Rəsmi Moskva Japarova qarşı müharibəyə başladı - ŞƏRH

26-07-2023, 09:14           
Rəsmi Moskva Japarova qarşı müharibəyə başladı - ŞƏRH
Rusiya diplomatik dairələri Qırğızıstanda dövlət dili haqqında qanunun qüvvəyə minməsini rusdilli vətəndaşların hüquqlarını pozan sənəd kimi səciyyələndirib. Xarici işlər naziri Sergey Lavrov bu qanuna çox ağrılı reaksiya verib.

Bir ay əvvəl Joqorku Keneşin deputatları tərəfindən qəbul edilən və bir gün əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov tərəfindən imzalanan qanunun yeni redaksiyasına əsasən, ölkənin bütün dövlət və bələdiyyə işçiləri və vəzifəli şəxsləri, o cümlədən Joqorku Keneşin deputatları dövlət dilini, yəni qırğız dilini bilməlidir. Bu dil ofis işlərində və normativ hüquqi aktların işlənib hazırlanmasında, habelə beynəlxalq müqavilələrin bağlanmasında əsas olmalıdır.

Eyni zamanda, qanun təkcə qırğız dilinin istifadə dairəsinin əhəmiyyətli dərəcədə genişləndirilməsini deyil, həm də “dil müvəkkilləri” institutunun tətbiqini nəzərdə tutur. Beləliklə, qanunun həyata keçirilməsinə nəzarət edəcək bir orqan yaradılacaq. Sənədə görə, radio və televiziyada efir vaxtının ən azı 70%-i qırğız dilindəki proqramlar əhatə edəcək.

Qeyd edək ki, rəsmi olaraq Qırğızıstanda rus dilində danışanların sayı 2 milyon nəfərə çatır ki, bu da ölkə əhalisinin demək olar ki, 30%-ni təşkil edir. Üstəlik, xeyli sayda qırğız Rusiyada əmək miqrantı kimi işləyir və rus dilində danışır. Bu isə təxminən təxminən 800 min nəfər deməkdir.

Xatırladaq ki, rəsmi olaraq Qırğızıstanda milli dillə bağlı bu təşəbbüs hələ 2021-ci ilin oktyabrında, Japarov hakimiyyətə gələndə ictimai müzakirəyə çıxarılıb və hətta o zaman bu, ilk növbədə Rusiyada ciddi tənqidlərə səbəb olub. Bir ilə yaxın idi ki, sənəd Joqorku Keneşdə ilişib qalmışdı.

Məlum olduğu kimi, Qırğızıstanda rus dilinin statusu ilə bağlı mübahisə 20 ildən artıq davam edib. Müxtəlif vaxtlarda təkcə Qırğızıstanla Rusiya arasında deyil, həm də hakimiyyət orqanları ilə milli vətənpərvərlər arasında münaqişə predmetinə çevrilib. Japarov bu addımı atmaqla Qırğızıstandakı milli vətənpərvərlərin dəstəyini qazanıb ki, bu da ona son dərəcə vacibdir. Çünki bu yaxınlarda məhz qırğız vətənpərvərləri Japarovu Kempir-Abad su anbarının Özbəkistana verilməsi ilə bağlı milli maraqlara xəyanətdə ittiham etmişdi.

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun indiki reaksiyası Qırğızıstanda çaşqınlıq yaradıb. Çünki 2023-cü il ərzində rəsmi Bişkek getdikcə Moskvaya yaxınlaşmışdı. Məhz elə bu səbəbdən idi ki, Kreml Qırğızıstanın “de-rusiyasına” yönəlmiş dil haqqında qanunun hazırlanmasından heç bir narazılığını bildirməmişdi.

Analitiklər hesab edirlər ki, Lavrovun sərt bəyanatı təkcə dil haqqında qanunla bağlı deyil. Belə ki, ölkədə müxtəlif qeyri-hökumət təşkilatlarının (QHT) və ictimai birliklərin fəaliyyətini tənzimləyən daha bir qalmaqallı qanun layihəsinin qəbulu bu ilin payızına qədər təxirə salınıb.

Ehtimal olunur ki, parlamentarilərin bu qərarı rəsmi Kremli məyus edib. Məlum olduğu kimi, Qırğızıstan Prezidenti Sadır Japarov Rusiyaya səfəri zamanı çox yüksək səviyyədə qarşılanmışdı. Hələ o vaxt siyasi analitiklər cənab Japarovun Böyük Vətən Müharibəsində qələbənin 78-ci ildönümü ilə bağlı hərbi paradda təntənəli iştirakını onunla əlaqləndirmişdilər ki, rəsmi Moskva QHT və ictimai birliklərin fəaliyyətini məhdudlaşdıran qanunun mətnini tam bəyənib.

Yəqin elə buna görədir ki, qırğız dili ilə bağlı ali sənəd rus jurnalistləri, təbliğatçıları və politoloqları tərəfindən nədənsə aqressiv qarşılanmır. Yeri gəlmişkən, QHT və ictimai birliklərin fəaliyyətini məhdudlaşdıran sənəd ABŞ və bir sıra Avropa dövlətlərinin Qırğızıstanın daxili işlərinə müdaxilə alətlərini faktiki olaraq aradan qaldıracaq. Rusiya tərəfi ümid edirdi ki, şəxsən Japarov və onun nəzarətində olan Joqorku Keneş kollektiv Qərbin təzyiqinə məhəl qoymayacaq və qanun layihəsini hazırkı variantda qəbul edəcək.

Bu baxımdan, üstünlük təşkil edən fərziyyə ondan ibarətdir ki, hazırda Moskva Qırğızıstan hakimiyyətinə və şəxsən Japarova qarşı bir növ informasiya müharibəsinə başlaya bilər. Bu müharibəni isə Kreml Lavrovun dili ilə elan etdi. Məqsəd rəsmi Bişkek üzərində Moskvanın gücünü və təsirini göstərməkdir.

KONKRET.az-ın ARAŞDIRMA QRUPU












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.