Bakı Avropa Liseyində qanunsuzluğu qanun ediblər: Tanınmış jurnalist Bakı Avropa Liseyini məhkəməyə verir

24-07-2023, 18:09           
Bakı Avropa Liseyində qanunsuzluğu qanun ediblər:
Tanınmış jurnalist Bakı Avropa Liseyini məhkəməyə verir - SƏBƏB
Tarix: Bu gün, 15:09 | Çap et
Tanınmış jurnalist Bakı Avropa Liseyini məhkəməyə verir
“Azvision.az” saytının baş redaktoru Vüsal Məmmədov Bakı Avropa Liseyinə qarşı iddia qaldırmaq fikrindədir. Jurnalist Facebook hesabında bununla bağlı post paylaşıb. O, liseyin birinci sinfinə qəbulun müsahibə mərhələsində qızına ünvanlanan suallardan narazılığını ifadə edib və məsələni məhkəmə yolu ilə həll edəcəyini bildirib.

TEREF.AZ KONKRET.az-a istinadla baş redaktorun məlum paylaşımını olduğu kimi dərc edir:

“İnsan işıq saçsa, nə olar?” sualına Aylanın cavabı belə olub: “Qaranlıqda sürücülər onu görər və maşınla vurmazlar”.

– Bəs sonra? – soruşublar.

– İnsanların bədənində elektrik olar.

– Sonra?

Uşaq duruxub. Və onu birinci sinif imtahanından kəsiblər.

İndi ən ağırı və ağrılısı bunu uşağa başa salmaqdır. Çünki o, suala cavab verdiyinə əmindir. Haqlıdır da… Mən niyə kəsildiyini ona necə başa salım? Məsələn, siz nə deyərdiniz?! Çətindir…

Xeyli suallarım var. Burada yazmaq istəməzdim, amma kimə ünvanlamalı olduğumu bilmirəm.

Ümumiyyətlə, Təhsil Nazirliyinə tabe olan bir məktəbin – Bakı Avropa Liseyinin ixtiyarı varmı uşaqlarla bu cür rəftar etməyə? Varsa, bu ixtiyarı onlara kim verib? Ən əsası, niyə verib?! Hansı ağılla, hansı vicdanla verib?!

Bu sualları kim, nəyə əsasən tərtib edib? Bu işə dövlət səviyyəsində nəzarət varmı?!

Qiymətləndirmə nəyə, hansı meyarlara əsasən aparılır? Sırf subyektiv dəyərləndirməyə əsasənmi? Bu, qanunidirmi?

İstənilən sınaqda obyektiv ölçü meyarı olmalıdır. Məsələn, uşaq mücərrəd suala iki cavab verib. Neçə cavab versə, məqbul sayılacaqdı?

Mən valideyn olaraq məktəbin qərarından narazıyam. Övladıma qarşı haqsızlıq olduğunu düşünür və ədalətli imtahan tələb edirəm. Bunun üçün hara şikayət etməliyəm?! Ədalətli, açıq imtahanı kim, hansı qurum keçirə bilər? Appellyasiyanı necə, hara verməliyəm?!

“Kəsilənlər” (birinci sinfə hazırlaşan uşağın haqqında bu sözü işlətmək dəhşətlidir) üçün appellyasiya imkanı bütün hallarda olmalıdır da, elə deyilmi? Həm də məktəbin özündə yox, kənar, ondan qorxmayan bir qurumda. İndiyə qədər öyrənə bildiyim, amma məni heç cür qane etməyən yeganə məlumat bu olub ki, “o məktəbin direktoru heç kimi saymır”. Amma hər halda, məktəbdən yuxarıda hansısa instansiya olmalıdır axı, elə deyilmi? Necə ola bilər ki, bir ölkədə əlahiddə götürülmüş məktəb özü üçün “muxtar respublika” yaratsın, özünün fərqli və fərdi qanunları, güc orqanları, üstəlik, ülyahəzrət kraliçası olsun?!

Bu məktəbin işinə, keçirdiyi imthanlara nəzarət edən qurum hansıdır? Ümumiyyətlə, varmı belə bir qurum? Anladığım qədər, Təhsil Nazirliyi deyil. Bəs rəsmi qaydada hara üz tutum? Ağlıma “Potteriana”dakı Magiya Nazirliyindən başqa heç nə gəlmir.

Mən əsla bu məsələni ictimailəşdirməkdə maraqlı deyiləm. Sadə vətəndaş kimi əlaqədar orqanlara müraciət etməyi daha üstün tutardım. Dərd ondadır ki, ölkədə bu işlə bağlı “əlaqədar orqan” yoxdur. Olsa-olsa əlaqədar cinsi orqan var, o yerə də hələ ki, gəlib çıxmamışıq.

Yaxşı, bəs şikayətimizi hara edək, dərdimizi kimə deyək?

Heç hara, heç kimə. Ədalətsizliklə barışıb, oturmaq lazımdır. Ya da…

“Haqqını bərpa etməyin sivil yolu” deyiləndə ağla məhkəmə gəlir. Bakı Avropa Liseyini keçirdikləri ədalətsiz sınağa, uşaqlara vurduğu mənəvi ziyana görə məhkəməyə verməyi düşünürəm. Bu işin perspektivi varmı?! Hüquqşünas dostların rəyi (lütf göstərsələr, dəstəkləri də) çox faydalı olardı.

Təhsillə bağlı hər şey aydındır. Ümid qalır qanunlara və məhkəməyə…

Ölkədə haqqını bərpa etməyin işlək sivil yolu varmı?

Görəcəyik!”.

Qeyd edək ki, mövzu sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

Bakı Avropa Litseyinin birinci sinifə qəbul olmaq istəyən uşaqlara “Atan, anan ölsə, yetim qalsan, necə yaşayarsan”, “Insanlar çiçək olsaydılar, nədən danışardılar?” və s. bu kimi məzmunsuz suallar verməkdə bir məqsəd daşıdığı bildirilib. Liseyin keçirdiyi imtahanların formal xarakter daşıdığı, tanışlıq və rüşvət yoluyla şagird qəbul etdiyi barədə iddialar səsləndirilib.

İddialarla bağlı Bakı Avropa Liseyinin mövqeyinə gəlincə, oraya etdiyimiz zənglər cavabsız qaldı. Bütün hallarda qarşı tərəfin də fikirlərini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.