Onlar TOPLU HALDA YOLA SALINIR... - İLGİNC GƏLİŞMƏ

25-07-2023, 17:09           
Onlar TOPLU HALDA YOLA SALINIR... - İLGİNC GƏLİŞMƏ
Payız aylarında Azərbaycanda referendum keçiriləcəyi barədə məlumat yayılıb. Müzakirə olunan məsələlər arasında ən çox diqqət çəkən inzibati-ərazi bölgüsündə dəyişiklik və icra hakimiyyəti sturukturlarının ləğvidir.

Qeyd edək ki, icra hakimiyyəti sturukturlarının ləğvi məsələsi uzun illərdir müzakirə olunur. Zaman-zaman bu məsələyə toxunan ekspertlər ölkənin inzibati-ərazi bölgüsünün dəyişdirilməsinin zəruri olduğunu qeyd edib.

Hesab olunur ki, mərkəzdən təyin olunacaq nümayəndələr tərəfindən idarə ediləcək vahidlərin sayının azaldılması həm dövlət resurslarının daha qənaətcil istifadə edilməsinə, həm də ərazilərin inkişafında tarixi-coğrafi əlaqələrin insitutlaşmasına səbəb ola bilər.

Məlumat üçün bildirək ki, icra hakimiyyətlərinin ləğvi ilə bağlı müzakirələr yeni deyil. 2021-ci ilin yanvar ayının 19-da dövlət başçısının imzaladığı fərmanla işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri institutu yaradılıb. Fərmanda qeyd olunub ki, məqsəd işğaldan azad edilmiş ərazilərin dirçəlişi istiqamətində quruculuq, bərpa və yenidənqurma işlərinin sürətləndirilməsi, bu hədəfə nail olunmasında dövlət orqanlarının (qurumlarının) və digər təşkilatların əlaqələndirilmiş fəaliyyətinin gücləndirilməsi, habelə idarəetmədə çevikliyin və səmərəliliyin artırılmasıdır.

Artıq işğaldan azad edilən bəzi rayonlara xüsusi nümayəndələr təyin edilib. Bundan başqa, dövlət başçısı Naxçıvana prezidentin səlahiyyətli nümayəndəsini təyin edib. Prezident İlham Əliyev mart ayında yeni idarəetmə modelinin bütün ölkə üzrə tətbiq olunmasının anonsunu verib: "Bu ərazilərdə, eyni zamanda yeni idarəetmə üsulu da tətbiq edilməlidir və edilir. Gələcəkdə bu, yeni idarəetmə modeli kimi ölkəmizin bütün digər hissələrində də tətbiq edilməlidir. Yəni bu, həm böyük quruculuq işləridir, həm də yeni idarəetmə üsuludur. Əminəm ki, bu, təkcə azad edilmiş ərazilərin yox, bütövlükdə ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verəcəkdir".

TEREF.AZ-ın məlumatına görə, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev isə “Sherg.az”a açıqlamasında deyib ki, icra hakimiyyətlərinin ləğv edilərək onların vəzifəsinin səlahiyyətli nümayəndələr verilməsi arzuolunan haldır. İşğaldan azad olunan ərazilərdə özünü doğruldan inzibati ərazi bölgüsü respublikanın digər ərazilərində də həyata keçirilməlidir.

Əhalinin icra nümayəndələrinə qarşı inamsız olduğunu vurğulayan hüquq müdafiəçisinin sözlərinə görə, müxtəlif illərdə icra hakimiyyətlərində həyata keçirilən antikorrupsiya tədbirlərindən sonra bu struktur nüfuzunu tamamilə itirib: “Ölkə başçısının icra başçılarına verdiyi icra tövsiyələri, vəzifə funksiyaları bir kənarda qalıb, onlar rəhbərlik etdikləri rayonlarda özləri üçün mikro mühit yaradıb, vəzifə səlahiyyətlərindən istifadə edib pul qazanırlar”.

Bələdiyyələrlə yerli icra hakimiyyətlərinin funksiyalarının üst-üstdə düşdüyünü xatırladan Ə.Nuriyevin sözlərinə görə, icra hakimiyyətlərini ləğv edib, bələdiyyələrin səlahiyyətini artırmaq lazımdır: “Artıq yerlərdə idarəetmənin başqa formasına keçməliyik, yəni inzibati idarəetmə forması dəyişməlidir və vilayət bölgüsü barədə düşünməliyik. Yerlərdə bir proses də ondan ibarətdir ki, bütün mərkəzi icra hakimiyyətlərinin regional qurumları yaradılır. Bu reginal qurumlar da əslində, regional idarəetmə formasını zəruri edir. Çünki həddindən artıq mərkəzləşmə bu cür mütləq hakimiyyətin yaranması imkanlarını da yerlərdə genişləndirə bilər. İslahatlar tam olaraq bu qurumları da əhatə etməlidir. Onu da qeyd etmək lazımdır ki, son zamanlar yerlərdə çox güclü infrastruktur yaradıldı və bəzi rayonlarda infrastrukturun yaranması ilə bağlı məsələlərdə yenə də icra başçıları müsbət rol oynaya bilmədilər. Bir çox rayonların siması əhəmiyyətli dərəcədə dəyişsə də, bəzi rayonlar bundan uzaq qaldı. Əlbəttə ki, burada da yerli icra hakimiyyətləri başçılarının günahları var. Ona görə də yerlərdə daha çevik və daha məsuliyyətli idarəetmə formalaşdırmaq lazımdır”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.