AMEA-nın Tarix İnstitutunu “dağıdıb gediblər” - başqa necə ad qoymaq olar...
28-04-2023, 10:25

Faiq Ələkbərli: “Tarix İnstitutunun əməkdaşlarının potensialı ona görə zəifdir ki, onların bir çoxu hələ də Sovet metodologiyasının “şinel”indən çıxa bilmirlər”
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunda illərdir hansı işlər görülüb? Bunun xalqımızın tarixinin öyrənilməsinə hansı faydaları olub? Biz yeni elmi metodologiya əsasında tariximizi niyə yenidən öyrənə bilməmişik? Bu istiqamətdə suallar çoxdur, cavablar isə, demək olar ki, yoxdur.
Azərbaycan 32 ildir ki, dövlət müstəqilliyini bərpa edib. Amma bu 32 ildə Tarix İnstitutu hansı işlə məşğul olub? Ortaya çıxardığı şikəst, təhriflərlə dolu, antimilli ruhda yazılan, bolşevik təfəkkürü ilə təhlil edilən VII cildlik “Azərbaycan tarixi” iləmi öz vəzifəsini bitmiş hesab edib?
AMEA Tarix İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Kərim Şükürov “Tarix İnstitutunun çox zəif potensialı var, vəzifələri icra edə bilmirik” etirafını edir. Əlbəttə, Tarix İnstitutunu bu vəziyyətə K.Şükürov salmayıb, o bu elmi-tədqiqat institutuna gələndə artıq bu ciddi problem orada illər idi ki, vardı. K.Şükürov çalışır ki, keçmiş rəhbərliklərdən “miras” qalan bu dəhşətli halla mübarizə aparsın. Amma problem o qədər çoxdur ki…
K.Şükürov mətbuata “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq. Ona görə də, buna konseptual yanaşaraq, 15 cilddən ibarət Azərbaycan tarixini yazmağı planlaşdırırıq” - deyib.
Onun sözlərinə görə, hazırda bunun üzərində işlər aparılır: “Dövlətin rəsmi tarixi olmalıdır. Düşünürəm ki, çox qısa zamanda bircildlik kitab lazımdır. Sonuncu dəfə belə bir nəşr 1993 və 1995-ci ildə biri rus, biri də Azərbaycan dilində çap olunub. Təsəvvür edin, rus dilində olan kitabda da Azərbaycan xalqının formalaşması adlı bir paraqraf mətnin içərisində deyil, kitaba əlavə şəklindədir. O, XX əsrin əvvəlinə qədər, Azərbaycan dilində olan kitab da XX əsri əhatə edir. Sonrası yoxdur. Açıq deyim ki, bu sahədə bizim vəziyyətimiz elə də ürəkaçan deyil.
Bəzən deyirlər ki, Tarix İnstitutu dünya səviyyəsinə çıxa bilmir. Mən də deyirəm ki, hələ ölkə səviyyəsində özümüzü təqdim edə bilmişikmi, dünya səviyyəsinə də çıxa bilək? Tarix İnstitutunun çox zəif potensialı var. Dövlətin, millətin bizim qarşımıza qoyduğu vəzifələri icra edə bilmirik. Bizə mixi yazıları bilən, pəhləvi dilini bilən mütəxəssislər lazımdır. "Elm" Fonduna da müraciət edirik, dövlət səviyyəsində də bu məsələni qaldırırıq. Müzakirələr gedir, lakin perspektivdə buna nail ola bilmirik. Biz bu il və gələn il ərzində bunu edə bilməsək, Azərbaycanın bu dövrünü tədqiq edən mütəxəssisimiz olmayacaq”.
Bəli, baş direktor vəziyyətin hansı dərəcədə acınacaqlı olduğunu vurğulayıb. 32 ildə Tarix İnstitutu keçmiş rəhbərlərinin oyunbazlıqlarına, əllaməçiliklərinə, göydəndüşmə fikirlərinə, cızmaqaralarına, plagiatlıqlarına tanıq olub. Keçmiş rəhbərlər tarix yazmaqla yox, özlərini reklam etməklə, dissertantların yazdıqlarına şərik olmaqla məşğul olublar. “Ortada bir dənə də olsun fundamental əsər yoxdur” deyənlərə keçmiş rəhbərlik “qərəzli”, “xalqın düşməni” damğasını vururdu, amma indi reallıq göz qabağındadır. Tarix İnstitutunda baş verənlərlə bağlı çox söz-söhbətlər dolaşır və tariximizin qaranlıq qatlarından bəhs edən, gerçək tariximizi ehtiva edən elmi işlərin keçmiş rəhbərlərin “seyflərin”də yatıb qaldığı barədə söyləntilər də yox deyil.
İndiyə qədər xalqımızın və dövlətimizin tarixi niyə lazımı səviyyədə yazılmayıb? Bəs 30 ildə bu institut nə iş görüb? Bu qədər elmi işçi orada nə işlə məşğul olub? Tarix İnstitununu kimlər bu vəziyyətə salıb?
