“Asan İmza” da niyə problemlər yaranır? -EKSPERT ŞƏRHİ

26-07-2023, 08:24           
“Asan İmza” da niyə problemlər yaranır? -EKSPERT ŞƏRHİ
Bu gün yenidən “Asan imza” problemi ilə bağlı bir çox dövlət və bank xidmətlərindən, ödəniş sistemlərindən istifadə etmək mümkün olmayıb.

Bu səbəbdən e-taxes portalından, Mobil Notariat-dan və E-məhkəmədən, MİDA-dan istifadədə problemlər yaşanıb. Qurumlar bununla bağlı açıqlamalar veriblər. Cari ildə bu tip hallar bir neçə dəfə baş verib.

Artıq neçənci dəfədir ki, Asan imza-da yaranan bu tip problemlər ucbatından digər xidmətlərdən istifadə mümkünsüz olur.
Hamı oturub gözləyir ki, nə zaman Asan imza məsələsi “asanlaşacaq”.

Asan imza-ya nəzarəti həyata keçirən Dövlət Vergi Xidməti son zamanlar öz resurslarını köklü surətdə yeniləməklə məşğuldur.
Yeni resurslar formalaşdırır.
Düşünmək olar ki, baş verənlər həm də aparılan bu tip yeniləmələrlə bağlıdır.

Problemin ciddiliyi və kütləviliyi isə ondan ibarətdir ki, hələlik bir çox sahələrdə Asan imza inhisarçılığı davam edir

Dövlətin digər bir identifikasiya vasitəsi, SİMA rəqəmsal imzası bir xeyli müddət öncə yaradılsa da maralıdır ki, onun sahibi olan RİNN, AzİnTelecom inteqrasiyanı başa çatdıra bilməyib.

Güman ki, müqavimətlər də var.

Hələ də sahibkarlıq sektoru, hüquqi şəxslər, vergi ilə bağlı xidmətlər, vergi hesabatları, bir çox ödəniş sistemləri SİMA-ya inteqrasiya olunmayıb. Yalnız Asan imzadan istifadə edib bu xidmətləri almaq olar.

Odur ki, Asan imza ilə problemi olan sahibkar, biznes qurumu vergi məsələləri və digər əməliyyatlarla bağlı SİMA-dan istifadə edə bilmir.

Bir daha qərar qəbul edənlərin diqqətinə çatdırıram ki , dövlət resurslarının, strateji əhəmiyyət kəsb edən xeyli dövlət sistemlərinin, sahibkarlıq və biznes əməliyyatlarının yalnız “Asan imza” üzərində “oturması”, yalnız bir identifikasiya vasitəsindən asılılıq ciddi risklər yaradır.

Bunun belə davam etməsi təhlükəsizlik baxımından da doğru bir yanaşma deyil.
Xüsusilə də bu resursun xarici bir identifikasiya vasitəsi olması fikrimcə əlavə risklər yaradır.

Düşünürəm ki, İqtisadiyyat Nazirliyi, RİNN, Antiinhisar Xidməti, həmçinin kritik infrastruktura cavabdeh olan DTX və XRİTDX bu haqda ciddi düşünməlidir.

Bu sahədə təhlükəsiz, rəqabətli, daha əlçatan və dayanıqlı mexanizmlər hazırlanmalıdır.

Osman Gündüz












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.