Cənubi Qafqazın təhlükəsizlik “çətiri” və ya bölgənin gələcək dizaynı
1-05-2023, 08:54

Rusiyanın Ukraynaya təcavüzü, davam edən qanlı müharibə bitmək üzrədir, Rusiya qalib gələ bilmədi-bilməyəcək, amma Kreml həm də məğlub olmadı-olmayacaq. Hərbi-siyasi “pat” vəziyyəti yaranır, yaxın 3-5 ayda döyüşlər qızışacaq, amma payız-qışa doğru münaqişə “dondurulacaq”, uzun-uzadı danışıqlar sürəci başlayacaq, atəşkəs tez-tez pozulacaq, yeni yaradılacaq danışıq mexanizmi, əsasən, atəşkəsin pozulmaması üçün çalışacaq, amma ortaya hamını qane edəcək həll mexanizmi qoyulmayacaq. Beləliklə də illərlə davam edəcək danışıqlarda hamı Rusiyada hakimiyyət dəyişikliyini gözləyəcək, amma danışıqlar masasına kimin necə, hansı üstün mövqedə oturması yaxın 3-5 ayda müəyyən olunacaq.
2024-cü il tək ABŞ-da deyil də, bir çox aparıcı Qərb dövlətlərində, hətta Rusiyada da seçki ilidir – seçki ilində hamı “sülh” quşuna dönəcək, seçkilərə “isti” müharibə ilə getmək istəməyəcək, bu faktor da bu ilin sonuna yaxın sülh danışıqlarının başlaması üçün əsas yaradır. Hətta müharibədən ən çox udan, divident götürən Çin belə artıq münaqişənin uzanmasını istəmir, onlar da sülh üçün çalışmalarını artırır.
Rusiyanın axmaqcasına tələyə düşərək Ukraynaya hücum etməsi bəzi bitmək üzrə olan hərbi-siyasi institutları “diriltdi”, yenidən ən aktiv hala gətirdi – söhbət əsas NATO-dan gedir. 2000-ci illərin əvvəllərində NATO-nun missiyasını bitirmiş qurum olduğu müzakirəyə çıxarılmışdı, hətta ölkələrin təhlükəsizliyə bu qədər vəsait xərcləməsinin mənasız olduğu deyilirdi. Rusiyanın Gürcüstana təcavüzü NATO-ya can verdi, hətta Fransa tam olaraq NATO-ya qayıtdı, Kremlin Ukraynaya təcavüzü isə NATO-nu genişləndirərək dünyanın 1 nömrəli təhlükəsizlik “çətiri” halına gətirdi. Neytral ölkələr olan Finlandiya, İsveç NATO-ya üzv olurlar, Avstriya da üzvlük məsələsi müzakirəyə açıldı, hətta yüzillərdir neytral ölkə olan İsveçrə də NATO üzvlüyü haqqında düşünməyə başlayıb – ən əsası, bütün post-sovet ölkələri anladı ki, Rusiyanın yüzillərlə təqdim etdiyi təhlükəsizlik “çətiri” yırtıq, tam tərsinə, əsas təhlükə mənbəyi imiş və ona görə də, post-sovet ölkələrinin NATO ilə yaxınlaşması sürətlənəcək.
Qonşu Ermənistanda da son aylar müharibədəki məğlubiyyətin yaratdığı psixoloji travma ilə yeni “çətir” axtarışı sürətlənib – İrəvan öz təhlükəsizliyi üçün vurnuxaraq o “çətiri” gah Hindistanda, gah Fransada, gah İranda, gah da Latin Amerikası ölkələrində axtarmağa başlayıb. Amma İrəvanda NATO-ya üzvlüklə bağlı çağırışlar da artıb, 200 il hər mənada başlarında tutduqları “rus çətiri” deşilib, erməlilərə faciələr gətirdiyi, heç bir üstünlük qazandırmadığı üzə çıxıb. Kreml 200 ildir erməniləri bölgədə maşa kimi istifadə edib, özlərinə lazım olanda da kullanlb, sonra da atıb, çünki onların başqa gedəcəyi yer olmadığını yaxşı bilir. İndi isə tarixlərində ilk dəfə üfüqdə getməyə başqa yer – NATO “çətirinin” konturları görünür. Amma qonşu ölkə yenə də tarixdən, olan-bitəndən dərs çıxartmayaraq bu yolla getmək istəyir, anlamır ki, bu yolla getmək istəsə indi iki əsas müttəfiqi – Rusiya və İran belə perspektivə qarşı çıxaraq başlarına qapaz vurmağa çalışacaqlar. Deməli bu yolla irəliləmək üçün ilk addım kimi bu iki təhlükəni aradan qaldırmaq lazımdır – bunun yolu isə ancaq və ancaq Türkiyə və Azərbaycanla münasibətlərin normallaşdırılmasından keçir. Onu da anlamırlar ki, Türkiyə hərbi cəhətdən ən güclü 2 NATO ölkəsindən biri kimi Ermənistanı təkbaşına ora buraxmayacaq, hətta isveç kimi ölkəni belə üzvlük məsələsində haqlı səbəblərlə süründürür, Ermənistan üçün qapınımı açacaq?!
Rəsmi İrəvanın gələcək təhlükəsizlik zəmanətini Türkiyə və Azərbaycan verə bilər, Cənubi Qafqazın təhlükəsizlik “çətiri” isə NATO ola bilər, yəni, Ermənistanı tək ora buraxmayacaqlar, ancaq 3 Cənubi Qafqaz ölkəsi birlikdə o “çətirin” altında yer ala bilər ki, bu da bölgədə bütün münaqişələrin sonlanması, birdəfəlik sülhün bərqərar olması demək olacaq. NATO və AB üzvlüyü baş tutarsa bölgədə sərhədlər də, iqtisadiyyat da, təhlükəsizlik konsepsiyası da ÜMUMİ olacaq, o zaman sərhəd xəttləri formal xarakter daşıyacaq ki, bu da bir çox tarixi mübahisələri nöqtəliyəcək. Belə ssenaridən ən çox udan elə Azərbaycan ola bilər – demoqrafik potensial, iqtisadi üstünlük, toplumun girişimci olmasının üzərinə NATO və AB üzvlüyünün demikratik öhdəlikləri də gəlsə, yaxın 50 ildə Cənubi Qafqazda iqtisadi və insan resursları nöqteyi-nəzərindən dominant ölkə məhz Azərbaycan ola bilər...
Natig Cəfərli
Teref.az