Azərbaycanda orduya çağırış yaşı artırılacaq? - hərbi ekspertdən maraqlı təklif

26-07-2023, 10:35           
Azərbaycanda orduya çağırış yaşı artırılacaq? -
“Bizdə də yaş həddi 20-yə qaldırılmalı, ali təhsillilərin xidmət müddəti 6 aya endirilməlidir...”
Rusiya Dövlət Dumasının hərbi xidmətə çağırış yaşının artırılması haqqında qanun layihəsinə ikinci, əsas oxunuşda baxacağı gözlənilir. “Report”un məlumatına görə, söhbət Dövlət Dumasının Müdafiə Komitəsinin sədri Andrey Kartapolovun başçılıq etdiyi bir qrup deputatın mart ayında palataya təqdim etdiyi qanun layihəsindən gedir.

Duma sənədi iyunda birinci oxunuşda qəbul edib. İlkin olaraq təşəbbüs “Hərbi vəzifə və hərbi xidmət haqqında” və “Alternativ mülki xidmət haqqında” qanunlarda hərbi xidmətə çağırış yaşının mərhələli şəkildə hazırkı 18 yaşdan 21 yaşa qaldırılmasını nəzərdə tuturdu.

Çağırış yaşının yuxarı həddinin 30 yaş (hazırda 27 yaşdır - qeyd) müəyyən edilməsi təklif edilib. Birinci oxunuşda qəbul edilən qanun layihəsinə əsasən, 2024-cü ildə çağırış yaşının 19 yaşdan 30 yaşa, 2025-ci ildə 20 yaşdan 30 yaşa, 2026-cı ildə 21 yaşdan 30 yaşadək müəyyən edilməsi təklif edilib. İkinci oxunuşda qanun layihəsi üzərində iş zamanı Dövlət Dumasının Müdafiə Komitəsi düzəlişi dəstəkləyib, ona görə hərbi yaşın aşağı həddi 18, yuxarı həddi isə 30 yaş olaraq qalıb. Belə ki, 2024-cü il yanvarın 1-dən hərbi xidmətə çağırış yaşı 18 yaşdan 30 yaşa qədər ola bilər.

Yeni qanun Rusiya kimi dövlətə, onun ordusuna nə verəcək? Azərbaycanda da çağırış yaşının artırılması mümkünmü?

Məlumdur ki, ölkəmiz NATO (Türkiyə) tipli orduya keçidi hədəfləyib. Bu tip ordularda, o cümlədən qardaş Türkiyədə çağırış yaşı neçədir? Bəs peşəkar orduya keçid imkanlarımız hansı səviyyədədir?

Hərbi polisin sabiq rəisi, polkovnik Rövşən Məhərrəmov Rusiyadakı qanunu doğru sayır: “Rusiya Dumasında bu məsələyə baxılır. Yaş həddini 18 yaşdan 20-yə qaldırmaq planda var. Gənclərin bəziləri ali məktəblərdə təhsil alırlar. Onlar da nəzərdə tutulur. Hərbi xidmətdən yayınanlar da var. Hesab edirəm ki, bu normaldır. Çünki 20 yaş normal sayılır.

Son Rusiya-Ukrayna savaşında anaların etirazları oldu. Cavanların savaşa cəlb edilməsi etirazla qarşılandı - baxmayaraq ki, Müdafiə Nazirliyi çağırışçıların müharibəyə cəlb olunmayacağını elan etmişdi. Amma sonradan sübut olundu ki, 18 yaşlılar arasında da ölənlər çox olub. Halbuki onlar çox təcrübəsiz idilər. Məktəbi bitirən kimi elə ağır savaşa onları göndərmək heç bir halda doğru deyildi. Dünənki məktəbli bu gün orduya çağırılır, 3 il keçməmiş müharibəyə göndərilir. Görünür ki, Rusiyada ağıllı insanlar bunu nəzərə alıblar. Yaş həddinin 30-a qaldırılması təklifi çox doğrudur. Köhnə sovetlər dövründə - Pribaltika ölkələri istisna - yaş həddi 18 idi. Ola bilər ki, son dönəmlərdə bəzilərində müəyyən dəyişikliklər olsun".

