edərək, sanki Çin siyasətindəki
Konfutsiçiliyin şüuraltını ifşa edir. Beləliklə, baxaq görək Çini narahat edən nədir?
Ötən müddətdə Çin Kommunist Partiyasının və ölkənin lideri Si Tsinpinin Rusiyaya səfəri baş
tutdu. Ekspertlər hesab etdilər ki, bu səfər məqsədinə çatmayıb. Düzdü, hələ ortada heç bir ciddi
nəticə yoxdur, amma tamamən başqa istiqamətlərdən görünür ki, Çin Rusiya ilə nəticə əldə edə
bilməməklə kifayətlənmək istəmir. Pekin ikinci addım kimi Qərbi parçalamağı qarşısına məqsəd
qoyub. Fransa prezidenti Makronun Çinə səfəri zamanı səsləndirdiyi bəzi fikirlər və müharibənin
dayanması üçün Çinin potensialına inam ifadə etməsi Qərb mediasında ciddi tənqidlərə səbəb
oldu. Hətta dünyaca məşhur ABŞ alimi Frensis Fukuyama da bu məsələyə “Görünür, Makron
Ukrayna müharibəsindən heç nə öyrənməyib” deyə reaksiya verdi. O, bu fikirləri öz tvitter
hesabında paylaşıb.
Məsələnin mahiyyəti “Makronun öyrənməməsi” qədər sadə ola bilməz. Çünki hadisələrin
tarixçəsi onu deməyə əsas verir ki, əslində Fransa-Çin yaxınlaşması yeni deyil. Əksinə, əvvəllər
olmuş, sonradan azacıq məsafə almış münasibətlərdir. Əlbəttə, söhbət AUKS prosesindən və
Fransanın Çinlə işbirliyinə görə anqlosakson ölkələri tərəfindən cazalandırılmasından gedir.
Fransa isə müvəqqəti geri çəkildi, amma görünən odur ki, əvvəlki niyyətində qətidir.
Paris nə istəyir və nədən narahatdır?
1. Fransa, ənənəvi siyasətinə sadiq qalaraq, dünyada birqütblü siyasi sistemin olmasını istəmir.
2. Çinin hələ ki aktiv qütb olmaq fikrinin olmadığını bildiyi üçün Rusiyanın tam sıradan çıxmasını
da istəmir. Xüsusilə, parçalanmasını və kiçilməsini istəmir.
3. Özünün bu məsələdə açıq və aktiv fəaliyyətinin çətinliyini nəzərə alır və buna görə də Çin
vasitəsilə məsələni həll etmək istəyir.
4. ABŞ mərkəzli bir geosiyasi məkanın olmasındansa özünün daha neytral qala biləcəyi, Çinin
də aktiv olacağı bir sistem istəyir, buna görə də Çin hazır olana kimi Rusiyanı qorumağı doğru
sayır.
5. Şərqi Avropanın taleyindən qəti narahat deyil, çünki Rusiya olmasa da ABŞ onlarla daha yaxın
olacaq və bu, qlobal anlamda Fransa üçün heç nə demək deyil.
Belə olan halda, əsas pərdəarxası oyunçu sayılan Çin nədən birdən-birə belə bir bəyanata
zərurət gördü. Belə başa düşülür ki, ABŞ dövlət Katibi Entoni Blinkenin Orta Asiya ölkələrinə
ardıcıl səfərləri Çinin postputin (geopolitik mənada postrusiya) dövründə bu bölgə ilə bağlı
planlarına zərbə vurur. Pekin bir neçə ay əvvəl ən yüksək səviyyədə Şanxay əməkdaşlıq
təşkilatının toplantısında həm Qazaxıstanın, həm Azərbaycanın suverenliyinə dəstək ifadə
etmədimi? O zaman səfir necə Sinin bəyanatının əksinə gedə bilər? Görünür, Pekin artıq başa
düşüb ki, əsas rəqib Rusiya deyil və bəlkə də o, artıq yoxdur. İndi strateji mənada Çin siyasətinə
maneə Qərbdir. Qərbin isə buradakı əsas silahı nədir? Rusiya təhdidinə qarşı dövlətlərin, əsasən
də keçmiş sovet dövlətlərinin suverenliyini bərkitmək. Bəli, Çin indi məhz həmin nöqtədən zərbə
endirməyə çalışır. Bununla nəsə edə bilərmi? Elə də perspektivli görünmür. Amma bir məsələ
açıq hiss olunur ki, Çin elə bu bəyanatı ilə Rusiyanın yolunu (taktikasını) getdiyini və növbəti
legitim hədəf olduğunu əsaslandırır.
pressklub.az
Seymur Həzi












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru