İkinci mərhələ: Rusiyadan təxribatlar, Qərbdən təzyiqlər gözlənilir

29-04-2023, 10:04           
İkinci mərhələ:
Azərbaycan Dövlət Sərhəd Xidməti Ermənistanla dövlət sərhədinin bu günə qədər bağlı olmayan
yeganə hissəsində – Laçın yolunun girişində nəzarət buraxılış məntəqəsini qurdu. Dünən
keçirilən təntənəli mərasimdə Azərbaycanın dövlət bayrağı məntəqənin üzərində qaldırıldı və Ali
Baş Komandana məruzə olundu. Bu, 44 günlük müharibədən sonra ölkə ictimaiyyətinin əsas
gözləntilərindən biri idi və dövlət onu təmin edə bildi.
Bəs bundan sonra nələr ola bilər? Azərbaycanın qarşısında hansı vəzifələr durur? Qarabağda
suverenliyin təmin edilməsi üçün yol xəritəsində nələr əskini tapmalıdır?
Əvvəlcə mövcud vəziyyət haqqında:
Əvvəla, sərhədə nəzarəti təmin edilməsi Qarabağda mövcud olan separatçı rejimin tamamilə
Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altına düşməsi deməkdir. Rusiyanın himayə etdiyi bu
qurum reallıqla barışmaq niyyətində deyil, Rusiyaya və dünyaya ardıcıl müraciətlər edərək,
Azərbaycanı dayandırmağa çağırır. Separatçı rejim 10 mindən artıq silahlı qüvvəyə, habelə ağır
silahlara malikdir. 44 günlük müharibədə darmadağın edilmiş Ermənistan ordusunun bir hissəsi
Xankəndində və ətraf ərazilərdə yenidən komplektləşdirilib və silah-sursatla təmin olunub.

Hazırda separatçıların təminat yolu bağlanıb, bundan sonra əraziyə hərbi təyinatlı yüklərin
daşınması mümkün deyil.
Azərbaycan Xarici İşlər Nazirliyi bəyan edib ki, yola Rusiya sülhməramlıları ilə birgə nəzarət
olunacaq, habelə oradan əhalinin rahat gəliş-gedişinin təmin edilməsində heç bir problem
olmayacaq. Amma Rusiya Xarici İşlər Nazirliyi Azərbaycanın dövlət sərhədinə nəzarətini təmin
etməsini pisləyib və birgə nəzarətin həyata keçiriləcəyi barədə Bakının bəyanatını təsdiqləməyib.
Bununla yanaşı, Qarabağdakı sülhməramlılar adlandırılan hərbi qüvvələrin komandanı, general
Volkovu geri çağırılıb, onun əvəzinə Rusiya Hərbi Hava Qüvvələri komandanının keçmiş müavini,
general-polkovnik Aleksandır Lentsovu təyin edib.
Aleksandr Lentsov Birinci Çeçenistan, İkinci Çeçenistan müharibələrində, Bosniya, Cənubi
Osetiya, Donbas və Suriyada hərbi əməliyyatlarda iştirak edib.
66 yaşlı Lentsov hazırda Rusiya müdafiə nazirinin müşaviridir. O artıq Qarabağa gəlib, erməni
mediası iddia edir ki, Azərbaycanın qurduğu sərhəd-keçid məntəqəsinin sökülməsi ilə bağlı
Azərbaycan nümayəndələri ilə danışıqlar aparmaq niyyətindədir.
Beləliklə, Kreml bundan sonra separatçılara hərbi-siyasi dəstəyi dayandırmaq niyyətində deyil. O
zaman necə olacaq – Azərbaycanla qarşıdurmaya gedəcək, yoxsa, uzlaşma mümkün olacaq?
Bakı kompromis addım kimi birgə nəzarət təklif edib, amma separatçı rejimin sərbəst fəaliyyəti,
Qarabağda silahlı qüvvələrin saxlamaqda davam etməsi, onların təminatı, rotasiyası, habelə
separatçı liderlərin bölgəyə giriş-çıxışı kimi prinspial məsələlər var ki, onlarla bağlı uzlaşma əldə
etmək çətindir. Rusiya müharibədən sonra bölgədə tam sərbəst olan fəaliyyətini Azərbaycanla
bölüşmək istəməyəcək. Əlbəttə, yaxın dövrdə “sülhməramlıların” avtomobilləri yoxlamaya məruz
qalmaya bilər, amma buna davamlı təminat yoxdur. Üstəlik, Azərbaycan onlara Qarabağdakı
silahlıların təminatını həyata keçirməyə imkan verməyəcək. Moskva qısa müddətdə
Xankəndində himayə etdiyi qüvvələrə optimal şərait yarada bilməsə, ona qarşı narazılıqlar
artacaq, artıq indidən sülhməramlıların BMT qüvvələri ilə əvəzlənməsi barədə çağırışlar
dövriyyəyə buraxılıb. Ona görə də Rusiyadan Azərbaycana qarşı ciddi təzyiqlərin olacağı,
bölgədə silsilə təxribatların baş verməsi gözləniləndir.
Qərbin mövqeyi də Azərbaycana qarşı ritorikada sərtdir, amma Rusiyadan fərqli olaraq onun
yerdə hansısa fəaliyyət göstərmək imkanları yoxdur. Vaşinqton və Brüssel, eləcə də ayrıca
olaraq Fransa Azərbaycanın Qarabağa tam nəzarətini zəiflətmək üçün siyasi-diplomatik
müstəvidə Bakıya ciddi təzyiq göstərə bilər. Bura ikitərəfli əlaqələrin müxtəlif istiqamətləri üzrə
bloklanmalardan tutmuş sanksiyalara qədər müxtəlif tədbirlər daxildir. Təbii ki, bunlar danışıqlar
mərhələsinin tam uğursuzluğa düçar olmasından sonra gündəmə gələ bilər. Bu zaman
kəsiyində Azərbaycanın da əlində geniş alətlər var, həm yerdə, həm də siyasi-diplomatik
müstəvidə addımlar atıla bilər ki, özünə qarşı təzyiqləri neytrallaşdıra bilsin. Söhbət ilk növbədə
Qarabağ ermənilərinin reinteqrasiyası planının erməni icmasına və beynəlxalq ictimaiyyətə
təqdim olunmasından gedir. Bu proqramda erməni icmasının Azərbaycan qanunları və onun
tərəfdar çıxdığı beynəlxalq konvensiyalar çərçivəsində bütün hüquqlarının həyata keçirilməsinə
təminat veriləcək.

