"Türkiyə və Azərbaycanla münasibətlərinin korlanması Rusiyanın intiharına gətirib çıxarar" - Ekspert danışır
2-05-2023, 16:56

Rusiya prezidenti Vladimir Putin Ermənistanın baş naziri Nikol Paşinyanla telefon danışığında erməni soyqırımını anma günü münasibətilə erməni xalqı ilə həmrəy olduğunu bildirib. Bu barədə Kremlin bəyanatında deyilir. “Laçın dəhlizində vəziyyətin hazırkı gərginləşməsi kontekstində Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında fundamental razılaşmaların bütün spektrinə ciddi əməl olunmasının vacibliyi təsdiqlənib”, - Kremlin bəyanatında deyilir.
TEREF.AZ-ın məlumatına görə, politoloq Ramiz Alıyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Vladimir Putinin Ermənistanla qondarma soyqırım mövzusunda həmrəy olduğunu göstərməsi yanlış addım idi.
“Ümumiyyətlə Rusiya-Türkiyə münasibətləri çox yaxşıdır. Son illər ərzində Rusiya Azərbaycan münasibətləri də kifayət qədər, qonşuluq münasibətləri çərçivəsində yaxşıdır”,- deyən politoloq hesab edir ki, Rusiyanın və Vladimir Putinin bu bəyanatı münasibətlərin korlanmasına gətirib çıxara biləcək bir addımdır.
Politoloq hesab edir ki, bu gün Rusiyaya, həm Azərbaycan həm də Türkiyə ilə münasibətləri yaxşı etmək, hava-su kimi lazımdır. Çünki hər iki ölkə Rusiya üçün bu dəqiqə ən vazkeçilməz ölkələrdi. Rusiya diqqətli olmalıdır.
“Artıq dünya dövlətləri tərəfindən dalana sıxışdırıldığı bir vaxtda Türkiyə və Azərbaycanla münasibətlərinin korlanması Rusiyanın intiharına gətirib çıxara bilər. Rusiyanın qondarma-oyuncaq soyqırımla bağlı bəyanat verib, həmrəylik nümayiş etdirməsi Türkiyə və Azərbaycanı mövcud münasibətlərində təkrar düşünməyə vadar edəcək. Bu da Rusiya üçün çox ağrılı olacaq”,- deyən politoloq vurğulayıb ki, Ermənistan kimi xəyanətkar və satqın bir ölkəyə görə, Türkiyə kimi, Azərbaycan kimi güclü bir dövləti və sədaqətli dost ölkələri itirməyə dəyməz. Bunu Rusiya dövləti və Rusiya xalqı çox gözəl bilir.