Rusiyanın iddialı planı iflasa uğrayır: Azərbaycan və Qazaxıstan... - "The Moscow Times”

27-07-2023, 10:48           
Rusiyanın iddialı planı iflasa uğrayır: Azərbaycan və Qazaxıstan... -
Kremlin Rusiyanı Çindən Avropaya uzanan yeni "ipək yolu”nun bir hissəsinə çevirmək kimi iddialı planları iflasa uğrayır. 2023-cü ilin birinci yarısında keçmiş SSRİ respublikalarının ərazisindən keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) ilə Çindən Aİ-yə tranzit daşımaların həcmi 77% artaraq 1,3 milyon tona çatıb.

Bu barədə "The Moscow Times” məlumat yayıb.

Nəşr DKNEWS-a istinad edərək yazır ki, bu cür məlumatlar Qazaxıstan və Azərbaycanın dəmir yolu administrasiyaları rəhbərlərinin Qazaxıstan yükgöndərənləri və ixracatçıları ilə görüşündə təqdim edilib.

Çindən başlayan TBNM Qazaxıstan, Xəzər dənizi, Azərbaycan və Gürcüstandan keçir, buradan mallar dəniz yolu ilə Türkiyə vasitəsilə Avropa ölkələrinə çatdırılır.

İyunun sonunda Qazaxıstan, Gürcüstan və Azərbaycanın milli dəmir yolu operatorları Çin şirkətlərinin Rusiya Federasiyası ərazisindən tranzit keçməsi üçün alternativə çevrilmiş marşrutun inkişafının sürətləndirilməsi məqsədilə birgə müəssisə haqqında saziş imzalayıblar.

Qazaxıstanın baş naziri Əlixan Smailov Gürcüstana səfərindən sonra bildirib ki, vahid logistika şirkəti TBNM-də nəqliyyat proseslərini sadələşdirəcək və Çin mallarının Avropa bazarına çatdırılma müddətini 10-15 gün azaldacaq.

"Infoline Analytics"in baş direktoru Mixail Burmistrov daha əvvəl hesablayıb ki, Çindən Rusiya vasitəsilə Avropaya tranzit keçən il 30% azalıb. UTLC ERA (Rusiya Dəmir Yolları, Belarus və Qazaxıstan dəmir yollarının birgə müəssisəsi) tərəfindən həyata keçirilən daşımaların həcmi müharibənin ilk aylarından kəskin şəkildə azalmağa başlayıb.

Yanvarda daşımaların həcmi 57 827 TEU (20 futluq konteynerin ekvivalenti) idisə, apreldə cəmi 31 987 TEU olub. "Çin Rusiya vasitəsilə dəmir yolu ilə Belarusa çatdırılmalarını davam etdirəcək, lakin aydındır ki, Avropa yaxın gələcəkdə Rusiya vasitəsilə Çinə mal daşıya bilməyəcək", deyə Burmistrov qeyd edir. //Qaynarinfo//












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.