İkincisi, Qarabağın silahsızlaşdırılması şərti qarşılığında əhalinin kommunal xidmətlərlə fasiləsiz
təminatına, sərhəddə qeydiyyata düşməklə Ermənistana və geri təhlükəsiz gəliş-gedişinə şərait
yaradıla, eyni zamanda iqtisadi fəaliyyətlər üçün dövlət səviyyəsində müxtəlif dəstəklər göstərilə
bilər. Bununla bərabər, Laçında Azərbaycan valyutası ilə ticarətin aparıldığı, topdan və pərakəndə
satış mərkəzlərinin, pul dəyişmə məntəqələrinin yaradılması mümkündür. Azərbaycan
vətəndaşlığını qəbul edənlər üçün veriləcək xüsusi imtiyazlar da onlara təqdim edilə bilər.
Bu siyahını xeyli uzatmaq mümkündür. Rəsmi Bakı reinteqrasiya proqramının icrasının
beynəlxalq monitorinqinə şərait yaramaqla, habelə beynəlxalq qeyri-hökumət təşkilatlarını
prosesə cəlb etməklə erməni icmasını, eləcə də onun taleyindən narahat olan qüvvələri normal,
təhlükəsiz birgəyaşayışın mümkün olduğuna inandıra bilər.
Paralel olaraq, Qərbin vasitəçiliyi ilə Ermənistanla sülh danışıqlarını intensivləşdirmək və
Rusiyanın təxribatlarına baxmadan sülh müqaviləsini imzalamaq da gərginliyi xeyli səngidə bilər.
Hazırda tərəflər arasında əsas ziddiyyətli məqam Qarabağ ermənilərinin hüquqları və
təhlükəsizliyi məsələsinin müqavilədə yer almasıdır. Azərbaycan bundan qəti şəkildə imtina
edərək, problemi daxili məsələ adlandırır. Sərhədə nəzarətin təmin edilməsi Bakının mövqelərini
gücləndirir, Ermənistanın reallığı qəbul edib kompromisə getməsinə şərait yaradır. Doğrudur,
Qərb də Azərbaycanın bu addımını sülh prosesinə zərbə sayır, amma Bakının yuxarıda qeyd
olunan reinteqrasiya proqramını elan etməsi, üstəlik vəziyyətin beynəlxalq monitorinqinə şərait
yaratması sərt ritorikanı yumşalda bilər. Hər halda, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir,
Bakı öz sərhədinə nəzarəti təmin etməklə hər hansı cinayət törətməyib.
Bu planın işləməsinə ən böyük maneə Rusiyadır. Ermənistanın, Qərbin prosesə ciddi müdaxilə
etmək imkanları yoxdur. Belə demək mümkündürsə, Vaşinqton, Brüssel, eləcə də Paşinyan
hökuməti Azərbaycanla dirəşmək istəmirlər. Moskva isə Qarabağın öz nəzarətindən çıxmasına
həyati maraqlarına təhdid kimi baxır. Ona görə, Azərbaycan hakimiyyəti enerjisinin böyük bir
hissəsini də Kremlin təzyiqlərinin neytrallaşmasına sərf etməlidir. Bu istiqamətdə Türkiyənin də
dəstəyi çox önəmlidir, çünki bir qayda olaraq, Kremldə güc faktoru ilə hesablaşırlar.
pressklub












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru