Putinlə telefon danışığından sonra kritik mesaj: “Qarabağ...”
27-04-2023, 12:58

“Ermənistan və Rusiya liderlərinin son telefon danışığı o qədər də rəvan getməyib.
Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin keçmiş deputatı Armen Aşotyan deyib.
“Armen Qriqoryan (Təhlükəsizlik Şurasının katibi) növbəti dəfə dövlət sifarişi çərçivəsində “İctimai” telekanalın efirində qonaq oldu. Müsahibəsində bütün məqsəd “sensasiyalı əsaslandırmalar”la Rusiyaya qarşı mübarizəni təbliğ etmək idi. Proqram boyu birbaşa Rusiyanı təkcə bugünkü təhlükəsizlik böhranı, Laçın dəhlizi ətrafındakı vəziyyətdə deyil, həm də 44 günlük müharibəni qızışdırmaqda ittiham etdi.
Nikol Paşinyanla Vladimir Putinin son (dünənki) telefon danışığından sonra belə bir müsahibənin lentə alınması, təsadüfi deyil. Ehtimal etmək olar ki, telefon danışığı, yumşaq desək, rəvan getməyib və İrəvan hakimiyyəti H1-in (“İctimai”) efirində “dişlərini göstərməyə” çalışır”, - siyasətçi bildirib.
Aşotyanın sözlərinə görə, heç bir dövlət Ermənistan üçün müharibənin qarşısını almağa borclu deyil. Onun fikrincə, Azərbaycanla müharibə Rusiyanın yox, Ermənistan hakimiyyətinin səhvləri ucbatından başlayıb.
Sabiq deputat artıq Qarabağla bağlı bədnam “status”un Ermənistan hakimiyyəti üçün müzakirə mövzusu olmadığını bildirib:
“İctimai” telekanal vasitəsilə o tezis bir daha səsləndirildi ki, bu hakimiyyət üçün yeganə vacib olan ermənilərin Qarabağda məskunlaşması, hüquq və təhlükəsizliyinin təmin edilməsidir. Yəni açıq mətndə bir daha eyham vuruldu ki, Qarabağ Azərbaycanın bir hissəsi olacaq və yalnız orada yaşayan ermənilərin müəyyən problemləri gündəmə gətirilə bilər”.
Aşotyan əlavə edib:
“Armen Qriqoryanın müsahibəsini yekunlaşdıraraq belə qənaətə gəlmək olar:
Günahkar ruslardır;
Putinlə telefon danışığı yaxşı keçməyib;
Qarabağ Azərbaycana məxsusdur, ermənilər ancaq orada yaşamalıdır, Laçın dəhlizlə bağlı məsələləri Rusiya həll etməlidir”.