Rusiyanın Ermənistana qaz şantajı: Çıxış yolu varmı? - Analiz
1-05-2023, 18:21

Rusiyanın Stavropol vilayətində “Şimali Qafqaz-Zaqafqaziya” magistral qaz kəmərində aparılan təmir işləriylə əlaqədar olaraq mayın 1-i saat 08:00-dan etibarən sözügedən qaz kəməri ilə Ermənistana təbii qazın verilməsi dayandırılıb.
Bu barədə Ermənistan və Rusiya mətbuatında məlumatlar yayılıb. Bildirilir ki, qaz təchizatı 4 may saat 20:00-da bərpa ediləcək.
Bu müddət ərzində Ermənistanda istehlakçıların qaz təchizatı daxili ehtiyatlar hesabına məhdudiyyətsiz həyata keçiriləcək.
Çox maraqlıdır ki, Rusiyanın Ermənistana təbii qazın verilməsini dayandırması, bu ölkənin xarici işlər naziri Ararat Mirzoyanın ABŞ-da Azərbaycan xarici işlər naziri Ceyhun Bayrmovla görüş keçirdiyi günə təsadüf edib.
XİN başçılarının görüşü ABŞ-ın dövlət katibi Antoni Blinkenin təşəbbüsü ilə keçirilir. Görüşdən əvvəl Antony Blinken həm Azərbaycan Prezidenti İlham Əliyevlə, həm də Ermənistanın Baş naziri Nikol Paşinyanla telefonla danışıb.
Rusiya ABŞ-ın bu təşəbbüsünü bəyənmir. Rəsmi Moskva hesab edir ki, ABŞ bu cür vasitəçilik missiyası ilə Rusiyanın regiondakı mövqeyini sarsıtmağa çalışır.
Sonuncu dəfə belə bir bəyanatla Rusiya XİN-in sözçüsü Maria Zaxarova 4 gün əvvəl çıxış edib.
Amma görünən odur ki, Ermənistan açıq mətnlə səsləndirdiyi bəyanata heç bir əhəmiyyət verməyərək XİN başçısını ABŞ-da keçirilən görüşə yollayıb.
Belə olan halda Rusiya hər zaman istifadə etdiyi ənənəvi təzyiq üsullarına əl atmağa başlayıb.
Bu üsul əksər hallarda Azərbaycana qarşı “pomidor qadağası”, Ermənistana qarşı isə “qaz qadağası” kimi özünü göstərir.
Bəs, görəsən Rusiyanın Ermənistanı təbii qazla şantaj etməsi nə dərəcədə effektiv ola bilər?
Ermənistanda qaz alışı və satışı ilə Rusiyanın “Qazprom” şirkətinin törəmə şirkəti olan "Qazprom Ermənistan" şirkəti məşğul olur. Bu şirkət Ermənistan Energetika Nazirliyi və “Qazprom” arasında 1997-ci ildə imzalanan müqaviləyə əsasən yaradılıb.
Ermənistanın təbii qaza olan tələbatı il ərzində təxminən 3 milyard kubmetrə bərabərdir və bunun 2,5 milyardı Rusiyadan alınır. Ermənistan İrandan və Türkəmistandan daha ucuz qiymətə qaz almaq istəyir. Üstəlik Ermənistandan Rusiyadan fərqli olaraq İrandan təbii qazı pul ilə deyil, elektrik enerjisi qarşılığında alır.
Onu da bildirim ki, Ermənistanın qaz şəbəkəsi kimi elektrik enerjisi şəbəkəsi də Rusiyanın “Taşir” şirkətinin nəzarətindədir. “Taşir” şirkətinin sahibi erməni əsilli Samvel Karapetyandır. Samvel Karapetyan erməni əsilli şəxs olsa da, Rusiya vətəndaşıdır və onun şirkətləri də Rusiya şirkətləri hesab olunur.
Həm qaz (“Qazprom”), həm də elektrik (“Taşir”) enerjisi sahəsinə Rusiya şirkətləri nəzarət etdiyi üçün Rusiyanın bu sahələrə təsiri böyükdür və İranla əməkdaşlıq Rusiyanın maraqlarına zidd ola bilməz. Bu səbəbdən də Ermənistan enerji sahəsində müstəqil siyasət həyata keçirməkdə çətinlik çəkir. Ermənistanla Rusiya arasındakı gərginliyin bir səbəbi də Ermənistanın müstəqil qərarlar verməkdə çətinlik çəkməsidir. Rusiya ilə Ermənistan arasında enerji sahəsində imzalanan bütün sazişlər Paşinyandan əvvəlki iqtidarın zamanında uzun müddətli imzalanıb. Paşinyan bu müqavilələri ləğv edə bilmir. Amma Ermənistanın Rusiyadan asılılığını azaltmağa çalışır.
Lakin qeyd etdiyim kimi, İrandan Ermənistana satılan qaz da "Qazprom Ermənistan" şirkəti tərəfindən alınır. İran -Ermənistan qaz kəməri də “Qazprom” tərəfindən idarə olunur. Yəni, hazırda Ermənistanın xaricdən aldığı təbii qazın hamısı “Qazprom”un nəzarətindədir.