Hərbi ekspert Türkiyə ilə bağlı da danışdı: “Qardaş ölkədə 1927-ci ildə qanun qəbul olunmuşdu. Bu qanuna əsasən, 20 yaşdan 41 yaşa qədər çağırış müddəti idi. 2019-cu ildə Türkiyədə də dəyişiklik olundu. Xidmət müddəti əsgərlər üçün 6 ay müəyyən edildi. Zabitlər üçün bu müddət bir il oldu. Pullu xidmət də nəzərdə tutuldu. Bu da onunla bağlı idi ki, başqa ölkələrdə yaşayıb Türkiyə vətəndaşları olanlar var. Onlardan kimlər xidmət etmək istəmirsə, qarşılığında pul ödəməlidir. Amma 2 həftədən 2 aya qədər onlara da təlim keçirilir. Onlar ehtiyata qeydiyyata alınırlar”.

Azərbaycana gəlincə, hərbi ekspert dedi: “Azərbaycan Türkiyə modelinə keçir. Bunu da ölkəmizdə çox vacib məsələlərdən biri kimi hesab edirəm. Çünki 18 yaşındakı çağırışçı məktəbi təzəcə başa vurub, çox cavandır. Ali məktəbə qəbul olanlar bu məktəbi bitirdikdən sonra orduya çağırılır. Qəbul olmayanlar isə 18 yaşında orduya aparılır. Bu yaş həddi də çox aşağıdır. Hesab edirəm ki, Azərbaycanda da yaş həddi 20-yə qaldırılmalıdır. 2002-ci ilə qədər ölkəmizdə çağırış müddəti 18 yaşdan 27-yə qədər idi. Amma 21 il öncə hərbi xidmətdən keçmə ilə əlaqədar qanunlarımızda dəyişiklik olundu. Bu yaş həddini 18-dən 35-ə qədər qaldırdıq. Bilirsiniz ki, 1-ci Qarabağ savaşında xidmətdən yayınanlar, xidmətdən yayınıb xaricdə yaşayanlar da var idi. Onlara imkan yaradıldı ki, 25 yaşa qədər gəlsinlər, öz borclarını yerinə yetirib xidmət etsinlər. Təcrübə onu göstərir ki, 30 yaşdan yuxarı hərbi xidmət keçməyənlər olduqca az olub. Artıq yaş həddini 30-a endirməli, 18 yaşı da 20-yə qaldırmalıyıq.

20 yaşlı gəncin beynində sərbəstlik yaranır ki, bu da orduda komandirlərin işində onlara bir köməkdir. Onlar arasında cüssəcə çox zəiflər də olur. Hesab edirəm ki, təhsillilərin xidmət müddətini 6 aya endirmək lazımdır. Olmayanların isə müddəti bir ilə endirilsə çox yaxşı olardı. Biz artıq müharibədə qalib gəlmişik. Mütəxəssis hazırlamaq üçün 6 ay kifayət edir. Orduda ən müxtəlif sahələrin mütəxəssisi olmaq üçün 6 ay elə də az müddət deyil. Ehtiyata buraxıldıqdan sonra o artıq Azərbaycan Ordusunun ehtiyatda olan mütəxəssisi sayılır.

Müqavilə əsasında orduda xidmət edənlər kifayət qədər çoxdur. Komando hərbi birləşmələri yaradılıb. Əsgərliyə gedib xidməti başa vurduqdan sonra orduda qalmaq istəyənlərə geniş imkanlar yaradılır. Alternativ xidmət də çox müsbətdir. Bu xidməti ona görə vurğuladım ki, arxa cəbhədə, hərbi hospitallarda, təchizatda bu xidmət çox vacibdir. Müəyyən pul köçürülür və qeyd etdiyim yerdə alternativ xidmət həyata keçirilir. Hesab edirəm ki, qardaş Türkiyədə olduğu kimi, pullu xidməti də nəzərdən keçirmək lazımdır. Xidmətə yararsız, zəif olanlar var. Amma həm də bunu o şərtlə etmək lazımdır ki, 2 həftədən 2 aya qədər onlar təlim keçsinlər. Bu müddəti ona görə deyirəm ki, elə biri ola bilər ki, səhhəti ilə əlaqədar 2 ay yox, məsələn, 1 ay təlimlərdə iştirak edə bilər, yaxud da yarım ay. Qardaş Türkiyədə belədir".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.