Qarabağ “düyünü”nə vurulan yeni “düyün”: -

23-07-2023, 10:14           
Qarabağ “düyünü”nə vurulan yeni “düyün”: -
Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünə hazırlıq gedir.

İyulun 21-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla rusiyalı həmkarı Sergey Lavrov arasında telefon danışığı olub.

Nazirlər Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında razılaşmalar əsasında Bakı və İrəvan arasında münasibətlərin normallaşmasının əsas yolları üzrə birgə işin intensivləşdirilməsi yollarını müzakirə ediblər.

C.Bayramov və S.Lavrov əlavə təmaslar barədə razılığa gəliblər.

Eyni zamanda Rusiya XİN-in Azərbaycan-Ermənistan münasibətlərinin nizamlanması üzrə xüsusi nümayəndəsi İqor Xovayev İrəvana və Bakıya səfər edib.

Qeyd edək ki, ABŞ-ın və Avropa İttifaqının vasitəçiliyi ilə keçirilən Azərbaycan-Ermənistan danışıqları Rusiyanın sərt reaksiyasına səbəb olub. Moskva Qərbin vasitəçilik təşəbbüsünün qarşısını almağa cəhd edir.

Azərbaycan və Ermənistan liderlərinin iyulun 15-də Brüsseldə keçirilən görüşündən dərhal sonra hər iki ölkənin xarici işlər nazirlərinin müzakirələr aparmaq üçün Moskvaya dəvət edilməsi Cənubi Qafqazda Rusiya və Qərb arasında geosiyasi qarşıdurmanın gərgin mərhələyə keçdiyini göstərir.

Rusiyanın son günlər Azərbaycan-Ermənistan danışıqları platformasında fəllığının artması və Qarabağda baş verən təxribatlar da məhz bu rəqabətin nəticəsidir. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov da Ermənistan mediasına açıqlamasında Qərbi vasitəçiliyinə qarşı təhdidlər səsdləndirib.

“Qeyd etdiyiniz danışıqlara gəlincə, əlbəttə ki, biz Qərbin yorğanı necə öz üzərinə çəkməyə çalışdığını görürük. Biz həm İrəvana, həm də Bakıya yaxşı məlum olan açıq, başa düşülən, dərindən formalaşmış, detallı gündəlik üzərində işləyirik. İstəməzdik ki, heç kim bizim üçün iki qardaş ölkə və xalq arasında münasibətlərdə səylərimizin mənasını təhrif etsin.

Bizim burada dayanıqlı həll forması tapmaqdan başqa marağımız yoxdur. Amma qərbli həmkarların bu vəziyyətdə başqasının xeyri üçün özünü oda atmaq istəyi var. Bu ləyaqətsizlikdir. Biz istəməzdik ki, kimsə bizim təkliflərimizdə kollektiv Qərb adlanan yerlə geosiyasi rəqabət elementini görsün.

Biz tam əminik ki, Ermənistan və Azərbaycanda sağlam düşüncəli siyasətçilər Rusiyanın bütün mərhələlərdə irəli sürdüyü mövqeyə belə həssas və məsuliyyətli yanaşırlar. Düşünürəm ki, səylərimiz istənilən nəticəni verəcək və nizamlanma əldə olunacaq”, - deyə Ryabkov bildirib.
TEREF.AZ-ın məlumatına görə, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Cebhe.info-ya açıqlamasında bildirib ki, Rusiyanın vasitəçilik təşəbbüsünü ələ almaq cəhdləri daha çox Qərbi prosesdən kənarlaşdırmaq məqsədi daşıyır:

"Ona görə də Moskva görüşündə ciddi nəticə olunacağı inandırıcı görünmür. Prezident İlham Əliyev Şuşada keçirilən Qlobal Media Forumunda xatırlatdı ki, danışıqlar üç fortmatda aparılır. Moskva Vaşinqton və Brüssel formatlarından narazıdır.

Çünki son bir ildə həm Avropa İttifaqı, həm də ABŞ fəallaşıb. Bu da normaldır. Həm ABŞ-ın, həm də Avropa İttifaqının Cənubi Qafqazda maraqları var. Rusiya uzun illər Cənubi Qafqazı özünün arxa bağçası hesab edib. Amma elə deyil. Cənubi Qafqazda üç dövlət var.

Rusiyaya bağlı olan Ermənistan belə, Qərblə əməkdaşlığı genişləndirir. Azərbaycan da Avropa İttifaqı və ABŞ-la həm neft-qaz sahəsində, həm də digər strateji sahələrdə sıx əlaqələrə malikdir. Bu da Rusiyanı narahat edir. Moskva Azərbaycanla Ermənistan arasındakı danışıqlarda Qərbin xeyli aktivləşməsinə qarşı çıxır. Lakin Rusiyanın sülhün əldə olunması üçün yeni bir ideya irəli sürəcəyini zənn etmirəm. Nəticəsiz danışıqlar davam edir.

Əksinə, Rusiya Azərbaycan əleyhinə təxribatçı siyasətini gücləndirir. Brüssel görüşündən sonra Rusiyanın xarici işlər naziri Sergey Laqvrovun verdiyi təxribatçı açıqlamalar buna sübutdur. O, faktiki olaraq, Paşinyana əmr edir ki, sən Azərbaycanın ərazi bütövlüyünü, Qarabağı Azərbaycan ərazisi kimi tanıma.

Azərbaycana da mesaj göndərir ki, Laçın dəhlizini açın. Əvvəla, o dəhliz deyil, yoldur. İkincisi, Rusiyanın özündə olduğu kimi, orada da Azərbaycanın sərhəd-buraxılış məntəqəsi var. Ona görə də məhz Moskva görüşündən ciddi nəticə gözləmirəm.

Sadəcə olaraq, ön planda olmaq, Vaşinqtondan və Brüsseldən geri qalmamaq üçün bu müzakirələr təşkil edilib. Ümumilikdə isə hər üç formatda ciddi irəliləyiş yoxdur. Sülh sazişi imzalanmayıb, sərhədlərin müəyyənləşməsi ilə bağlı iş getmir, kommunikasiya xətləri də açılmayıb”.

Politoloq hesab edir ki, Rusiyanın Azərbaycana qarşı yaratdığı ən böyük təhlükə sülhməramlı qüvvələrin Qarabağdakı fəaliyyətidir:

"Rusiya Qarabağda hərbi iştirakını təmin etməklə həm Azərbaycana, həm də Ermənistana təzyiq edir. Sülhməramlı kontingent yaxın iki ildə bölgəni tərk edərsə, Rusiyanın Azərbaycana təsir imkanları tamamilə azalacaq.

Vaşinqtonda və Brüsseldə aparılan danışıqlar Azərbaycan üçün daha faydalıdır. Çünki Qərbin vasitəçiliyi ilə baş tutan müzakirələrdə Qarabağ məsələsinə toxunulmur. Bizim üçün ən vacib məsələ Ermənistanla sülhün əldə olunmasıdır. Hesab edirəm ki, Qarabağdakı separatçıları tərksilah etmək və bundan sonra sülhməramlı qüvvələri evinə yola salmaq da çox vacibdir.

Rusiya asanlıqla bölgəni tərk etməyəcək. Moskva anlayır ki, bu halda əsas təzyiq aləti əlindən çıxacaq. Ona görə də təxribatlara əl atacaq. Bu gün Xankəndidəki separatçıları qızışdıran da Rusiyadakı mərkəzlərdir. Biz yaxın iki ildə Rusiyanın bu təzyiq alətindən xilas olmalıyıq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.