İran-Ermənistan qaz kəmərinin uzunluğu 140 kilometrə bərabərdir. 100 kilometrlik İran hissəsi Təbrizdən İran -Ermənistan sərhədinə qədər uzanır. 40 kilometr hissə isə Ermənistan ərazisindən keçir. Boru kəmərinin tikintisinə 2002-ci ildə başlanılıb. 2007-ci ildə İran prezidentləri Mahmud Əhmədinejad və Ermənistan prezidenti Robert Köçəryan tərəfindən açılıb.
Boru kəmərinin diametri 700 millimetrdir və onun dəyəri təxminən 220 milyon ABŞ dolları təşkil edir. Boru kəmərinin ilkin ötürücülük qabiliyyəti 2,3 milyard kubmetr təşkil edir. Müqayisə üçün bildirim ki, Azərbaycan qazını Türkiyəyə çatdıran Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin ilkin ötürücülük qabiliyyəti 20 milyard kubmetrdir. Ermənistan İrandan aldığı qaza görə pul ödəmir. İran qazının hər kubmetri üçün Ermənistan İrana təxminən 3 kVt/saat elektrik enerjisi qaytarır.
Ermənistan İrandan il ərzində təxminən 400 milyon kub metrə qədər qaz alır. Ötən il Baş nazir Paşinyan İrana səfəri zamanı qaz idxalını 1,8 milyarda kimi artırmaq istədiklərini bildirib. Bunun üçün isə Ermənistan və İran arasında yeni elektrik ötürücü xəttin tikilməsi lazımdır. Hazırda Ermənistandan İrana elektrik enerjisi 2 xətt üzrə ötürülür. Üçüncü xəttin tikintisi davam etsə də, başa çatmayıb. Elektrik xətti İranın İxrac İnkişaf Bankından alınan kredit hesabına İran şirkəti tərəfindən tikilir. Ermənistanın ərazi idarəetmə və infrastruktur nazirinin müavini Hakob Vardanyan yanvar ayında verdiyi açıqlamada deyib ki, Ermənistan-İran üçüncü elektrik ötürücü xəttinin tikintisi ilin sonuna kimi başa çatdırıla bilər. Ermənistanda böyük həcmdə elektrik enerjisi istehsal olunur. Rusiya şirkətlərinin nəzarətində olan bir ədədə Atom Elektrik Stansiyası (“Metsamor”), 2 ədəd İstilik Elektrik Stansiyası (“Vanadzor” və “Hrazdan”) və çoxlu sayda Su Elektrik Stansiyaları var. Ən böyük Su Elektrik Stansiyaları “Sevan-Hrazdan” və “Vorotan”dır. Ermənistanda elektrik enerjisinin təxminən 40%-i Atom Elektrik Stansiyasının, təxminən 30%-dən çoxu isə Su Elektrik Stansiyalarının payına düşür. Hazırda Ermənistanda yalnız “Vorotan” SES Rusiya şirkətlərinin nəzarətində deyil. Bu SES Böyük Britaniyanın “Contour Global” şirkəti tərəfindən 2015-ci ildə 180 milyon dollara alınıb.
Xatıraladım ki, 2021-ci ilin noyabr ayında Türkmənistan, İran və Azərbaycan arasında qaz mübadiləsi sazişi imzalanıb. 2022-ci ildə Azərbaycan Türkmənistandan 857 milyon kubmetr qaz alıb (1000 kubmetri 129 dollar). Azərbaycanın təbii qaza ehtiyacı olmasa da Türkmənistan qazının ucuz olması səbəbindən bu ölkədən qazı ucuz alıb Avropa ölkələrinə dəfələrlə baha qiymətə sata bilir.
Hazırda Türkmənistanın satdığı qazın qiyməti Rusiya qazından ucuzdur. Bu səbəbdən Ermənistan da Türkmənistandan təbii qaz almaq istəyir. Bu bardə İran, Ermənistan və Türkmənistan arasında dəfələrlə müzakirələr keçirilib. Amma qeyd etdiyim kimi, istər İran, istərsə də Türkmənistandan alınacaq qaz Rusiyanın maraqlarına uyğun olmalıdır. Rusiyanın razılığı olmadan Ermənistanın müstəqil enerji siyasəti həyata keçirməsi çətin görünür. Bildiyimiz kimi, İran-Ermənitsan sərhədi tamamilə Rusiya qoşunları tərəfindən qorunur. İran-Ermənistan qaz kəmərinin təhlükəsizliyi də Rusiya tərəfindən təmin edilir. Bu səbəbdən də Ermənistan enerji müqavilələrini bütün hallarda Rusiya ilə razılaşdırmalıdır. Ermənistan və İranın qonşu ölkə olmalarına və yaxşı siyasi əlaqələrə malik olmalarına baxmayaraq ikitərəfil ticarət dövriyyəsinin 400 milyon dollar həddində olması Rusiyanın təsiri ilə bağlıdır. 2022-ci ildə Ermənistanın ümumi ticarət dövriyyəsi 14 milyard dollar olub və bunun 5 milyard dolları Rusiyanın, 5,3 milyard dollar isə Avropa ölkələrinin payına düşüb. Göründüyü kimi, Rusiyanın Ermənistan üzərində təsiri olduqca böyükdür.
Paşinyan hakimiyyəti bu təsiri azaltmağa çalışsa da, hələ ki ciddi müqavimətlə üzləşir. Rusiya Ermənitandakı hərbi və iqtisadi maraqlarını itirmək istəmir və bu səbəbdən də əlindəki ən güclü silahdan – “qaz şantajı”ndan istifadə etməyə davam edir.