“Tarix İnstitutunun əvvəlki direktoru akademik Yaqub Mahmudov olub, ondan əvvəl isə ora akademik İqrar Əliyev rəhbərlik edib”
AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun aparıcı elmi işçisi, fəlsəfə doktoru Faiq Ələkbərli bizimlə söhbətində bildirdi ki, keçmiş rəhbərlərin dövründə yaşananlarla bağlı çox danışılıb. “Biz bundan əvvəl də dəfələrlə demişik ki, Azərbaycan xalqının tarixi Sovet dövründə yazılmış tarixdən çox da fərqlənmir. Xüsusilə də istər Azərbaycan xalqının tarixi ilə bağlı yazılmış VII cildlik “Azərbaycan tarixi”, istərsə də digəriləri olsun. Tarix kitablarını açıb oxuyanda görürsən ki, Azərbaycan xalqının istər qədim və orta çağ, istərsə də Cümhuriyyət tarixi Sovet-rus tarix metodologiyasında yazılıb. Biz bu məsələ barədə şərh verərkən qeyd etməliyik ki, Tarix İnstitutunun əvvəlki direktoru akademik Yaqub Mahmudov olub, ondan əvvəl isə ora akademik İqrar Əliyev rəhbərlik edib. 7 cildlik “Azərbaycan tarixi”nin VI cildi Yaqub Mahmudovdan əvvəlki direktor İqrar Əliyevin dövründə hazırlanıb, bu cildlər sırf Sovet-rus metodologiyası ilə işlənib. Bu tarix cildlikləri Sovet-rus metodologiyasına əsaslanırdı. Yaqub Mahmudovun dövründə isə Sovet-rus metodologiyası əsasında hazırlanan o cildlər cüzi dəyişikliklər edilərək latın qrafikasına çevrildi. Onların hər biri 25 min tirajla yayımlandı. Bu gün institutun direktoru hörmətli Kərim Şükürov “Biz nə ölkə kimi ölkənin, nə də xalq kimi xalqın tarixini yazmışıq” deyib. Tarix İnstitutunun əməkdaşlarının potensialı ona görə zəifdir ki, onların bir çoxu hələ də Sovet metodolgiyasının “şinel”indən çıxa bilmir… Tarix İnstitutundan kənarda olan tarixçilərin də bir çoxu Sovet-rus təfəkkürünə əsaslanaraq bizim tariximizi yazır. Nadir şah Əfşara, Ağa Məhəmməd Şah Qacara, Abbas Mirzəyə, Səfəvi şahlarına münasibət birmənalı deyil. Şah İsmayıldan Şah Abbasa qədər olan tarixi Azərbaycan xalqının tarixi kimi yazırlar, Şah Abbasdan sonrakı dövrü isə “İran dövlət”i adı ilə qələmə verirlər. Təbii, bu doğru yanaşma deyil. Azərbaycan xalqının etnik mənşəyinə də Sovet dövründən qalma “ənənə” ilə yanaşılır. Stalin o zaman əmr vermişdi ki, Azərbaycan xalqının kökünü türklərdən başqa istənilən etnik kökə bağlayın. Çox təəssüflər olsun ki, sonradan da bu “ənənə” davam etdirildi. Azərbaycan xalqının əcdadlarından bəhs edəndə deyirlər ki, “ulu əcdadları nəməlumdur”, yaxud “iranmənşəlidir”lər, ya da “türk olmayan alban mənşəlidir”lər. Bu məsələlər hamısı əslində çoxdan həll olunmalı idi. Biz 30 ildən çoxdur ki, dövlət müstəqilliyimizi bərpa etmişik. Bu illər ərzində əgər biz Azərbaycan xalqının tarixini yazıb orataya qoya bilmiriksə, nəticədə yeni nəsildə mövcud yazılanları oxuyanda bir təsəvvür yaranmır. Antimilli baxışlarla yazılanları oxuyan gənclər bilmirlər ki, Nadir şah Əfşara, Ağa Məhəmməd şah Qacara, Abbas Mirzəyə, Şah Abbasa nifrət etsinlər, yoxsa sevgi bəsləsinlər, özününkü, yaxud yad hesab etsin? Təəssüflər olsun ki, hətta Azərbaycan Xalq Cumhuriyyəti ilə bağlı yazılanlar da milli metodologiyaya əsaslanmayıb. Çox qəribədir ki, bu kitablarda Cumhuriyyət yox, daha çox Sovet Azərbaycanı qabardılır. Bu doğru yanaşma deyil”-deyə F.Ələkbərli qeyd etdi.
O vurğuladı ki, gənc nəsil Cumhuriyyətin tarixini daha yaxşı bilməlidir. Ekspert hesab edir ki, Sovet dövrü tarixi də öyrənilməlidir, amma bu dövrə yeni metodologiya əsasında baxış olmalıdır. Müstəqil Azərbaycan dövləti Sovet Azərbaycanın deyil, Azərbaycan Xalq Cumhuriyyətinin hüquqi, siyasi, mənəvi varisidir. “Çox təəssüflər olsun ki, bu hüquqi, siyasi, mənəvi varisliyin tarix kitablarında təqdim edilməsində ciddi problemlər vardı. Tarix İnstitutu əgər Azərbaycan xalqının tarixini yazmaq istəyirsə, onda yeni metodologiyaya əsaslanmalıdır, bu cür yazılarsa institutun potensialı özünü tam olaraq göstərə biləcək” - deyə F.Ələkbərli qeyd etdi.
O hesab edir ki, Azərbaycan xalqının tarixi yenidən hazırlanarkən burada güneyli-quzeyli bütöv Azərbaycanın tarixi qələmə alınmalıdır. Alim deyir ki, bizə bütöv Azərbaycanın tarixini yazmaq lazımdır, yarımçıq tarixlə heç yerə gedə bilmərik… “Ümid edirəm ki, indiyə qədər mövcud olan problemləri arxada qoyub Azərbaycan xalqının tarixini ardıcıl olaraq yeni metodlogiya ilə yazmağa nail ola biləcəyik” - deyə F.Ələkbərli bildirdi.
Bakixeber.com